Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-07 20:11:00
İnstitutda fundamental və təcrübi tədqiqatlar birgə aparılır

İnstitutumuzda fundamental tədqiqatlar təcrübi tədqiqatlarla birgə aparılır. Ona görə də alimlərimizin elmi nəticələri istehsalatda uğurla tətbiq olunur. İnstitutda üç qida elementli, nitrat azotu olmayan, bitkilər tərəfindən 100 faiz mənimsənilən yeni gübrə yaradılıb və istehsalı təşkil olunub. Onun istifadəsi hektardan 18-24 ton qarğıdalı, 55-60 sentner buğda və arpa, 45-55 sentner pambıq, 20-22 ton üzüm götürməyə imkan verir. Bu gübrə nar bağlarına verilərsə, əlavə 2 ton məhsul götürmək mümkündür.

AzEdu.az  xəbər verir ki, bunu "Azərtac"a  müsahibəsində AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov söyləyib.

O qeyd edib ki, institut yarandığı gündən fundamental və tətbiqi sahədə tədqiqatları ən yüksək səviyyədə təşkil edib və sənayedə çoxlu təkliflərin tətbiqi həyata keçirilib. Təsadüfi deyil ki, institutun alimləri SSRİ-nin 6 dövlət mükafatını və Azərbaycanın 4 dövlət mükafatını alıb.

“Dünyada analoqu olmayan müalicəvi “Ağ Naftalan yağı”nın alınma texnologiyası dərman preparatı kimi dövlət qeydiyyatına alınıb. Müalicəvi neftin müalicəvi əhəmiyyətinin onda olan naften karbohidrogenləri ilə əlaqədar olduğu ideyasını dahi Yusif Məmmədəliyev irəli sürmüşdü və təxminən 70 il aparılan çoxistiqamətli və dərin tədqiqatlar sayəsində bu neftdən “Ağ Naftalan yağı”nın alınma texnologiyası və onun əsasında dərman və kosmetik vasitələrin işlənməsi həyata keçirilib”, - deyə institutun direktoru bildirib.