Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-06 12:03:00
“Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramı çərçivəsində təlimlər davam edir

“Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramı 2019-2020-ci illər üçün nəzərdə tutulub və amerikalı ingilis dili mütəxəssisi Natan Kar tərəfindən həyata keçirilir.

Ph.D Natan Kar “ingilis dili xarici dil kimi” sahəsində (EFL) müəllimlərin peşəkar inkişafı təlimlərini həyata keçirən təhsili qiymətləndirilməsi ilə məşğul olan ingilis dilinin əcnəbilər üçün tədrisi (TESOL) üzrə təcrübəli ekspertdir. İngilis dilinin tədrisi və qiymətləndirilməsi ilə bağlı çap olunmuş işlərindən əlavə, ekspert Qazaxıstan, Vyetnam, İndoneziya və Tayvan kimi bir sıra ölkələrin ali təhsil müəssisələrində müəllimlərin peşəkar inkişafı ilə bağlı təlimlər və seminarlar həyata keçirib.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin ingilis dilinin qiymətləndirilməsi istiqamətində apardığı fəaliyyətə dəstək göstərmək üçün ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Səfirliyin “English Langauge Specialist (ELS)” proqramının bir hissəsi kimi “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” adlı üç mərhələli ELS layihəsinin ikinci mərhələsi davam edir.

Təlimlərdə Kaliforniya Dövlət Universitetinin professoru Natan Kar DİM-in əməkdaşları, ekspertləri və DİM ilə əməkdaşlıq edən ingilis dili müəllimləri ilə buraxılış və qəbul imtahanlarında ingilis dili bacarıqlarının qiymətləndirilməsi üçün tapşırıq nümunələrinin hazırlanması və ekspertizasının aparılmasına dair müzakirələr edir və bu istiqamətdə məlumatlar bölüşür.

Qeyd edək ki, təlimlər iki hissəli təşkil edilir. Birinci hissədə ekspertlər və DİM ilə əməkdaşlıq edən ingilis dili müəllimləri ilə xarici dil üzrə müxtəlif bacarıqları ölçən test nümunələrinin hazırlanması yolları müzakirə olunur və müvafiq nümunələr hazırlanır. İkinci hissədə isə DİM əməkdaşları və daha təcrübəli ekspertlərlə hazırlanan nümunələrin ekspertizasının aparılması yollarına dair fikir mübadiləsi aparılır.

Təlim proqramına uyğun olaraq qrammatika və söz ehtiyatının, eyni zamanda oxu bacarıqlarının qiymətləndirilməsi yolları və onların yoxlanılmasının CEFR standartlarına uyğunlaşdırılması müzakirə edilib, bu sahələri ölçən test nümunələri hazırlanıb və hazırlanan nümunələr ekspertiza edilib.

Eyni zamanda, dinləmə, yazı və danışma bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar müzakirələr aparılacaq.

Xatırladaq ki, layihənin II mərhələsinin təlimləri 30 sentyabrda başlayıb və oktyabrın 10-dək davam edəcək, birinci mərhələ isə 2019-cu il 1-12 aprel tarixlərində keçirilib.