Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 10:05:00
“Kimya elminə müasir baxış” mövzusunda respublika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində “Kimya elminə müasir baxış” adlı respublika elmi konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə son illərdə kimya sahəsində qazanılan uğurlardan bəhs edib, konfransın işinə uğurlar arzulayıb.

Sonra “Bəzi aminturşular və onların qarışıq funksiyaları törəmələrinin əsasında birləşmənin quruluşu – inhibitor effekti asılılığının tədqiqi” adlı məruzə ilə çıxış edən universitetin Kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Əliyev korroziya proseslərindən danışıb. Qeyd edib ki, əksər metallar korroziya nəticəsində dağılaraq vaxtından əvvəl sıradan çıxır. Bu da sonda külli miqdarda dövlət vəsaitinin itirilməsinə gətirib çıxarır.

Bildirilib ki, təxmini statistik hesablamalara görə, hər il dünya miqyasında istehsal olunan metal və ərintilərin 8-12 faizi korroziya nəticəsində itkiyə gedir. Bu da milyardlarla dollar vəsaitin itirilməsi deməkdir. Korroziya proseslərinin qarşısını almaq üçün səmərəli üsullardan danışan alim inhibitorların tətbiqinə əsaslanan daha əlverişli metodu qeyd edib. 

AMEA Fizika İnstitutunun laboratoriya müdiri, fizika üzrə elmlər doktoru İmaməddin Əmiraslanov “Kristallar, kvazikristallar və türk sənəti” adlı çıxışında təbiətdə mövcud olan bərk maddənin amorf və kristallik adlı iki halından danışıb. Qeyd edib ki, amorf maddələrdən fərqli olaraq, kristallar mükəmməl həndəsi formalara malikdir və bir çox hallarda təmizlik, gözəllik və mükəmməllik simvolu kimi qəbul olunur. Amorf maddələrə örnək kimi şüşə və plastması, ikincilərə isə xörək duzu, şəkər, almaz və sair maddələrin kristallarını göstərmək olar.

Diqqətə çatdırılıb ki, kvazikristalların kəşfi 2011-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülüb. Kvazikristal prinsipli olduğu təsdiqlənmiş ən qədim aperiodik ornament məhz İranın Marağa şəhərindəki oktaqonal prizma formalı Gunbad-i Kabud məqbərəsinin divarlarını bəzəyir.

Konfrans bölmə iclası ilə davam edib.