Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 09:54:00
Aqil ABBAS: FİRUDİN MÜƏLLİMƏ HEÇ YARAŞDIRMADIM

Firudin Cəlilov görkəmli alimdi, hamının qəbul etdiyi ziyalıdı, kitabları dərs vəsaiti kimi istifadə olunur. Azadlıq hərəkatının öndə gedənlərindən olub və sair və ilaxır. Hamının da ona böyük hörməti var.

Çox təəssüf ki, bu günlərdə «Bakupost»a verdiyi açıqlamalarda öz nüfuzuna kölgə salıb. Vurğun Əyyuba xalq sevgisini qısqandımı, ya nə. Kimsə Firudin müəllimin əməyinin üstündən xətt çəkməyib, amma özü çəkdi. Və bir qədər də tarixi qarışdırdı.

Əvvəla, müəllimlərin əmək haqlarının artırılması Yaqub Məmmədovun yox, Elçibəyin zamanında baş tutdu, özü də üç dəfə yox, beş dəfə artırılmışdı. Təklifin Firudin müəllimdən gəlməsi ola bilər, biz işin içində deyilik. Amma bunu Elçibəyin yox, öz adına yazması inandırıcı deyil.

Pənah Hüseyn «AzPost. az» saytına verdiyi müsahibəsində Firudin müəllimin bütün dediklərinə çox sərt münasibət göstərib və faktları qoyub ortaya. Ona görə də biz birbəbir həmin faktları saymaq istəmirik, sadəcə, bir-iki söz demək istəyirik.

Əvvəla, Azərbaycanda testin yaradıcısı Əbülfəz Elçibəydir. Və bunun icraçısı, həyata keçirəni, bu ideyanı reallaşdıranı da Vurğun bəydi.

Ostap Bender ksendzlərlə dinlə bağlı mübahisə edəndə belə bir söz deyir:

- Boqa net, eto mediçinskiy fakt.

İndi Vurğun bəyin Azərbaycanda testin yaradıcısı olması da Ostap Benderin dediyi kimi «mediçinskiy fakt» olmasa da, «yuridiçiskiy fakt»dı.


Başqa bir məsələ də nədi? Deyir ki, Elçibəylə uzun mübahisədən sonra qapını çırpdım, otaqdan çıxdım. Qapını prezidentin üzünə çırpmaq? Kim inanar buna, bu bir. İkincisi, qapını prezidentin üzünə çırpmaq qəhrəmanlıq deyil, tərbiyəsizlikdi. Hansı ki Firudin müəllim Azərbaycanda ən tərbiyəli adamlardan biridi.

Çox qəribədi ki, Elçibəyi gözdən salanlar və ya gözdən salmağa çalışanlar Elçibəyin öz silahdaşlarıdı, özünün yetişdirdiyi siyasətçilərdi. Elçibəy nə günah işlədib ki, onun silahdaşları Ona belə qənim kəsiliblər və Onu haqq dünyasında da rahat yaşamağa qoymurlar.

Günəşi örtsə də qara buludlar,

Yenə qüdrətini özündə saxlar.

İnsanın özü-özünə elədiyini el yığışa eləyə bilməz. Təəssüf ki, Firudin müəllim illərlə qazandığı hörməti bircə müsahibəsi ilə yerə çırpdı.

Və bu açıqlamalar Firudin müəllimə heç yaraşmadı.

Vaxtilə Elçibəylə bağlı vəfatından sonra yazdığım bir məqalədə qeyd eləmişdim ki, Bəy Məhəmməd peyğəmbərdən daha çox İsa peyğəmbərə yaxın idi.

Məhəmməd peyğəmbər deyirdi: «Savaş, sənə qarşı savaşanlarla savaş!»

Elçibəy heç vaxt ona qarşı savaşanlarla savaşmadı, İsa peyğəmbər kimi ona qarşı savaşanları həmişə bağışladı.