XƏBƏRLƏR

10.10.2019 14:27
Rektor AzEdu.az-da  ikili diplom proqramları  və magistratura ilə bağlı yeniliyin elanını verdi-ÖZƏL

“Azərbaycan-Fransız Universitetində magistratura səviyyəsi üzrə tələbə qəbulunun olması nəzərdə tutulur”

Bu sözləri Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisində AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor  Mustafa Babanlı deyib:

Mustafa Babanlı ilkin olaraq keçirilən sərgi barədə məlumat verərək bu cür tədbirlərin artıq Azərbaycanda ənənə halını aldığını vurğulayıb:

“Bu gün keçirilən təhsil sərgisi ənənəvidir. Hər il oktyabrın əvvəlində təhsil sərgisi keçirilir. Burada həm karyera həm də universitetlərin texniki və elmi göstəriciləri nümayiş etdirilir. ADNSU son  5 ildə təhsil sərgisində  aktiv olaraq iştirak edir.  Artıq  ADNSU-da 14000-dən çox tələbə təhsil alır . Təhsil sərgisində universitetimizin "Startup" layihələrini, təhsildə innovativ yanaşmalarını göstəririk. Əsas məqsədlərimizdən biri də aşağı və  yuxarı yaş qruplarında təhsil alan gəncləri universitetimizə cəlb etməkdir. Bunun üçün də  gənclərimizə müəyyən tövsiyələrimizi veririk. İstəyimiz isə gələcəkdə onları ADNSU tələbələri olaraq görməkdir.

Bugünki təhsil sərgisində  xarici universitetlərin nümayəndələri də  iştirak edir. Sərgi çərçivəsində  xarici universitetlərlə ikitərəfli görüşlər keçirməyə çalışırıq. Həmçinin, xarici universitetlərlə ikili və üçlü müqavilələr imzalamağa çalışırıq. Sərgi çərçivəsində xarici universitetlərlə mübadilə işləri həyata keçirib, əlaqələrimizi genişləndiririk. Həmçinin, Azərbaycan universitetlərində də əcnəbi tələbələrin sayının çoxalmasından ötrü mübadilə işləri həyata keçiririk”.

Mustafa Babanlı Azərbaycan-Fransız Universitetində magistratura səviyyəsi üzrə tələbə qəbulunun  açılmasından da söz açıb:

“Azərbaycan-Fransız Universitetində bir neçə ildir ki, ikili diplom layihəsi həyata keçirir.  Hazırda UFAZ-da  538 tələbə 4 ixtisas üzrə təhsil alır. Onu da bildirim ki,  hər il bir ixtisas üzrə  40 tələbə qəbul olur. Onların 30 nəfəri dövlət sifarişi ilə10 nəfəri isə  ödənişli əsaslarla təhsil alırlar. Universitetə qəbul olan tələbələr  kompüter elmləri, geofizika, neft-qaz və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alırlar.   UFAZ-ı  müvəfəqiyyətlə bitirən tələbələrə ikili diplom veriləcək.

 Azərbaycan-Fransız Universitetində magistratura səviyyəsinin açılması nəzərdə tutulur. Həmçinin, Amerika, Fransa, Gürcustanın nüfuzlu universitetləri ilə ikili diplom müqavilələrini  imzalanması ərəfəsindəyik.

Amerikada yaşayış  və təhsil xərcləri çox olduğundan bakalavr səviyyəsi üzrə “3+1” magistratura üzrə isə “1+1” proqramını gənclərə təklif edəcəyik.

Almaniyadan gələn 4 alman tələbəmiz  “Erasmus+” proqramıyla  universitetimizdə təhsil alır”.

İlin gənc müəllimi-Müraciət formu