Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 15:28:39
“Məktəblərdə əlavə xarici dil ümumiyyətlə, ləğv edilsin” - Müəllimlərdən yardımçı tədris dilinə etiraz  

Dil biliyinin istənilən şəxsə hansı şanslar vəd etməsi çoxlarına məlumdur. Xarici dil bazası orta məktəb dövründə qurulanlar isə digərləri ilə müqayisədə irəlidədirlər. Onlar gələcəkdə dil biliklərini inkişaf etdirərkən çətinliklə çox üzləşmirlər.

Bəzi siniflərdə əsas və yardımçı olmaqla iki əcnəbi dilin tədrisi isə şagirdlərə bu mənada çətinlik yaradır. Həftədə cəmi bir dəfə tədris olunan yardımçı fənnin əhəmiyyəti yalnız məktəbliyə həmin dildə bir neçə söz öyrətməkdən ibarət olur.  Əvəzində isə onu əsas dil biliklərini inkişaf etdirmək üçün kifayət qədər vaxt ayırmaqdan da məhrum edir.

Bəs, bu formallığın şagird və müəllimlər üçün hansı fəsadları olur? Ümumiyyətlə, əlavə xarici dil əsllində necə tədris edilməlidir?

“Quru qrammatika və bir neçə sözlə tədris  ilini başa vururlar”

Mövzu ilə bağlı AzEdu.az-a danışan müstəqil təhsil eksperti Raqif Mərdanov bildirib ki, ümumiyyətlə, məktəbdə əsas xarici dilin tədrisində problemlər var. Sadəcə DİM-in yeni imtahan modelinin tətbiqi bunu daha da üzə çıxardı:

“Yeni imtahan modeli hazır olanda heç bir dərsliyin içində disk və ya link görə bilməzdiniz. Halbuki guya imtahana qədər məktəblərdə bu standartlar tətbiq edilib. Məktəblər müəyyən texniki vasitələrlə təmin edilsələr də, onlardan istifadə məhduddur.

Son aylarda yeni işlər görülsə də, yetərli deyil. Hazırda kənd məktəbində oxuyan, interneti olmayan şagird materialdan istifadə edə bilmir. Dərsliklərin içərisində disk və imtahan modelinə uyğun mövzularla bağlı testlər olsa uşaqlar imtahana asanlıqla hazırlaşarlar”.

Həftədə 1 dəfə tədris olunan yardımçı dilə gəldikdə isə Raqif müəllim bildirib ki, ikinci xarici dilin yetərli saatı və proqramı yoxdur:

“Çox vaxt müəllimlər bunu özləri tərtib edir, quru qrammatika və bir neçə sözlə tədris  ilini başa vururlar. Burada problemlər ikitərəflidir.

Əsas məsələ odur ki, uşaqların əksəriyyəti də bu dilə maraq göstərmir. Çünki onlar IX sinifdə ən azı 3, X sinifdə isə 5 fəndən kurslara və ya fərdi müəllimlərlə hazırlığa gedirlər.

Fikirləşmək olar ki, adamın pulu var və övladına ödənişli təhsil verməyə hüququ çatır. Amma belə deyil. Nəzərə alaq ki, bu, kütləvi hal alıb. İnsanlar çətinliklə, evlərinə nəyisə almayaraq uşaqlarının təhsillərinə pul ayırırlar.

Belə vəziyyətdə, bu qədər məktəbdənkənar qayğının içərisində iki əcnəbi dildən söhbət gedə bilməz. Yüksək nəticələr isə məktəblərin deyil, fərdi təhsilin nəticəsidir”.

“Bir  dil mükəmməl öyrədilsə, başqa yardımçı dilə önəm verilməyəcək”

İngilis dili müəllimi Məhəmməd Qarakişiyev də problemi xeyli aktual hesab edir.  Onun fikrincə, hansı dil olmasından asılı olmayaraq xarici dili öyrənmək çox önəmlidir:

“Amma gəlin baxaq, hansı dil önə çəkilməlidir? Dünyanın əksər ölkələrində ingilis dilindən ünsiyyət vasitəsi kimi istifadə olunur. O yaxşı tədris olunduğu müddətdə digər dillərə çox ehtiyac duyulmur. Deməli, təhsil müəssisəsində bir  dil mükəmməl öyrədilsə, başqa yardımçı dilə çox önəm verilməyəcək.

Digər tərəfdən kadr məsələsinə diqqət yetirməkdə də fayda var. Məsələn, əsas fənn olaraq ingilis dili keçirilirsə, onu tədris edən müəllim daha yaxşı kadr kimi önə çəkiləcək. Beləcə, məsələn, fransız dilinə çox da önəm verilməyəcək.

Yeri gəlmişkən, bəzi məktəblərdə fransız dili keçirilir, amma sadəcə adı var. Formal və keyfiyyətsiz tədris olunur. Bu, şagird və müəllimlərin daha aktual dilə yönəlmələrindən irəli gəlir. Amma, aktual olmayan dil proqramdan çıxarılmayıb. Çox paradoksal məsələdir”.

Məhəmməd müəllim ingilis dilinin mükəmməl şəkildə tədrisinə də diqqət çəkib:

“Məsələyə daha qlobal yanaşaq: Hindistan və Pakistanda ingilis dili ikinci xarici dil kimi qəbul edilib. Bəlkə də bu, dövlətimizin gələcəkdə atacağı addımlardandır.

Amerikada informasiya texnologiyaları sahəsində çalışanların əksəriyyətinin  Pakistan və Hindistandan olmaları diqqətimi çəkdi. Çünki orta məktəbi o ölkələrdə bitirənlər ingiliscəni mükəmməl bildikdən sonra onun vasitəsilə yol seçir, ixtisaslaşırlar. Ümumiyyətlə, ölkədə resurs dilinə üstünlük verilməlidir”.

“Bu, əlavə fəndir, bizim üçün maraqlı olmamalıdır” kimi tendensiya var”

Astara rayon Şahağacı kənd orta məktəbinin ingilis dili müəllimi Babək Rzazadə isə bildirib ki, dil üzrə təlimi mənimsəmək, öyrənmək üçün həftədə 1 saat çox azdır:

“Müşahidəmə görə, əlavə dilə nə şagird, nə də müəllimlər önəm verirlər. Müəllim deyir, onsuz da sizin əsas xarici diliniz başqadır. Əslində belə olmamalıdır. Dövlət bunu saathesabı tənzimlədiyinə görə, dərs kimi daha effektli keçirilməlidir. Şagirdlərdə “bu, əlavə fəndir, bizim üçün maraqlı olmamalıdır” kimi tendensiya var.

Keçənilki sinfimdə əsas xarici dil rusca idi. Mən həftədə bir dəfə ingilis dili keçməli idim. Sinfin səviyyəsi çox aşağı idi. Maraqlısı budur ki, heç kim buna görə narahat deyildi. Düşünürdülər ki, əlavə dildir, belə də olmalıdır. Sinifdə “həftədə bir dəfə ilə nə öyrənmək olar?” deyə xaos yaşanırdı.

Ümumiyyətlə, necə ola bilər, dil həftədə bir dəfə keçirilsin və şagird onu mənimsəsin? Məsələn, ingilis dili həftədə 4 dəfə tədris edilsə də, bu, şagirdə dinləmə, oxu və danışıq bacarıqlarını mənimsətmək üçün kifayət etmir”.

“Əlavə xarici dil ümumiyyətlə, ləğv edilsin”

Babək müəllim düşünür ki, ya xarici dilin saatı çox olmalı, ya da ümumiyyətlə, tədris edilməməlidir. Çünki effektsizdir:

“IX siniflərdə xarici dilin tədrisi həftədə 2, X sinifdə isə 4 dəfədir. Axı, IX sinif buraxılış sinfidir, şagirdlər qrammatika, mətn və dinləmə imtahanları verirlər.

Dərs dediyim sinfin bazası yaxşı olsa da, bunları həftədə 2 dəfə ilə yoluna qoya bilmirəm. Heç olmasa həftədə 3 dəfə keçirilsin, dinləmə, oxu, yazı bacarıqlarının hərəsinə 1 dərs ayıra bilək. Əlavə xarici dil ümumiyyətlə, ləğv edilsin. Onun saatı IX sinfə verilsin və IX sinifdə xarici dil 3 saat olsun.

İstərdim, fakultətiv dərslərin saatları da IX sinif ingilis dilinə verilsin”.

“Necə ola bilər, 11 il xarici dil keçəsən və orta səviyyədə danışa bilməyəsən?”

Babək müəllim bildirib ki, xarici dildəki quru qrammatika orta məktəblərin ən böyük problemidir. Bu problem əsas dil üzrə belə eynidir:

“Şagirdlərimiz də ingilis dili bilməyi qrammatikanı əzbər bilmək kimi başa düşürlər. Ortaya bir mövzu atıldıqda isə heç nə danışa bilmirlər. İlk dərsdən şagirdlərə ingilis dilinin bu olmadığını aşılayıram. Necə ola bilər, 11 il bir xarici dil keçəsən və həmin dildə orta səviyyədə danışa bilməyəsən? Bu, mümkün deyil. Buna görə də orta məktəblərdə qrammatikanın dərəcəsi azaldılmalıdır. Quru qrammatika örədilməkdənsə ümumiyyətlə, heç nə öyrədilməsin.

Məsələyə dünya təhsil sisteminə istinad edərək yanaşmalıyıq. Onlarda hər şey vahidliyə ölçülür. Dəqiqlik əsas götürülür. Yalnız bir şey öyrədilir, amma mükəmməl səviyyədə”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları