Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-06 17:36:00
Azərbaycanlı alimin monoqrafiyası Türkiyədə nəşr edilib

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru,  professor Musa Qasımlının “Azərbaycan, Ermənistan və Türkiyə: gerçək tarix axtarışı (1920-1994)” adlı kitabı Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun Atatürk Araşdırma Mərkəzi tərəfindən Diyanət Vəqfi mətbəəsində nəşr edilib. 1500 tirajla nəşr edilən monoqrafiyada Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Gürcüstan və digər ölkələrin ən mötəbər arxiv materialları əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Qars konfranslarında ərazi məsələlərinin, Lozan konfransında “erməni məsələsi”nin həlli, sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması məsələləri öz əksini tapıb.

İrəvanda Türkiyə nümayəndəliyinə hücum, XX əsrin 20-30-cu illərində xarici ölkələrdən ermənilərin gətirilməsi, İkinci dünya müharibəsindən sonra Ermənistan SSR rəhbərliyinin Azərbaycandan DQMV-ni qopartmaq cəhdləri, Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi, bunlar baş tutmadıqda azərbaycanlıların tarixi  torpaqlarından deportasiya edilməsi, onların hər cür şəraiti olan evlərinə və təsərrüfatlarına xaricdən gətirilən ermənilərin yerləşdirilmələri, erməni diasporasının və Ermənistan SSR rəhbərliyinin əsassız iddiaları, anti-türk fəaliyyətləri haqqında faktlar da qeyd olunub. 

Monoqrafiyada uydurma “erməni soyqırımı” məsələsinin gündəliyə gətirilməsi, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdikləri terror aktları, Azərbaycan torpaqlarını ələ keçirmə cəhdləri, Ermənistanın hərbi təcavüzünün başlanılması, gedişi və nəticələri də araşdırılaraq bəhs edilib.  

Kitab Türkiyə türkcəsinə hüquq üzrə fəlsəfə doktoru Əli Əsgər və filologiya üzrə fəlsəfə doktoru  Nurlanə Qasımlı-Mustafayeva tərəfindən çevrilib.

Elmin İnkişafı Fondunun qrantı hesabına yazılmış bu əsər əvvəllər Bakıda və Moskvada Rusiya Mədəniyyət Fondunun nəşriyyatında da çap olunub. (Azərbaycan məllimi)