Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-07 09:48:00
"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -MÜSAHİBƏ

 “İxtisasım üzrə iş tapmaq qərarına gəldim. Bu dəfə də iş tapa bilmirdim. Müraciət etdiyim hər yerdə 2 illik iş təcrübəsi tələb edirdilər. Beləcə hər yerdən əliboş qayıdırdım”.

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin nəzdində Koreya standartları əsasında yaradılan Peşə Təhsili Mərkəzinin mexanika ixtisası tələbəsi Xətai Rzazadə bildirib.

Azərbaycan Dövlət Dənizçilik Akademiyasının məzunu olan X.Rzazadə ixtisasını sevərək seçsə də, iş tapa bilməyib. Elə buna görə də peşə təhsili almaq qərarına gəlib:

“2015-ci ildə Azərbaycan Dövlət Dənizçilik Akademiyasına qəbul olduqdan sonra Bakıya gəldim. Ailəmlə birlikdə yaşayıram. 2 bacım Bakı Dövlət Universitetini, qardaşım Azərbaycan Texniki Universitetini bitirib.

2019-cu ildə  ADDA-nı bitirdikdən sonra magistraturaya hazırlaşsam da, qəbul ola bilmədim. Sonradan ixtisasım üzrə iş tapmaq qərarına gəldim. Bu dəfə də iş tapa bilmirdim. Müraciət etdiyim hər yerdə 2 illik iş təcrübəsi tələb edirdilər. Beləcə,  hər yerdən əliboş qayıdırdım.

 Ali təhsil aldığım üçün peşman deyiləm. Ali  təhsil mənə çox şey qazandırdı: əvəzsiz müəllimlər, qrup yoldaşları və s. Mühazirə otağında oturmağın özü belə misilsiz xatirə kimi yaddaşımda iz qoydu. ADDA-da vəziyyət digər universitetlərdən bir qədər fərqli idi; saç-saqqal səliqədə, daim vahid geyim formasında olmalıydıq.  Tələbələr arasında ayrıseçkilik olmur, hamı eyni formada eyni qaydada təhsil alırdı.

Gəmiqayırma və gəmi təmiri ixtisasını  da sevərək seçmişdim. Onu, gələcəyin ixtisası hesab edirdim.  Asanlıqla iş tapacağımı da zənn eləsəm də, heç də düşündüyüm kimi olmadı.   Elə buna görə də,  yenidən başqa təhsil almaq qərarına gəldim”. 

“Gələcəyimi düşünməli olduğumu dedi”

Uzun müddət iş axtaran Xətai, elə peşə təhsili mərkəzinə qəbul olduğu gün ixtisasına uyğun olmasa da iş tapa bilir. Dərsləri ilə iş saatları uyğun gəlmədiyindən o, seçim etmək məcburiyyətində qalır. Peşə təhsilini seçməsində isə ailəsi ona dəstək olur. Düzgün qərar verdiyini düşünən X.Rzazadə, qısa müddət ərzində çox şey öyrəndiyini deyir:

“Bu işdə əsas dəstəkçim ailəm oldu. Peşə məktəbinə qəbul olduğum gün iş də tapmışdım. Dərslərlə vaxtı uyğun gəlmədiyi üçün hansını seçəcəyimi bilmirdim. Atamla məsləhətləşdim. O da gələcəyimi düşünməli olduğumu dedi. Beləliklə, peşə təhsili almaq qərarına gəldim.

Düzgün qərar verdiyimi düşünürəm. Çünki təhsil aldığım qısa müddət ərzində çox şey öyrəndim.  Burda isə, nəzəri biliklərlə yanaşı praktikanı da öyrənirik.

Çox qısa bir zaman oxusam da burdakı  mühit tam qane edir. Müəllimlər bizə lazımı sərbəstlik verirlər.  Biri 45 dəqiqə olmaqla gündəlik 6-7 dərsimiz olur. Ev tapşırıqlarımız  belə çox maraqlıdır. Keçdiyimiz dərslərlə bağlı araşdırmalar aparırıq” .

“İnsan daim öz üzərində işləməlidir”

Ali təhsilli olduğu üçün peşə təhsili mərkəzinə iddialı gələn Xətai, sonradan, bu fikrin yanlış olduğunu görüb:

“Məncə, elm elə bir şeydir ki, bir ucdan dolduqca bir ucdan boşalır. Bildiklərimizi daim təkrarlamaq lazımdır. Ali təhsilli olduğum üçün bura daha iddialı gəlmişdim. Bəzən sıxılır, dərslərdə oturmaq  istəmirdim. Amma bu hissi içimdə tez bir zamanda boğurdum. Çünki ali təhsil həyata tam hazır olmaq demək deyil. İnsan daim öz üzərində işləməlidir”.

“Biz onlardan çox şey öyrənə bilərik”

Söhbət əsnasında, həmsöhbətimiz, yeni peşə təhsili müəssisəsini seçmə səbəbindən də danışır:

“Məni bu peşə təhsili müəssisəsində çəkən ilk şey Koreya standartları oldu.  Onların texnoloji biliklərinə az-çox bələd olduğum üçün tərəddüd etmədən qeydiyyatdan keçdim. Koreya hazırda dünyada ən çox inkişaf edən dövlətlər sırasındadır. Biz onlardan çox şey öyrənə bilərik.  Bura yeni açılıb, eşitdiyim qədərilə təhsil tamam fərqli qaydada təşkil ediləcək”.

“Aparatlar sanki insanı, öyrənməyə, onlar üzərində işləməyə çağırırdı”

X.Rzazadə əvvəllər peşə təhsili haqda elə də yaxşı düşünməsə də artıq fikirləri tamamilə dəyişib.  Həm dərsləri, həm də müəllimlərini çox sevən Xətai, onlar haqda ağız dolusu danışdı:

“Əvvəllər peşə məktəbləri haqda heç də yaxşı olmayan fikirlər eşitmişdim. Buranı da digərləri kimi zənn edirdim. Hətta bir-iki ay oxuduqdan sonra çıxmaq fikrim var idi. Lakin bura gəlib, istər monual, istərsə də rəqəmsal dəzgahları gördükdən sonra fikrim dəyişdi. Aparatlar sanki insanı, öyrənməyə, onlar üzərində işləməyə çağırırdı. Xüsusilə də, rəqəmsal aparatlar daha maraqlıdır. Onlarla tam təhlükəsiz şəraitdə lazımı detalları hazırlamaq olar. Bunları istənilən sahədə: maşınqayırma, gəmiqayırma, silahqayırma və s.  istifadə etmək olar. Burda bir çox ixtisaslar var. Amma mənə görə, ən əsası, mexanikadır. Çünki istənilən ixtisas üçün müəyyən avadanlıq lazım olur. Bu avadanlıqlar  da məhz mexanikada hazırlanır. Elə dərs otaqlarında da ilk mexanika kabineti gəlir.

Dərslər, eynilə, deyildiyi kimi, 20 faiz nəzəri 80 təcrübə əsaslarla keçirilir.  Bizə mühazirə otağında nəzəri biliklər verilir, daha sonra təcrübə otaqlarında öyrəndiklərimizi tətbiq edirik.  Həftənin ən az 3 günü praktika otaqlarında oluruq.

Bizim ixtisasda dərs deyən 3 müəllimin hər biri Koreyada təcrübə keçiblər. Burda dərsliklərimiz də daha öyrədicidir. Məsələn, metalla iş adlı fənnimiz var. Dərslikdə həmin fənnin nəzəri bilikləri öyrədilirsə, praktikada artıq metalı hazırlamaq üçün bizə praktiki şəkildə təqdim edirlər. Praktikanı da əvvəl müəllimlərimiz göstərir.   İstənilən tələbə üçün ayrı monual dəzgahlar var. Hər birimiz rahat öyrənə bilirik.  Müəllimlərin verdiyi sərbəstlik nəticəsində  hamı öz fikrini səsləndirə bilir”.

“Çünki irəliləmək istəyirdim”

Həm oxuyub, həm işləyən müsahibimiz, peşə təhsili ilə kifayətlənməyib, magistraturanı da bitirmək fikrindədir:

“Hazırda  firmaların birində satıcı işləyirəm. Magistraturaya qəbul ola bilmədikdən sonra ağlımda sadəcə iş var idi.  Sonra bununla bir yerə gedilməyəcəyimi gördüm. İrəli getmək istəyirdim. Sırf təhsilim üçün yarım iş gününə keçdim. Çünki irəliləmək istəyirdim.

Peşə təhsilini başa vurduqdan sonra, tək bununla kifayətlənməyib, magistraturanı da bitirmək fikrindəyəm. Daha sonra, artıq, yaranan imkanların hər birindən istifadə edərək, öz karyeramı qurmağı düşünürəm. Gəmiqayırma və gəmi təmiri ixtisasımı çox sevdiyim üçün bəxtimi ilk bu sahədə sınayacağam.  Peşə məktəbində öyrəndiklərimi gəmiqayırmaya tətbiq etmək fikrindəyəm. Heç yerdə iş tapmasam belə, özümə aid kiçik bir yerdə işləyə də bilərəm”.

“Gələcəklə bağlı planlarım həqiqətən çoxdur”

Son olaraq , gələcək planlarından danışan Xətai, qarşısında çox imkanlar yarandığını, və bu imkanların hər birindən istifadə edəcəyini deyir:

“Müasir texnologiya yeniliklər deməkdir. Bu yeniliklərdə əsas olan insan təhlükəsizliyidir. Burda biz rəqəmsal texnologiyalarla aparatları idarə etməyi öyrənirik.  Eyni zamanda,  monual alətlərlə də işləyirik.  Texnologiya inşkişaf etdikcə ona ayaq uydurmaq lazımdır. Rəqəmsal texnologiya  isə tamam başqa bir aləmdir. Lazımı avadanlıqları biz monual aparatlarla hazırlasaq da bunlar rəqəmsal texnologiyanın etdiyi qədər yaxşı olmur. Bu aparatlar vasitəsilə 1 həftəyə gördüyümüz işi bir günə başa vura bilərik. Beləliklə, vaxta da 70 faizə qədər qənaət etmək olar. Bu da öz növbəsində, ölkə iqtisadiyyatına da müsbət təsir göstərəcək.  

Məzunlara iş imkanı da yaradılır. Biz buranı bitirdikdən sonra təhsil mərkəzinin müqavilə bağladığı müəssisələrdə işə başlaya bilərik. Bu çox sevindirici haldır. Amma mənim əsas hədəfim ilk olaraq, magistratura təhsili almaqdır.  İxtisasımı mükəmməl bildikdən sonra, xaricə getmək fikrim də var.

Gələcəklə bağlı planlarım həqiqətən çoxdur. Əlimdəki imkanları bir-bir yoxlayacam. İlk olaraq, burda öyrəndiklərimi öz ixtisasıma tətbiq etmək istəyirəm.  Gəmiqayırma və gəmi təmirinin əsası da məhz texnologiyadır. Gəmiçilik ixtisasıma yeniliklər etmək fikrindəyəm.

Hazırda Azərbaycanda texnologiya o qədər də inkişaf etməyib.  Hətta ixtisasıma tam yiyələndikdən sonra, öz karyeramla yanaşı burda müəllim işləmək fikrim də var. İnsanları texnologiyaya  yönləndirərək mütəxəssislərimizin sayını artırmaq istəyirəm”.