Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-12 14:05:00
Bu gün 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatır  

Bu gün 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (“EduExpo”) başa çatır.

AzEdu.az xəbər verir ki, oktyabrın 12-də sərgi çərçivəsində Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş keçiriləcək.

Bununla yanaşı, “Landau School” və “Leznik&Co” şirkətlərinin həmtəsisçisi Emil Leznik, “Dərs Evi” təhsil mərkəzinin ictimaiyyət və dövlət qurumları ilə əlaqələr üzrə meneceri Elvira Bağırova, “You will speak” təhsil mərkəzinin direktoru Günay Rəsulova, “CELT Colleges” dil kurslarının direktoru Baba Kərimli və “Motivated Outstanding Mothers” təşkilatının təsisçisi Aysel Hüseynovanın iştirakı ilə “EduTalks” – “Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər” adlı müzakirə paneli təşkil olunacaq. Ekspertlər bu panel çərçivəsində sərgi auditoriyası ilə “canlı” dialoq formatında müasir təhsil xüsusunda öz fikirlərini bölüşəcəklər.

Həmçinin Rusiya ali təhsil müəssisələrinin təqdimatı olacaq.

Sərginin sonuncu iş günündə məktəblilər üçün “Fibonaççi”, “Babil qüllələri” və “Octopus” kimi bir sıra intellektual oyunlar keçiriləcək.

Xatırladaq ki, sərgiyə 22 ölkədən 150-dən çox iştirakçı qatılıb. Builki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.

Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. İştirakçılara “Rəqəmsal bacarıqlar”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir” tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunur.

“EduExpo 2019” sərgisində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt, Gəncə, Lənkəran Dövlət universitetləri və digər ali təhsil müəssisələri iştirak edir.

Bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edirlər. Eyni zamanda, Avropa İttifaqının birləşmiş stendi debüt edir. Türkiyə sərgidə milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur.

Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır. Sərgiyə giriş IX-XI sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır. (Azərtac)