XƏBƏRLƏR

11.10.2019 11:24
Avropa Gənclər Parlamentinin üzvü olan, İngiltərədə oxuyan xanım:  “Mənə heç 0,3 balı da güzəşt etmədilər” –“700-lük müsahibə

“Bizdə valideynin övladı dərs oxuyanda göstərdiyi münasibəti, Amerikada uşaq oyun oynayanda tətbiq edirlər”.

Bu sözlər 2018-ci ildə 700 balla ADA Universitetinə daxil olan və hazırda İngiltərənin Sussex Universitetində təhsil alan Jalə Rəcəbovaya aiddir.

Jalə Rəcəbova Azərbaycan Avropa Gənclər Parlamentinin üzvü, Avropa Birliyinin "Şərq Tərəfdaşlığı"na Azərbaycan üzrə seçilmiş gənc Avropa səfiri olub.

VI sinifdə oxuyarkən UNİCEF-in keçirdiyi “Uşaq hüquqlarının gündəlik tədrisi” proqramını bitirib. X sinifdə “Ədəbiyyat birinciləri” müsabiqəsində respublika üzrə ikinci yeri, riyaziyyat olimpiadalarında rayon üzrə birinci yeri tutub. XI sinifdə olimpiadaya coğrafiya fənnindən qatılaraq rayon üzrə birinci olub. Şahmat olimpiadalarında 1, 2 və 3-cü yerlərlə təltif olunub.

“Mən Azərbaycanlıyam” milli bilik yarışmasının qalibidir. Azərbaycan İntellektual Oyunlar klubunun təşkil etdiyi oyunlarda iştirak edib və müxtəlif yarışlarda 30-dan çox sertifikat qazanıb. ADA Beynəlxalq Klubunun vitse-prezidenti, İnstitute France Azerbaijanın ADA Universiteti üzrə nümayəndəsi olub. Akademik göstəricilərinə görə ADA Biznes və İqtisadiyyat məktəbi dekanının siyahısına düşməyi bacarıb.

ADA İntellektual Oyunlar Klubunun prezidenti olub.

AzEdu.az  Jalə Rəcəbova ilə müsahibəni təqdim edir:

-Jalə, Beynəlxalq ingilis dili imtahanında (İELTS) yüksək nəticə göstərmisən. (7,5 bal). İngilis dilini mükəmməl öyrənməyin yolları barədə məlumat verməyini istərdik. Məlum məsələdir ki, bu gün dil öyrənmək insanların, xüsusilə də gənclərin ciddi probleminə çevrilib...

-İELTS-ə XI sinifdən hazırlaşmağa başladım. Əslində, ilkin olaraq bu imtahana daxil olmaq fikrim yox idi. Sadəcə, Xaçmazda ingilis dili müəllimim mənə istiqamət verərək sertifikatı almağım üçün kömək etdi. Dərsdən əlavə dinləmə və danışığa dair tapşırıqlar işləyirdik.

ADA Universitetinə daxil olandan sonra bildim ki, əgər ingilis dili biliyim yoxdursa, bir il hazırlıq kursunda oxumalıyam. I kursda təhsil almaq üçün mənə İELTS sertifikatı və minimum 6 bal lazım idi. Bir ay kursa getdim və 7.5 ballıq nəticə göstərdim.

-Maraqlısı budur ki, ingilis dili məktəblərdə ən aşağı siniflərdən tədris olunsa da, bir çoxumuz bu dili mənimsəməkdə çətinlik çəkirik...

-Doğrudur, dərsdən əlavə məşğul olmayan və sadəcə imtahana hazırlaşan abituriyentlər bir qədər zəif idilər. 11 il ingilis dili keçsək də, müəllim 2 cümlə ingiliscə danışanda başa düşməkdə çətinlik çəkənlər olur. Halbuki, həmin şagirdlər testi əla səviyyədə yazırdılar.

-Sıfırdan bu dili öyrənmək üçün nə qədər müddət tələb olunur?

-Minimum 1 il ingilis dilini inkişaf etdirmək lazımdır. İELTS imtahanına hazırlaşmaq  üçün şəxsin dil biliyi ən azı “Pre-intermediate” səviyyəsində olmalıdır. Məncə, bundan sonra 3 ay imtahan hazırlığı üçün ideal müddətdir.

-Deməli, “3-6 aya ingilis dilində danış” tipli reklamları utopiya adlandırmaq olar...

- Məncə, bu cür reklamlarda ifadə olunan fikirlər doğru yanaşma deyil.

-Azərbaycanda təhsilin keyfiyyətinə görə fərqlənən ADA Universitetində 1 il təhsil almısan. Bu müddət ərzində ali təhsil müəssisəsindən gözləntilərin özünü doğruldubmu?

-ADA bütün təriflərin haqqını verir. Müəllimlər dərsləri maraqlı keçirdilər. Təhsil və imtahanlar gözlədiyim qədər çətin olmadı, lakin lap asan da deyildi. Suallar bizə əvvəlcədən verilmirdi, ona görə dərslərin hamısını yaxşı öyrənirdik. Hər cür suala hazır olurduq. Mühit yaxşı idi, çoxlu dostlar qazandım, həddindən çox sosial layihələrim oldu.

-Səncə, ADA-da tətbiq olunan və təhsilin keyfiyyətinin artırılmasına xidmət edən sistem əzbərçiliyin qarşısını nə dərəcədə ala bilir?

-Bu müəllimdən asılı olan məsələdir. Elə müəllimlər var ki, onların fənlərini nə qədər əzbərləsən də, imtahandan keçə bilməzsən. Lakin bəzi müəllimlərin keçdiyi dərsləri bir gün öncə əzbərləyib imtahana daxil ola bilirdim. Sabahı gün də hər şey yadımdan çıxırdı. Bizim yaşlarımızda tələbə hər hansı mövzunu dərindən öyrənmək lazım olduğunu fikirləşmir.

-ADA Universitetinin müəllimi Ceyhun Cabbarov müsahibəsi zamanı 700 bal toplayan abituriyentin ADA-ya daxil olanda “şok” keçirdiyini qeyd edib. Onun sözlərinə görə, mükəmməlliyyətçiliyə öyrəşən maksimalist tələbə qiyməti aşağı düşəndə “şok” yaşayır...

- Sözün düzü, ADA-ya daxil olanda “şok”a düşmədim. Hər şey gözlədiyim kimi, nə əskik, nə də yüksək idi. Ortalama balım maksimum “4” üzərindən “3,90” oldu. Aldığım ən aşağı qiymət “A-” –dır. Bu da sosial həyatımın aktiv olması və dərslərə yetəri qədər vaxt ayıra bilməməyimlə bağlıdır.

-Əksər tələbə deyir ki, ADA-da çalışan müəllimlər tələbəyə bir balı belə güzəştə getmir. Bu fikirlər nə dərəcədə doğrudur?

-Təbii ki, birdən-birə heç kimin nəticəsini 10, 20 bal qaldırmırlar. Müəllimlərin əksəriyyəti qrupun səviyyəsinə baxırdılar. Hamı aşağı nəticə göstəribsə, müəyyən qədər güzəşt olunurdu. Lakin elə müəllim də var ki, qətiyyən güzəşt etmirdi. Mənə bir fəndən 0,3 bal lazım idi ki, “A” alım. Lakin müəllim bu balı düzəltmədi.

“700 bal toplayıb çalışqan olmayan tələbə görməmişəm”

- ADA-da 200 bal toplayanla 700 ballıq nəticə göstərən tələbələr eyni qrupda təhsil ala bilirlər. Bu tələbələr arasında fərq nə dərəcədə hiss olunur? Ümumiyyətlə,700 bal toplayan tələbələr bu uğuru ali məktəbdə də davam etdirə bilirlərmi?

- ADA-da qrup yoxdur, dərsləri tələbə özü seçir. Ola bilər ki, I kurs tələbəsi ilə IV kurs tələbəsi eyni dərsdə otursun. 700 bal toplayanlarla 200 bal toplayanların da bir qrupda olması mümkündür. Fərq isə ciddi şəkildə hiss olunur. 200 bal toplayanla 600 baldan yuxarı nəticə göstərən tələbə arasında fərq hiss olunur. Ona görə yox ki, yüksək bal toplayanlar çox ciddi biliklər qazanıblar. Sadəcə, bu şəxslərdə çalışqanlıq özünü göstərir. Ətrafımda 700 bal toplayan bir çox dostlarım var. Bu nəticəni göstərib çalışqan olmayan tələbə görməmişəm. Onların hamısının qiymətləri 90-dan yüksək olub.

-Ali təhsil müəssisəsində tələbənin imtahanda göstərdiyi nəticə onun savadının göstəricisi hesab oluna bilər?

-Qiymət heç zaman savad göstəricisi hesab oluna bilməz. Qiymət çalışqanlığın göstəricisidir. Qeyd etdiyim kimi yüksək bal toplamaq super biliyin nəticəsi deyil. Bu nəticəni əldə etmək üçün çalışqanlıq tələb olunur.

-Lakin bir məsələ də var ki, əksər yüksək bal toplayan tələbələr dərsə gündəlik çox az zaman ayırdıqlarını dilə gətirirlər...

- Dərsə diqqətlə qulaq asırdım, müəllim tapşırıq verəndə edirdim. Amma bu o demək deyil ki, bütün günümü dərsə ayırırdım. Sadəcə, zamanı düzgün bölürdüm. Məndən daha çox çalışıb az qiymət alanlar da olub. Hər şeydən təcrid olunanda daha az effektiv oluram. Söhbət etməyi xoşlayıram və sosial olmaq mənə yaxşı təsir edir. Sosial həyatım yaxşı olanda akademik həyatım da yaxşı olur. Elə insan var ki, onun üçün əksinədir. Hər kəsin qavrama qabiliyyəti fərqlidir.

“Bu il 650-dən yuxarı bal toplayanların bilik səviyyəsi ötən il 680-dən yuxarı bal toplayanların bilik səviyyəsinə bərabərdir”

-Ötən il 29 nəfərin 700 bal toplamasına baxmayaraq bu il keçirilən qəbul imtahanlarında bu nəticəni göstərən olmadı. Səncə bunun səbəbi nədir?

-Səbəb builki qəbul imtahanlarında yeni sistemin tətbiqidir. Bu il 680-dən yuxarı nəticə göstərənlər ötən il 700 bal toplayanlardan heç də az savadlı deyillər. Bu il keçid balları da aşağı düşdü. Biz 1994-cü ildən bu yana bütün test toplularını işləyə-işləyə hazırlaşmışıq. İmtahanda təxminən 3-4 yeni sual olardı. Ona görə də, bu il 650-dən yuxarı bal toplayanların bilik səviyyəsi ötən il 680-dən yuxarı bal toplayanların bilik səviyyəsinə bərabərdir.

-Səncə, bu il tətbiq olunan imtahan modelinə və tətbiq olunan yeniliklərə cəmiyyət olaraq nə dərəcədə hazır idik?

-Məncə, yeni qəbul qaydalarının faydası ziyanından çoxdur. Bu dəqiqə dünyanın hər yerində şagirdin analitik düşüncə tərzinin yoxlanılması əsas məsələdir. Beynəlxalq imtahanlarda da analitik düşüncə bacarığı lazımdır. İşə götürənlərin tələbləri sırasında bu da var. Məncə, situasiya tipli suallar daha faydalıdır. Test elədir ki, səhv olan variantları kənara atmaqla düzgün cavabı tapmaq olurdu. Açıq və situasiya tipli suallarda bu mümkün deyil. Bir sözlə, bu tip suallara əzbərçiliklə cavab vermək imkansızdır.

“Kiminsə 700 bal toplamasına görə intihar edən insan sabah daha böyük xəbərləri görəndə nə edəcək?!”

-Bir çoxları abituriyent intiharlarına əsas səbəblərdən biri kimi medianın yüksək bal toplayanları hədsiz şişirtməsini göstərirlər...

-... Media dünyanın hər yerində məhz seçilənləri işıqlandırır. Bu medianın işidir. Kiminsə 700 bal toplamasına görə intihar edən insan sabah daha böyük xəbərləri görəndə nə edəcək? İnsan hər şeyə hazır olmalıdır. Biz ən uğurlu insan ola bilmərik. Ola bilər ki, kimsə iş həyatında məndən daha uğurlu oldu. Media onu işıqlandırıbsa, o demək deyil ki, mən ruhdan düşməliyəm. Hamı ən yüksək balı toplaya bilməz. Hamı iş həyatında uğurlu ola bilməz. Bunu qəbullanmaq lazımdır. İnsanların həm uğurlu, həm də uğursuz olduğu sahələr var. Başqasının uğurunu öz uğursuzluğun kimi fikirləşmək düzgün deyil.

-Bəzən, bu problemə digər səbəb kimi valideyn-övlad münasibətləri göstərilir. Nəzərə alaq ki, əksər uğurlu gənc valideynləri ilə münasibətinin çox yaxşı olduğunu bildirir...

-Valideynlərim həmişə mənə dəstək olublar. Uğurlu insan görəndə məni ruhlandırıblar və istər-istəməz həvəslənmişəm. Qatıldığım bəzi yarışmalarda yer tutmamışam. Hamı yer tutanlar barədə danışıb. Amma valideynlərim gəlib mənə deməyiblər ki, sən bizim adımızı aşağı etdin və ya xeyirli övlad deyilsən. Əksinə, daim çalışmalı olduğumu qeyd ediblər. Özüm barədə pis hər hansı fikrə qapılmağıma icazə verməyiblər. Ancaq elə münasibətlərin şahidi olmuşam ki, valideyn övladını cəmiyyət içində dəfələrlə təhqir edib. Baxırsan ki, uşaq yeniyetmədir, ancaq cəmiyyət içində təhqir olunur. “Xeyirsiz övladdır”, “başımızı hər yerdə aşağı edir” kimi ifadələrdən istifadə edirlər. Təbii ki, valideyn də istəyir ki, övladı uğurlu olsun, fəxr etsin. Lakin uşaq, yeniyetmə bunu o cür başa düşmür.

“Amerikada zaman keçirəndə “mədəniyyət şoku” yaşadım”

-Məktəbdə təhsil alan zaman xüsusi proqramla Amerikaya getmək üçün seçilənlər arasında olmusan. Səfər zamanı ən yadda qalan xatirələrini bölüşməyini istərdik...

-Amerikaya getmək üçün seçilən 10 nəfərdən biri mən oldum. Qeydiyyat forması var idi və 6-7 kiçikhəcmli esse yazmalı idik. Bizi müsahibəyə dəvət etdilər. Gələcək planlarımız barədə soruşdular, Amerikaya niyə getmək istəməyimizlə bağlı ümumi suallar verdilər. Bütün xərclər qarşılanırdı. Bu ölkədə zaman keçirəndə sözün əsl mənasında mədəniyyət şoku yaşadım. Bir ailədə qalırdım və ailənin 2 övladı var idi. Yaşca məndən çox kiçik idilər. İlk dəfə idi ki, bir evdə çoxsayda kompüter görürdüm. Dərs oxuduqları, oyun oynadıqları kompüterlər bir-birindən fərqlənirdi. Bunun səbəbini soruşanda dedilər ki, övladım “gamer” olmaq istəyir. Bir ananın övladının “gamer” olmasını istədiyini ilk dəfə idi, görürdüm. Normalda Azərbaycanda kompüter oyunu oynayanda valideynlər ya “dərs oxu”, ya da “faydalı işlə məşğul ol” deyirlər. Bizdə valideyn uşaq dərs oxuyanda necə münasibət göstərirsə, Amerikada oyun oynayanda onu tətbiq edirlər”.

Kiçik övladın həyatı isə daha maraqlı idi. Məni evlə tanış etdilər və bir otağa apardılar. Həmin otaqda uşağın çəkildiyi və çəkdiyi filmlər var idi. 8 yaşında uşaq film çəkmişdi. O, rejissor olmaq istəyirdi və indidən buna hazırlaşırdı.

-Xaricdə təhsil almağa gedən gənclərimizin bir çoxu vətən üçün çox darıxdıqlarından və xarici ölkədə yaşamağın çətinliklərindən söz açırlar. Amerikada olanda  səndə hansı fikirlər formalaşdı?

-Mən düşdüyüm mühitə tez uyğunlaşıram. Buna görə də düşünürəm ki, hər ölkədə yaşaya bilərəm. Amerikalılar ünsiyyət qurmaq üçün rahat xalqdır. Başqalarına qarşı nəzakətlidirlər. Lakin soyuqqanlıdırlar, sənlə söhbət edəndə yalnız ümumi məsələlərə toxunurlar və şəxsi həyat barədə söz açmırlar.

Vaşinqtonda Konqres Kitabxanasına getmişdik. Orda bizə Azərbaycan dilində bir-iki kitab göstərdilər. Azərbaycan dilini Vaşinqtonun və dünyanın ən böyük kitabxanalarından birində görəndə fəxr etdim. Bundan başqa, qaldığım ailədə Azərbaycan rəqslərini, milli musiqilərini tanıdırdım. Onlar bizim milli dəyərləri çox bəyənirdilər. Hətta qaldığım ailənin üzvləri Azərbaycanı ziyarət etmək istəyirdilər.

“Ədəbiyyat sayəsində bizdən böyüklərin düşüncə tərzini, keçmişdə formalaşan mədəniyyətimizi başa düşürəm”

-Jalə, II ixtisas qrupuna hazırlaşmağına baxmayaraq “Ədəbiyyat biliciləri” müsabiqəsinə qatılmısan. Ədəbiyyata marağın necə yaranıb?

-Ədəbiyyata marağım uşaqlıqdan formalaşıb. Bacım mənə kitablar verirdi və vaxt qoyurdu ki, 20 günə bunları oxumalısan. Əvvəllər, məcbur oxuyurdum. Sonradan məndə maraq formalaşmağa başladı. Lakin abituriyent olduğum vaxtlarda oxumağı bir qədər azaltdım. XI sinifdə isə demək olar, heç oxuya bilmədim.

-Dünya ədəbiyyatı nümunələrinə, yoxsa milli ədəbiyyatımıza üstünlük verirsən?

-Dünya ədəbiyyatı dünyagörüşünün artmasında önəmli rol oynayır. Təsəvvür edin, dünyanın o biri ucundan olan birinin düşüncələri haqqında məlumat alırsan. Bu özlüyündə vacib faktordur. Azərbaycan ədəbiyyatını çox sevirəm. Lakin milli ədəbiyyatımızı daha çox sevirəm. Bizim mədəniyyətimizi, mentalitetimizi, adət-ənənələrimizi əks elətdirir. Ədəbiyyat sayəsində bizdən böyüklərin düşüncə tərzini, keçmişdə formalaşan mədəniyyətimizi başa düşürəm.

Məsələn, İlyas Əfəndiyevin “Üçatılan” povestini bəyənirəm. Əsərdə mənə maraqlı olan məqamlardan biri Çar dövründən Sovet dövrünə keçiddir. Həmişə tarix kitablarında müqavimət, cərəyan edən hadisələr və onların nəticəsi göstərilir. Ədəbiyyatda isə hadisələri detallı şəkildə, xüsusilə də bədii formada izah tapa bilirsən. Qeyd etdiyim əsərin, məncə, xüsusi mesajı yoxdur. Bu əsərdə müxtəlif mövzulara, eyni zamanda qızların təhsil alması məsələsinə toxunulub. Əsər ən xırda detala qədər çatdırır ki, oxuyan, savadlı insanlar hər cəhətdən yaxşı görünürlər. Povestdə eyni zamanda sovet dövrünün bizə gətirdiklərindən, təsirlərindən danışılır. Mənə elə gəlir ki, yazıçı üstüörtülü formada sovet dövrünü bir qədər tərifləyirdi.

“Game of Thrones”un dünyanın ən məşhur serialı adlandırılması təsadüfi deyil

-Dünyanın ən məşhur serialı olan “Game of thrones”un (Taxt oyunları)  finalı qalmaqala səbəb oldu və müxtəlif yanaşmalarla yadda qaldı. Sən necə düşünürsən, rejissorlar bu sonla insanlara hansı mesajı vermək istəyirdilər?

-“Game of thrones”a 20 günün içində baxıb bitirmişəm. Məncə, onun dünyanın ən məşhur serialı adlandırılması təsadüfi deyil.

Sonuncu mövsümdə insanların əsas bəyənmədiyi hadisə Daeneris Targaryaenin son anda qərar verərək bütün şəhəri yandırması oldu. Əslində isə bu obrazı öncədən fərqli təqdim etmişdilər. Daeneris mübariz qadın idi və kraliça olmaq yolunda xeyli əziyyətlərə qatlaşmışdı. Şərqdə demək olar ki, bütün qitəni nəzarəti altında almışdı. Məncə, insanlar son “sezon”da rejissorların qadın və hakimiyyət mövzusu ilə bağlı mesajlar verdiyini düşünüblər və bu səbəbdən də final sezonunu bəyənməyiblər. Onlar qadının düşüncəsini bilmək və buna güvənmək olmaz tipli düşüncələri qəbul etmirdilər.

Düzünü desəm, şəhərin yerlə-yeksan olunması səhnəsinə baxanda təəccüblənmədim. Daenerisin əvvəlcədən çox mərhəmətli olması, insanlara kömək etməsi və ətrafına xeyli adam toplaması liderlik bacarığı demək idi. Bizə 15-16 yaşlı ürəyi təmiz bir qız kimi tanıdılan kraliçanın sonda bütün şəhəri və əhalini diri-diri yandıracağını heç kim gözləmirdi. Lakin 6 və 7-ci “sezon”larda Daeneris insanları rahat şəkildə cəzalandırmağa və diri-diri yandırmağa başlamışdı. Bu səhnələrdən sonra sözügedən obrazı daha az bəyənməyə başladım. Con Snounun hakimiyyətini dəstəkləyirdim. Daenerisin  isə kraliça olmaq uğrunda bu qədər əziyyət çəkməsi normal idi. Böyük dövləti  idarə edən insan heç də hər şeyin ən yaxşısına sahib olmur. Bunun üçün möhkəm iradə lazımdır. Yəni, fikirləşmirəm ki, yaşadıqları ona bu qərarı verməsində təsir etdi. Bəlkə də onun sonu elə atası kimi oldu.  

-Bütün izləyicilərini hədsiz dərəcədə təəccübləndirməklə yadda qalan serialda sənin ən təəccübləndiyin səhnə hansı olub?

-Brandon Starkın kral olmasına çox təəcübləndim. Stanisin qızını gözləri önündə diri-diri yandırması isə ən təsirləndiyim səhnələrdən oldu.

“Məktəblərdə şagirdləri beynəlxalq imtahanlara hazırlaşdıran sistemin tətbiqi faydalı olar”

-Səncə, hansı model və yeniliklərin tətbiqi təhsilin inkişafına fayda verə bilər?

-Məktəblərdə şagirdləri beynəlxalq imtahanlara hazırlaşdıran sistem olsa yaxşı olar. Orta təhsil müəssisələrində şagirdlər yalnız bir istiqamət üzrə yönləndirilir. Halbuki, müxtəlif olimpiada qalibi olaraq xaricdə təqaüd qazanmaq kimi bir çox şanslar var. Bu istiqamətdə xaricə gedənlər özləri maraqlanıb gedirlər. Şagirdlər arasında ən azından maarifləndirmə işləri aparılsa, onlara seçim haqqı verilsə, bu çox yaxşı olar. Şagirdlər sonradan peşman olsalar belə, bunun öz seçimlərinə görə olduğunu anlayarlar.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu