Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-07 15:43:00
Fənn olimpiadaları şagirdlərə nə qazandırır? – “Əgər onları vaxtında aşkarlasaq...”  

İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və  təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır.

Burada əsas  məqsəd şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq və ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməkdir. 

Fənn olimpiadaları IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. 

I-III yerlərin qalibləri diplom və medallarla, IV yerin qalibləri isə tərifnamələrlə təltif edilirlər. 

Hər il keçirilən fənn olimpiadaları məktəblilərə, onların gələcək təhsilinə nə qazandırır? 

“Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə 8 fənn üzrə keçirilir. Vacib bir məsələni qeyd edim ki, son illər istedadlı uşaqların aşkar və onların mövcud potensiallarından məqsədyönlü istifadə edilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib”. 

Bu sözləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, istedadlı uşaqlarla iş və bu istiqamətdə görülən müxtəlif yarış, müsabiqə, yerli və beynəlxalq fənn olimpiadaları ümumi təhsilin bir hissəsini təşkil etməklə ən əsas sahələrdən biri olaraq qalmaqdadır: 

“İstedadlı şagirdləri vaxtında aşkar etməklə, onları qabiliyyətlərinə uyğun istiqamətləndirməklə gələcəkdə ölkə üçün güclü elm adamları, mühəndislər, iqtisadçılar, həkimlər və ixtisasından asılı olmayaraq fərqli düşünən, analiz qabiliyyəti çox yüksək olan mütəxəssislərin yetişməsinə nail olmaq mümkündür. Fənn müsabiqələrinin məntiqi nəticəsi istedadlı uşaqları kəşf etməkdir. Aydın məsələdir ki, istedadları daha erkən yaşlarda kəşf ediləcəyi təqdirdə şagirdlərin zəruri hazırlığının artırılması istiqamətində ciddi işlərin aparılması mümkün olacaq. 

Ölkə başçısı tərəfindən təhsilə yüksək səviyyədə göstərilən diqqət və qayğı gələcəyimiz olan gənc nəslin hərtərəfli və peşəkar mütəxəssis kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır. Bu mənada Təhsil Nazirliyinin istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində məktəblilərimiz respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edir və uğurları ilə təhsilimizə töhvələrini verirlər”. 

Ekspert bildirib ki, məktəblilərin əldə etdikləri uğurlara əsasən, qətiyyətlə  onların elmi potensialının yüksək olduğunu demək olar:

“İndi onların sorağı ABŞ, Çin, Koreya, Türkiyə, Rusiya və Avropanın digər ölkələrinin nüfuzlu universitetlərindən gəlir. Respublikamızda keçirilən olimpiadalarda qalib gələn şagirdlər dünya olimpiadalarına göndərilir. Onlar orda da qalib gələndə istədikləri universitetlərə imtahansız qəbul olmaq şansı əldə edirlər”. 

Qeyd edək ki,bu gün inormatika fənn olimpiadasının final turudur.