Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-04 16:00:00
“Qızların təhsildən  yayındırılması mənə müəllim və xanım  kimi pis təsir edir” -  Ucqar kənd müəllimi  

“Ucqar kənd məktəbində müəllim olmağa hər kəsin cəsarəti çatmır. Çünki, müəllimlər ucqar kənd məktəbində çalışmağın çətinliyini düşünürlər”

Bu sözləri AzEdu.az-a müsahibəsində ucqar kənd məktəbinin müəllimi Səltənət Qurbanova deyib.

Müsahibimiz Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqənin qalibi Göygöl rayon Çaylı kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimidir.

AzEdu.az Səltənət Qurbanovla müsahibəni təqdim edir:

Ucqar kənd müəllimin öz dilindən təqdimatı: Mən Səltənət Qurbanova Gəncə şəhərində anadan olmuşam. 2008-ci ildə orta məktəbi bitirərək Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul oldum. Bakalavrı fərqlənmə diplomu ilə bitirərək eyni ixtisasın magistr səviyyəsinin məzunu olmuşam, magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2015-ci ildə MİQ müsabiqəsindən   uğurla keçərək Göygöl rayonu Çaylı kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışam.

Tanışlıqdan sonrakı sözardı…

-Səltənət  xanım, istərdik rəhbəri olduğunuz “Effektli öyrənmə” layihəsi haqqında danışasınız…

-Hazırda Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə  III Qrant müsabiqəsində qalib olmuş  “Effektli öyrənmə” adlı layihənin icrasına başlamışıq. “Effektli öyrənmə” layihəsinin  icra müddəti 3 aydır. Layihə Göygöl rayonunun 6 ayrı ucqar kənd məktəblərində icra ediləcək. Bu layihə sentyabrın 15-i başlayıb və  dekabrın 15-nə qədər davam edəcək. “Effektli öyrənmə” layihəsinə hazırlıqlar sentyabrın 15-indən başlayıb. Amma layihənin təqdimatı və açılışı sentyabrın 30-da keçirildi.  Çünki  sentyabrın 30-na  kimi layihənin icrasına hazırlıq işləri görülüb.

Ucqar kənd müəllimin “Effektli öyrənmə” layihəsinin məqsədi…

-“Effektli öyrənmə” layihəsinin məqsədi Göygöl rayonunun ucqar kənd məktəblərinin IX sinif buraxılış imtahanlarında zəif nəticə göstərən şagirdlərin öyrənmə təcrübəsizliklərini aradan qaldırmaqdır. Həmçinin, layihənin məqsədi şagirdlərin buraxılış imtahanlarında yüksək nəticə göstərməsinə nail olmaqdır.

“Effektli öyrənmə” layihəsini öz işlədiyim məktəbdə tətbiq edib, müsbət nəticələr əldə etmişəm. Belə ki, Azərbaycan dili fənnindən son iki ildə buraxılış imtahanlarından “2” qiymət alan şagirdim olmayıb.

Ucqar kənd məktəbində işləməyin çətinlikləri... Zəhmətkeş ziyalılar…

-Ucqar kənd məktəbində işləməyin çətinlikləri çoxdur. Mənim ən çox gileyləndiyim məsələ isə internetin  yox səviyyəsində olmasıdır. Məlumdur ki, fəal interraktiv təlimdə araşdırma tipli tapşırıqlardan çox istifadə olunur. Lakin internetin çox zəif olması həm vaxt itkisinə səbəb olur, həm də şagird və müəllimlər üçün çətinlik yaradır.

 “Pedaqoji fəaliyyətə başlamağınız məktəbə hansı yeniliyi gətirib?” sualını isə Səltənət xanım belə cavablandırıb:

-Məktəbdə dərs dediyim gündən etibarən əminliklə deyə bilərəm ki, şagirdlərin Azərbaycan dili və ədəbiyyat fənlərinə maraq əvvəlki illərdən dəfələrlə artıq oldu. Dərs dediyim məktəbdə ali məktəblərə qəbul prosesində heç vaxt Azərbaycan dili və ədəbiyyat ixtisasını seçən məzun olmayıb. Amma pedaqoji fəaliyyətə başladığım ildən şagirdlərimdən “sizin kimi Azərbaycan dili və ədəbiyyat müəllimi olacağam” sözlərini eşitməyə başladım və belə də oldu. Bu il məzun olan bir şagirdim məni özünə örnək seçərək Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali məktəbə qəbul oldu. Onu da bildirim ki, bu il də şagirdlərim arasında Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyənlər çoxdur. Bir müəllim üçün bundan sevindirici nə ola bilər ki?

Maraqlıdır, Səltənət xanımın fikrincə, hansı məsələlər həll olunsa, rayonda təhsilin keyfiyyəti arta bilər?

 -Rəhbəri olduğum  "Effektli öyrənmə" layihəsi rayonda təhsil keyfiyyətinin artmasına xidmət edir. Düşünürəm ki, layihə tam icra olunub başa çatdıqdan sonra şagirdlərin oxumağa həvəsi artacaq, elə bu da təhsilin keyfiyyətinin  artması deməkdir.

“Kənddə qızları təhsildən yayındırırlar”

Söhbətin bu yerində müsahibə konkret sualla müraciət edirik. Bəzi müəllimlər kənd və rayonlarda qızların təhsildən uzaqlaşdırılmasına etiraz ediblər. Sizin kənddə elə bir hal yaşanıbmı?

-Bəli, dəfələrlə olub. Bir çox kəndlərdə olduğu kimi mənim çalışdığım kənddə də qızları təhsildən yayındırırlar. Qızların təhsil yayındırılması isə mənə həm müəllim, həm də qadın kimi mənfi təsir edir. Onu da da bildirim ki, qızların təhsildən yayındırılmasına etiraz etmişəm. Həmçinin, övladını təhsildən yayındıran valideynlə söhbət edib, fikrindən daşındırmağa çalışmışam. Təkcə mən yox, məktəbimizin direktoru da bu məsələyə ciddi yanaşır və qarşısını almaq üçün çalışırıq.

Ucqar kənd məktəbinin yüksək şagird davamiyyəti…

Səltənət xanım bildirib ki, çalışdığı məktəb ucqar kənddə yerləşsə də şagirdlərin dərsə davamiyyəti yüksək səviyyədədir:

-Əvvəllər yaxın ətrafım bildirirdi ki, çalışacağım məktəbdə dərs keçməyə şagird tapmayacağam. Həmçinin, “kənd məktəbidi”, “ucqar yerdi”, “kimdi dərsə gedən?” kimi ifadələr çox eşitmişəm. Amma çalışdığım məktəbdə dərsə davamiyyət həmişə yüksək səviyyədə olub. Bu gün də bu hal dəyişməz olaraq qalır.

Bəs Səltənət xanıma verilən aylıq maaş onun ehtiyaclarını ödəməyə yetirmi? O bu sualı sevinc hissiylə cavablandırır. Dinləyəkmi? – O zaman getdik!

-Təhsil Nazirliyi ucqar kənd məktəblərində çalışan müəllimləri düşünərək dərs dediyim məktəbdə də həvəsləndirmə(H2) tətbiq edib. Bu məbləğdə kirayə və kommunal ehtiyaclarını ödəməyə də kifayət edir.

“Şagirdlərimdə bu hisslər zəif olduqda təəssüflənirəm”

 -Hər zaman şagirdlərimə dediyim budur ki, şərt deyil ki hər kəs alim olsun, ilk növbədə insan olmağa çalışın. Nikbin olun, həyatı sevin, vətəninizi, xalqınızı layiqincə təmsil etməyə çalışın. Şagirdlərimdə bu hisslərin zəif olduğunu görəndə təəssüflənirəm və bu kimi hisslərin formalaşması üçün çalışıram. Çünki hər bir müəllim həm də əsl pedaqoq olmalıdır.

Səltənət xanım gələcəkdə həyata keçirmək istədiyi layihələrindən də söz açıb:

-Təhsillə bağlı müxtəlif ideyalarım var. "Effektli öyrənmə" layihəsi şagirdlərin imtahan nəticələrini yaxşılaşdırmağa, onlara motivasiya verməyə xidmət edir. Həmçinin, “Effektli öyrənmə” layihəsi  şagirdlərin vaxtlarını düzgün bölərək sistemli dərs oxumağı, daha artıq biliyə yiyələnməyi öyrədəcək. Məncə buna bənzər bir proqrama müəllimlərin də ehtiyacı var. Hər birimiz sistemli və ardıcıl çalışaraq, bilik və bacarıqlarımızı daha da artırsaq, heç də pis olmaz. 

MONOLOQ

Ucqar kənd müəlliminin monoloqunu isə sonda sizə təqdim edirik:

-Son olaraq demək istərdim ki, harada çalışmağımızdan asılı olmayaraq müəllimlik çox şərəfli peşədir. Hər birimiz bu peşənin öhdəsindən layiqincə gəlməliyik. Həmçinin, müəllim adına layiq olmağa çalışmalıyıq. Düşünürəm ki, ucqar kənd məktəbində müəllim olmağı hər kəs istəmir. Çünki, müəllimlər ucqar kənd məktəbində çalışmağın çətinliklərini düşünür.  Amma mən əksini düşünürəm. Çünki şəhərdə savadlı, bacarıqlı müəllimlər kifayət qədər çoxdur. Amma ucqar kəndlərdə yaşayan uşaqların bizə ehtiyacı daha çoxdur. Əminəm ki, şəhər məktəblərində çalışsam, peşəm mənə bugünkü qədər zövq verməzdi.

 Qeyd edək ki, III qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. Müsbət qərar alan 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə, qrant müsabiqədə 44 rayon və şəhər ümumitəhsil müəssisəsi və müəllimlər qalib gəlib.

Xatırladaq ki, "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtlərinin təsdiq edilməsi haqqında" Sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilib.

Müsabiqənin keçirilməsində başlıca məqsəd, təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti təmin etməkdi.

Günel Yaşarqızı
Müəllifin digər yazıları