Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 17:49:23
İsa Həbibbəyli AMEA-nın xeyirxahlıq və humanizm nümunəsidir  

Dünyada elə şəxsiyyətlər var ki, onlar millətin inkişafı naminə gördüyü işlərlə, öz həyat və yaradıcılıqları ilə təkcə bir nəslin yox, bir neçə nəslin formalaşmasında mühüm rol oynayır. Bu insanlar bütün həyatını müəyyən bir amal üzərində qurur, daim axtarışda olur, öz fəaliyyətləri ilə xalqın yoluna işıq salırlar. Belə şəxsiyyətlərdən biri də Azərbaycan ədəbiyyatı tarixinin görkəmli nümayəndələrindən olan, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylidir. Oktyabrın 16-da böyük alim ömrünün 70-ci ilinə qədəm qoyur.

O, 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1980-ci ildə “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik, 1996-cı ildə isə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Akademik İsa Həbibbəyli XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının nümayəndələrinin, bir çox görkəmli yazıçılarımızın irsinin tədqiqatçısıdır. Alimin tədqiqat obyekti olan yazıçılar arasında ilk yerdə Mirzə Cəlil Məmmədquluzadənin adı gəlir. O, “Cəlil Məmmədquluzadə. Cümhuriyyət”, “Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma”, “Cəlil Məmmədquluzadə: taleyi və sənəti” kimi kitablarda böyük yazıçının keşməkeşli həyatını və zəngin yaradıcılığını dərindən araşdırıb. Təsadüfi deyil ki, C.Mәmmәdquluzadәnin nәsil şәcәrәsini də ilk dəfə olaraq akademik İsa Hәbibbәyli araşdıraraq әdәbi-elmi ictimaiyyәtә təqdim edib.

İsa Həbibbəylinin əsl ziyalı, fədakar alim və vətənpərvər şəxsiyyət kimi formalaşmasında sözsüz ki, onun böyüyüb boya-başa çatdığı ailəsinin böyük rolu olub. Alimin atası Әkbәr bәy doğma kәndindә 50 ildәn artıq müәllimlik edib, tanınmış ziyalılardan biri olub. Ailəsində gördüyü düzgünlük, ədalət, zәhmәtsevәrlik kimi nəcib xüsusiyyətlər, elm və təhsilə verilən yüksək qiymət gәnc İsa Hәbibbәylini elm aləminə daxil olmağa və bu sahədə ucalmağa sövq edib.

Ədəbiyyatşünas alim 1996-2013-cü illərdə Naxçıvan Dövlәt Universitetinin rektoru vәzifәsindә çalışıb. Həmin illərdə bu ali məktəbin həyatında köklü müsbət dəyişikliklər baş verib, beynəlxalq əlaqələr genişlənib, humanitar vә ictimai elmlәrin inkişafı yönündə taleyüklü qərarlar qəbul edilib.

İsa Hәbibbәyli 2013-cü il aprel ayının 24-dən etibarən AMEA-nın vitse-prezidenti vәzifәsindә çalışır. O, eyni zamanda, Nizami adına Әdәbiyyat İnstitutunun direktorudur. Görkəmli alimin ölkənin ali elm ocağında fəaliyyətə başlaması ilə AMEA-da humanitar elmlərin inkişafında yeni bir mərhələ başlayıb. O, akademiyanın ictimai hәyatında yaxından vә fәal iştirak edərək bir sıra beynәlxalq elmi konfransların keçirilmәsinә, xarici ölkәlәrin elmi qurumları ilә әlaqәlәrin yaradılmasına mühüm töhfələr verib. Geniş elmi dünya görüşünə malik olması, elm yolunda böyük zəhmətsevərlik və məsuliyyət nümayiş etdirməsi onun nailiyyətlərinin əsas səbəbləridir.

Böyük alim Naxçıvandakı elmi-pedaqoji fəaliyyətini dayandırsa da, ürəyi daim doğma diyarı ilə döyünür. Naxçıvanın qədim tarixinə ruhən çox bağlı olan İ.Həbibbəyli bu gün də muxtar respublikada baş verən dəyişiklikləri, inkişaf tendensiyalarını yaxından izləyir. Akademik İsa Həbibbəylinin universal yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. O, “Naxçıvan tərənnüm olunur”, “Naxçıvan abidələri”, “Arpaçayı daşa bilməz” və s. kimi onlarla publisistik məqalənin müəllifidir. 

Uşaqlığı əfsanəvi Arpaçayın ətrafında yerləşən kənddə keçdiyindən alim bu dağ çayına mənən çox bağlıdır.  O, bir neçə dəfə öz müsahibələrində də Arpaçayın onun ruhunda böyük yer tutduğunu, bu çayın səsi ilə yataraq, onun səsi ilə oyandığını deyib. İsa Həbibbəylinin uşaqlığı ilə yanaşı, şəxsi taleyi və cəmiyyətə baxışının formalaşmasında, ədəbi düşüncəsinin zənginləşməsində də Arpaçayın böyük rolu olub. Alim bu çaya olan sevgisindən “Arpaçayı daşa bilməz” adlı mənsur poemanı yazıb.

Şairlik bir ədəbiyyatçı kimi sanki İsa Həbibbəylinin ruhuna hopub. Gənclik illərində alimin şeirləri respublika və rayon qəzetlərində işıq üzü görüb. Onun poetik yaradıcılığında dogma vətənə bağlılıq, azərbaycançılıq ruhuna rast gəlmək mümkündür.  “Azərbaycanım” şeirində alim vətənə olan sevgisini belə dilə gətirir:

 

Qulaq as, dünyanın ürək səsinə,

Gör ki, bu dünyanın marağıyam mən,

Nəzər sal, qocaman neft ölkəsinə,

O deyir: “Bəşərin çırağıyam mən”.

 

Səmimi və qayğıkeş insan olmaqla yanaşı, İsa Həbibbəylini Azərbaycan xalqına sevdirən ən gözəl xüsusiyyətlərindən biri də onun nikbin, mərhəmətli, humanist və xeyrixah olmasıdır. O, hər zaman yardımsevərlik nümayiş etdirərək insanlara əl tutur, ondan kömək istəyənləri geri çevirmir.

Fəaliyyətə yeni başlayan tədqiqatçıların və tələbələrin dostu, böyük bir ədəbi məktəbin yaradıcısı olan alim gənclərin elm sahəsində uğurlar qazanmasına böyük həssaslıqla yanaşır. Yeni nəslin vətənpərvər ruhda formalaşması, elmə maraq göstərməsi, cəmiyyət üçün faydalı bir insan kimi yetişməsi üçün əlindən gələni əsirgəmir.

Belə bir alimlə eyni dövrdə yaşamaq, onunla ünsiyyətdə olmaq imkanı mənim üçün böyük xoşbəxtlikdir. Jurnalist kimi fəaliyyət göstərdiyim müddətdə akademik İsa Həbibbəyli mənə dəstək göstərərək, gənc alim kimi formalaşmağımda böyük rol oynayıb. Hər zaman İsa Həbbibbəyli yaradıcılığını yaxından izləyərək, onun səlis və məzmunlu nitqini dinləyərək bəhrələnib, mənəvi qida almışam. Bütün bunlar məni ədəbiyyatla, jurnalistika və yazı sənəti ilə daha da bağlayıb.

Azərbaycanın elmi-ictimai həyatında İsa Həbibbəylini hər kəs parlaq zәka sahibi vә alicәnab şәxsiyyәt kimi tanıyır. Dəyərli alimimiz bu gün də yorulmaz fəaliyyəti, maraqlı tədqiqatları, yüksək prinsipiallığı və əsl vətəndaş mövqeyi ilə Azәrbaycan elminin inkişafına şәrәflә xidmәt edir.

Hörmətli İsa müəllim, sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm. İnanıram ki, hələ uzun illər bütün ədəbiyyatsevərlər, Azərbaycanın dilinə və tarixinə önəm verənlər və bütövlükdə elm ictimaiyyəti üçün enerji ilə yazıb yaradacaq, tarixin neçə-neçə açılmamış səhifəsini işıqlandıracaqsınız. Doğum gününüz mübarək! 

AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc tədqiqatçı, dissertant Nərgiz Qəhrəmanova