Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-07 11:50:00
“Heç birimiz arzulamırıq ki, övladımız böyüyüb Hitler olsun” - Şamil Sadıq  

“Heç birimiz arzulamırıq ki, övladımız böyüyüb Hitler olsun”.

AzEdu.az xəbər verir ki, bu sözləri şəxsi facebook səhifəsində Hədəf Şirkətlər qrupunun baş direktoru Şamil Sadıq yazıb.

O, çapa hazırlanan “İnsan Mühəndisi və ya Şagird, Valideyn və məktəb dairəsi” adlı kitabından bir hissəni oxucuları ilə paylaşıb.

Şamil Sadıq şagirdlərin formalaşmasında kumir məvhumunun böyük rol oynadığını və onu seçmək üçün düzgün üsullardan istifadə etməyin vacibliyini qeyd edib.

“Şagirdlər formalaşma mərhələsində müxtəlif şəxsiyyətlərin təsirinə düşür, onları özlərinə kumir seçirlər. Bu təbii haldır. Etiraf edək ki, şagirdlər özlərini tanıma mərhələsində daha üsyankar, inqilabçı və yenilikçi olmağa meyilli olurlar. Bu gün yeniyetmə şagirdlər arasında sorğu aparsaq, onların çoxu Hitler, Çe Gevara, Çingiz xan, Napoleon, Maykl Cekson və s şəxslərin adlarını qeyd edərlər. Bunu görən valideyn və müəllim  narahat olur. Hər iki tərəf öz mövqeyində haqlıdır.

Gəlin görək bu nə qədər təhlükəlidir? Valideyn və müəllimlərin arzusu odur ki, şagirdlər, əsasən, hər kəsin birmənalı şəkildə qəbul etdiyi  insanları özlərinə kumir seçsinlər. Məsələn, Nizami Gəncəvi, Eynşteyn, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Mübariz İbrahimov və s. Əlbəttə  bu cür şəxsiyyətlərə də üz tutanlar az deyil. Lakin şagirdlər 11-15 yaşlarında dünya lideri olan, onun taleyini dəyişən, güclü şəxslərə meyll edirlər. Bu da onların yaş xüsusiyyətidir.

Lakin heç birimiz istəmirik ki, övladımız böyüyüb Hitler olsun. Amma insanların fərqlənməyə  ehtiyacı var və hər gənc buna meyillidir. Bir müddətdən sonra  özünün yanlışlarını görən gənc, bu fikrindən daşınacaq. İlk növbədə bu halları faciə zənn edib, şagirdin üstünə getməkdənsə, onunla söhbət edib, kumir seçdiyi şəxsi tanımasına kömək etmək lazımdır. Məsələn, İmadəddin Nəsimi də, Cəlil Məmmədquluzadə də dövrünün etirazçılar idilər, Onlar da Çe Gevara kimi reklam olunsa, diqqətçəkən tərəfləri önə çıxarılsa, şagirdlər hökmən onları da seçərlər.

Maraqlıdır, Cəlil Məmmədquluzadə, Nəsimi kimi axına qarşı gedən övladımız olarsa, ona da “dur” deyəcəksiz?!  Necə ki, Nəsimini, Martin Luteri cəmiyyət də o zaman qəbul etmirdi, ailələri bundan çox narahat idilər.Eləcə də o cür olmaq istəyən övladlarımızı da biz qəbul etməyəcəyik.

Zənnimcə, bu cür məsələlərdə sakit olmalı, onlara həqiqəti və məntiqi yanaşmanı öyrətməliyik. Özlərini ifadə etmələrinə mane olmamalıyıq. Məsələn, Şah İsmayıl Xətaini pafoslu və şablonlarla təbliğ etməkdənsə, onlara 5-10 maraqlı faktı demək və onu araşdırmalarına yönləndirmək yetərlidir. Nəzərə alın ki, dünyanı bu günə gətirib çıxaranlar, mühitinə etiraz edənlər, ilk olaraq qəbul edilməyən, sonradan isə dahi adlandırdığımız şəxsiyyətlər olub”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları