Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 13:42:00
Təhsil Nazirliyi bu universiteti akkreditasiyadan keçirdi  

Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Təhsil Nazirliyinin 2011-ci il 26 aprel tarixli 656 nömrəli əmri ilə təsdiqlənmiş “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında 2018-2019-cu tədris ilində Azərbaycan Dillər Universitetinin (ADU) akkreditasiya qiymətləndirilməsi keçirilib və qiymətləndirilmənin nəticələri açıqlanıb.

Bu barədə AzEdu.az-a ADU-dan məlumat verilib.

Qərara əsasən, ADU akkreditasiyadan keçmiş hesab olunub və tipi ali təhsil müəssisəsi, növü universitet kimi müəyyənləşdirilib. Universitetin akkreditasiyasının etibarlılıq müddəti 2019-2024-cü tədris illəri üzrə müəyyən olunub. Eyni zamanda, universitetin təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) 2019-2024-cü tədris illəri üzrə mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə akkreditasiyadan keçmiş hesab edilib.

ADU-nun ali təhsil müəssisəsi kimi 2019-2024-cü illər üçün akkreditə olunmuş ixtisasların (ixtisaslaşmaların) siyahısı da dərc olunub. Akkreditasiya haqqında Təhsil Nazirliyinin sertifikatı ADU-ya təqdim edilib.

Qeyd edək ki, ADU-nun 2019-2020-ci tədris ilində qəbul göstəricisi 95 faiz olub. Statistika göstərir ki, universitetə maraq ildən-ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə yaranan ehtiyac olsa da, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır. ADU-nun nüfuzu, universitetdə təşkil olunan tələbəyönümlü, mobil, yüksəkkeyfiyyətli tədris və bu istiqamətdə davam edən işlər sayəsində qəbul səviyyəsi hər il artan dinamika ilə özünü göstərir.