Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 17:11:36
Bölgə məktəbində sinif problemi-Tərəflərin arqumentləri, problemli şagird sayı - AKTUAL  

AzEdu.az-a daxil olan məlumata görə, Şəki rayonu Turan qəsəbə tam orta məktəbində yaranan şagird sıxlığı tədrisin həyata keçirilməsinə mane olur. Bu barədə portala məktəbin Riyaziyyat müəllimi Mehman Məmmədov müraciət edib. Məlumata əsasən, şagird sıxlığı indiyədək paralel gələn 6 sinfin birləşdirilməsi nəticəsində yaranıb:

“Epidemioloji mərkəz və Rayon Təhsil Şöbəsinin birgə rəyinə görə, bu siniflərdə tədrisin aparılması mümkün deyil. Acınacaqlı vəziyyət yaranıb.

Təsəvvür edin, sinifdə müəllimin əyləşməsi üçün yer yoxdur. Şagird gəlib ürəkbulanma, başgicəllənmə və s. hallarla üzləşir, qan xəstəliklərinə tutulurlar. Valideylər uşaqları məktəbə buraxmırlar.

Nazirlər Kabinetinin qərarı ilə hər şagirdə 2.5 kvadrat metr ərazi düşməlidir. Turan qəsəbə tam orta məktəbində isə bu, 1 kvadrat metrdir. Deyəndə əsas gətirirlər ki, bir sinfin bölünməsi üçün orada şagird sayı 31-dən çox olmalıdır. Axı 31 şagird şərti şəhər məktəbləri üçün keçərlidir.

Bizim məktəb sıradan bir təhsil müəssisəsi deyil, onun nəticələri var. Sağlam gəncliyi beləmi yetişdiririk?”

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə Rayon Təhsil Şöbəsi ilə əlaəq saxlayıb. Bildirilib ki, bu, şöbənin səlahiyyətində olan məsələ deyil. Əlaqədar orqan isə 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzidir.

Mərkəzin rəhbəri Araz Babayev AzEdu.az-a açıqlamasında faktı təkzib edərək əsassız adlandırıb.  Xatırladıb ki, ölkəmizdə sinif  23 şagirddən təşkil edilir. 31 şagird olduqda isə o, bölünür:

“24 şagirdlə yeni 2 sinfin açılması nə dərəcədə düzgündür?

Sumqayıt, Bakı məktəblərində 40 - 45 şagirddən ibarət sinif var. Harada yazılıb ki, bir şagirdə 2,5 kvadrat metr ərazi düşməlidir?

Yalandır, elə şey yoxdur. Məsələ başqadır! Bir sinif açıldıqda əlavə 30 saat dərs əmələ gəlir. Sinif otaqlarının ölçüləri də tədrisin aparılmasına imkan verir.

Orada dərs keçmək  çətin olsaydı, onu 2 sinif komplektində təşkil edərdik. Sinifləri şəxsən özüm gəzib yoxlamışam.  Qəsdən çox şagirdi balaca sinfə yığırlar. 15 məktəblini 35 nəfərlik, 25 nəfərlik sinfi isə 12 nəfərlik otağa yerləşdirirlər. Qəsdən şagirdləri 5-5 oturdurlar. Adama deyərlər, hansı sinfin ölçüləri imkan verirsə, şagirdləri də orada yerləşdir.

Sadəcə direktor saatlara görə, sinfin açılmasını istəyir. Belə olduqda direktor da dərs yükünün rahatlıqla bölür. Faktiki olaraq həmin məktəbdə XI sinif üzrə cəmi 1 şagird tədrisə cəlb olunub. Soruşun görək, o şagirdlər haradadırlar?”

Qeyd edək ki, ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsinin 2-ci maddəsinə əsasən, siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir.

Bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.

Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya onların bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə isə həmin sinif üzrə ikinci paralel sinif təşkil edilməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları