Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-12 15:47:00
Təbriz Azad İslam Universitetinin rektoru Əhliman Əmiraslanovla görüşdü

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov İran İslam Respublikasının Təbriz Azad İslam Universitetinin rektoru, professor Əziz Cavanpouru və onu müşayət edən şəxsləri qəbul edib.

Qəbulda həmçinin AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Azad İslam Universitetinin Azərbaycanda tibb təhsili üzrə nümayəndəsi Dr. Əmini Tabrizi, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları iştirak ediblər.

 AzEdu.az Modern.az-a istinadla xəbər verir ki, akademik Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin AMEA-nın strukturunda önəmli rolu, əsas tədqiqat istiqamətləri, xüsusilə də Azərbaycanda tibbi-genetika və onkologiya sahəsində əldə edilmiş elmi və təşkilati nailiyyətlər barədə qonaqları məlumatlandırıb. O, İran İslam Respublikasının elm və təhsil müəssisələri ilə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu bildirib, bu əlaqələrin daha da genişlənməsi və dərinləşməsində marağını dilə gətirib.

 Öz növbəsində professor Əziz Cavanpour  qəbula görə təşəkkür edib, İranda və dünyada böyük nüfuza malik olan və hazırda 53000 tələbənin təhsil aldığı universitet, onun fakültələri, elm və təhsil strategiyası, nailiyyətləri barədə məlumat verib. O, Genetik Ehtiyatlar İnstitutunun rəhbərliyi və alimləri ilə keçirdikləri görüşlərin faydalı olmasından məmnunluğunu ifadə edib.

 Daha sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutları və Azərbaycan Tibb Universitetinin Onkologiya klinikası ilə Təbriz Azad İslam Universiteti arasında elmi əlaqələrin gələcək perspektivləri, birgə tədqiqatların mümkün istiqamətləri müzakirə olunub. Professor Əziz Cavanpour akademik Əhliman Əmiraslanovu Təbriz Azad İslam Universitetini ziyarət etməyə dəvət edib.