Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 13:12:59
Direktor müavini müəllimə töhmət verib, intizam tədbirlərinə cəlb edə bilər? – Məktəb qaydaları  

AzEdu.az müəllimlərə dəstək məqsədilə mütəmadi olaraq onların intizam tədbirlərinə cəlbləri, töhmət verilməsi və onun ləğvi məsələləri ilə bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Daha bir məsələ isə direktor müavininin müəllimə töhmət vermək hüququna sahib olub-olmaması ilə bağlıdır.

Sual:

Direktor müavini müəllimə töhmət verə, yaxud onu digər intizam tədbirlərinə cəlb edə bilər?

Cavab:

AzEdu.az xəbər verir ki, bu barədə məsələlər Əmək Məcəlləsinin 188-ci maddəsi ilə tənzimlənir. Qanunvericiliyə görə, intizam tənbehi, eləcə də, töhmət yalnız müəllimlə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və xitam vermək səlahiyyətinə malik şəxs tərəfindən verilə bilər.

Məktəbin nizamnaməsində başqa hal nəzərdə tutulmayıbsa, direktor müavini də bu səlahiyyətə sahib ola bilər. Amma bir şərtlə, direktor işçilərə intizam tənbehi vermək səlahiyyətini öz əmri ilə müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə etməlidir. Həmin əmrdə hansı səbəbdən intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.

Maddədə qeyd edilən hallardan savayı başqa vəzifəli şəxslərin müəllimə intizam tənbehi vermək ixtiyarları yoxdur. Belə hal baş veribsə, onun əmri hüquqi qüvvəsi olmayan əhəmiyyətsiz qərar hesab edilir.

Qeyd edək ki, intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra müəllimə töhmət verilə bilməz. Müəllimin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

Töhmət verilən gündən 6 ay müddətində qüvvədə olur. Bu müddət ərzində müəllim yeni xata törətməzsə, o, töhmət almamış hesab olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları