Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-10 10:25:00
Müəllim verilən töhməti necə ləğv edə bilər? - Rəsmi cavab  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı təhsil işçilərinə tətbiq edilə biləcək intizam tədbirləri ilə bağlı veriləcək suallara cavabı təqdim edir:

Sual:

Müəllim ona verilən töhməti ləğv etmək üçün nə etməlidir?

Cavab:

AzEdu.az Əmək Məcəlləsinə istinadən məlumat verir ki, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

Müəllim verilən intizam tənbehindən nəticə çıxararaq işini yüksək səviyyədə görər, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa Direktor töhməti vaxtından əvvəl öz əmri ilə ləğv edə bilər.

Töhmətin qüvvədə olduğu müddət ərzində işini yüksək peşəkarlıqla yerinə yetirdiyinə, məktəbdaxili intizam qaydalarına əməl etdiyinə görə müəllim hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılsa, ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

Müəllim intizam tənbehi verilərkən direktorun qanunvericilik tələblərini pozduğunu iddia etsə, məhkəməyə müraciət edə bilər.

Qeyd edək ki, intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra müəllimə töhmət verilə bilməz. Müəllimin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

Töhmət verilən gündən 6 ay müddətində qüvvədə olur. Bu müddət ərzində müəllim yeni xata törətməzsə, o, töhmət almamış hesab olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları