Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 14:12:00
“Repetitorluqla məşğul olan müəllimlər bunun qarşılığında direktorlara ödəniş edirlər” – Təhsil ekspertindən ittiham  

“Repetitora uduzan məktəb öz nüfuzunu yalnız o halda qaytara bilər ki, müəllim və şagirdlərinə nəzarətini gücləndirsin”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, hər bir müəllimin fəaliyyətinə nəzarət olunmalıdır.

“Müəllimlərə yüksək məvacib verərək onların məktəbdən kənar fəaliyyətinə nəzarət edilsin. Hər bir müəllim iş saatına kimi, yəni saat 17:00-dək məktəbdə olsun. Ən başlıcası isə yüksək səviyyədə təhsil versin”

Onun sözlərinə görə müəllimin əməkhaqqı yüksək olarsa, onlar qanuni iş vaxtında məktəbdə olsalar bu problem aradan qalxar.  Müəllimin iş vaxtı 17:00-a qədər olduğu halda onlar dərsləri bitən kimi məktəbdən çıxırlar.

“Müəllimlər saat 12-dən, 2-dən sonra məktəbdə taplmırlar. Direktorlar var ki, müəllimlərlə əlbir iş görürlər. Hətta məktəblərin özlərində müəllimlərin repetitorluqla məşğul olmasına şərait yaradırlar və həmin müəllimlər bunun qarşılığında bəzi direktorlara ödəniş edirlər”.

Mövzu ilə bağlı açıqlamasında Ağdam şəhər 91 nömrəli məktəbin direktoru Nemət Rüstəmli bildirib ki, məktəb heç vaxt tam mənasında repetitora uduzmur.

“Təhsilin bünövrəsi məktəbdə qoyulur. Heç bir repetitor sıfırdan uşaq hazırlamır. Şagirdin  əgər bünövrəsi yoxdursa, heç nəyə nail ola bilməz. Repetitor məktəbə qalib gəlsəydi, oxumağı, yazmağı bacarmayan zəif bir şagirdi irəli aparardı”.  

 O  qeyd edib ki, 8-9 cu siniflərə qədər şagirdlərin göstəriciləri, davamiyyəti, qiymətləri  yüksək səviyyədə olur. 

“Cəmiyyətdə belə bir  problem var ki, yuxarı siniflərə çatanda şagirdlər, valideynlər məktəbdən  uzaqlaşırlar. Artıq bu fikir dəb halını alıb ki, 9-cu sinifdən sonra məktəb şagirdi  hazırlaya bilməz. Bunun səbəbi odur ki, şagirdlər artıq hazırlığa getdikdən  sonra məktəbə soyuq yanaşır. Müəllimlər özləri də maraqlıdırlar ki, şagird onun yanına hazırlığa gəlsin”. 

Direktorun sözlərinə görə müəllimlər attestasiya olunub, nəticələrinə görə   maaşları fərqləndirilsə bu problem nisbətən aradan qaldırılar.

“Savadı biliyi olan müəllimlə,  nisbətən zəif müəllimin maaşı fərqlənməlidir. Məsələn,  imtahanda 80-90 faiz nəticə göstərən müəllimlə, 20 faiz nəticəsi olan  müəllimin maaşı fərqli olmalıdır ki, o da  əziyyət çəkib özünü inkişaf etdirə bilsin.  Bu fərqi təəssüf ki, diaqnostik qiymətləndirmədə görmürük. Təbii ki, bu təklif tam şəkildə repetitorluğun qarşısına ala bilməz. Amma  hər halda müəllimdə həvəs yaradar”.

Son dövrlərin pilot layihələrinin rolunu da vurğulayan direktor qeyd edib ki, belə məktəblərin yaradılması  repetitorluq fəaliyyəti tamamilə məhdudlaşdırır. 

“Bu tipli məktəblərdə  şagirdlər  10-11-ci siniflərdə  təmayül siniflərində oxuyurlar. Heç bir hazırlığa getmədən şagirdlər 600-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olur”- deyə N.Rüstəmli əlavə edib.

Ayşə Müseyib