Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-10 12:29:05
“Universitetlər şəhərkənarı ərazilərə köçürülsün”  -Rektordan TƏKLİF

“Azərbaycanda bir çox ali təhsil müəssisələri şəhərin mərkəzində yerləşir. Bu isə şəhərdə nəqiyyat sıxlığına və hərəkətin çətinləşməsinə səbəb olur. Eyni zamanda ali məktəblər maddi-texniki bazalarını möhkəmləndirə bilmirlər. Belə universitetlər şəhərdən kənarda yerləşən ərazilərə köçürülsə, yaxşı olar"

Bu sözləri Bakı Ekspo Mərkəzindəki 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisində AzEdu.az-a açıqlaması zamanı Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov deyib. O, ilkin olaraq keçirilən sərgi barədə məlumat verərək bu cür tədbirlərin artıq Azərbaycanda ənənə halını aldığını və hər il yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

“Bu sərgilərdə Azərbaycan universitetləri ilə bərabər xarici ali məktəblər də iştirak edir və öz naliyyətlərini nümayiş etdirirlər. Sərgidə iştirak tələbələr, gənc alimlərlə işlərin qurulması və gələcək perspektivlərin müəyyənləşdirilməsi üçün gözəl vasitədir.

Bakı Mühəndislik Universiteti gənc ali məktəbdir. BMU olaraq artıq 3-cü dəfədir ki, bu sərgidə iştirak edirik. BMU-nun respublikada tanınan Texnoparkı var. Bu Texnoparkda startup layihələr həyata keçirilir. Tələbələrimizin proqramlaşdırma, İnformasiya Texnologiyaları, memarlıq və inşaat, dizayn, şəhərsalma ixtisasları üzrə böyük uğurları var. Sərgidə bizim magistrantların əl işləri yer alıb.

BMU-da Almaniya, İngiltərə və İtaliya universitetləri ilə ikili diplom proqramları həyata keçirilir. Universitet 3 ildir ki, fəaliyyət göstərir və ikili diplom proqramlarının icrasına rəsmi olaraq yeni başlamışıq.

Bu il Maliyyə ixtisası üzrə 17 nəfər Avropanın müxtəlif ölkələrində magistratura təhsili alır. Magistrantımız 1 illik Almaniyanın texniki universitetlərindən birində təhsilini davam etdirmək imkanı qazanıb”.

Rektor ali təhsil müəssisələrinin şəhərin mərkəzində yerləşməsi məsələsinə toxunaraq bildirib ki, BMU-nun şəhərdən kənar ərazidə yerləşməsinin xeyli üstünlükləri var:

"BMU 20 hektarlıq ərazidə yerləşir. Bir tədris korpuzumuzun tikintisi davam etdirilir. Gələcəkdə müəllimlər və ali məktəbə xarici universitetlərdən qonaq qismində gələn şəxslər üçün binaların tikilməsini planlaşdırırıq. Azərbaycanda bir çox ali təhsil müəssisələri şəhərin mərkəzində yerləşir. Bu isə şəhərdə nəqiyyat sıxlığına və hərəkətin çətinləşməsinə səbəb olur. Eyni zamanda ali məktəblər maddi-texniki bazalarını möhkəmləndirə bilmirlər. Belə universitetlər şəhərdən kənarda yerləşən ərazilərə köçürülsə, yaxşı olar. 17 il Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsində çalışmışam. AzTU-nun şəhərin ideal yerlərindən birində yerləşməsinə baxmayaraq, BMU-nun yerləşdiyi ərazi müqayisəolunmazdır. İmkanlar yarandıqca idman zalının tikintisi də planlaşdırılır".

Havar Məmmədov sonda xaricdə attestatla təhsil alan tələbələr haqqında da fikirlərini bölüşüb: 

“Təhsil harda keyfiyyətlidirsə, tələbə ora gedir. Türkiyədə elə özəl universitetlər var ki,onların verdiyi təhsilin keyfiyyəti dövlət universitetlərinə bərabərdir, hətta yüksəkdir. Bu səbəbdən də bəzi özəl ali məktəblərə axın var.

Xaricdəki ali təhsil müəssisələrinə imtahansız qəbul olan tələbələr barədə demək istəyirəm ki, burada hər şey tələbənin almış olduğu təhsilin keyfiyyətindən asılıdır. Məsələn, Fransada bəzi universitetlərə imtahansız qəbul sistemi həyata keçirilir, amma tədris elə qurulub ki, imtahanlarda 40-60%-ə qədər tələbə uğur qazana bilmir".