Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-04 11:35:00
Təhsil şöbəsinin müdirindən ittihamlara cavab: “Bir məktəbi boş qoyub, digərində sıxlıq yaradırlar” - MÖVQE  

Bəzi ümumtəhsil müəssisələrində məktəbli sıxlığını balanslaşdırmaq üçün şagird qəbulu zamanı mikroərazi prinsipi tətbiq edilir. Bu prinsipin tətbiq olunduğu ümumtəhsil müəssisələrinə yalnız həmin məktəbin mikroərazisində qeydiyyatda olan və müəyyən üstünlüklərə malik şəxslər qəbul edilirlər.

AzEdu.az-a daxil olan məlumata görə, Bərdə şəhər texniki təmayüllü məktəb-liseydə mikroərazi prinsipi tətbiq olunmasa da, bəzi şagirdlərdən oradan çıxıb, qeydiyyatda olduqları ərazidə yerləşən məktəblərdə oxumaları tələb olunur.

Məlumata görə, məktəb-liseyin keçmiş direktoru, hazırda Bərdə Rayon Təhsil Şöbəsinin müdiri olan Rzaqulu Şərifov 7-8 ildir həmin məktəbdə təhsil alan şagirdlərin valideynlərini toplayıb bildirir ki, uşaqlarınızı məktəbdən çıxarırıq. Hansı ərazidə qeydiyyatdasınızsa, övladınızı orada oxudun. Həmin məktəblər boş qalıb.

“O məktəbləri boş qoyur, burada sıxlıq yaradırsız”

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifovla əlaqə saxlayıb. Şöbə müdiri bildirib ki, bu barədə Təhsil Nazirliyinin hər hansı təlimatı yoxdur. Belə bir tapşırığın verilməsi isə səbəbsiz deyil:

“Sizə kim nə deyib, necə deyib, özü bilər. Həqiqət budur ki, o məktəbə uzaq kəndlərdən gələn şagirdlər var. Dərsə gecikmələr olur. Müəllimlərə onlarla mütəmadi işləməyi tapşırmışıq.

Lisey məktəbdir, orada seçmə şagirdlər oxumalıdırlar. Həyata keçirdiyimiz siyasət də elə buna xidmət edir.

Təsəvvür edin, məktəb liseyin bir sinfində 40 şagird var. Təbii ki, heç də onların hamısı yaxşı oxuya bilmir. Əksəriyyəti kənar ərazilərdən gəlirlər. Deyirik, öz ərazinizdəki ümumtəhsil müəssisələri yaxşı məktəblərdir. O məktəbləri boş qoyur, burada sıxlıq yaradırsız. Məktəbdə yüklənmə həddindən artıqdır.

Sıxlığı azaltmağa çalışırıq. Çünki bir sinifdə 40 şagirdin olması o qədər də yüksək nəticə vəd etmir. Sıxlıq  nəticəsində bu il həmin məktəb IX sinif buraxılış imtahanlarında çox zəif nəticə göstərdi. Bu, Rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Təhsil Nazirliyini narahat etdi. Təsəvvür edin, texniki təmayüllü məktəb humanitar fənlər üzrə birincilik qazanıb. O qədər də istedadı olmayan, orta səviyyəli şagirdlərin oradan ərazilərinə uyğun olaraq uzaqlaşdırılmasına nail olmaq istəyirik”.

“Başa düşən valideyn övladını götürüb gedir”

Rzaqulu müəllim bildirib ki, öz ərazilərindəki məktəblərə getmələri tapşırılan şagirdlərdən hazırda liseydə təhsilə davam edənlər də var, çıxanlar da:

“Məsələn, bu yaxınlarda bir ailə təşəkkür etmək üçün yanıma gəlmişdi. Deyir, çox sağ olun, o vaxt məni başa saldınız. Övladımı 5 nömrəli məktəbə aparmışam. 1 həftədir ki, orda oxuyur, hər gün ondan dərs soruşurlar. Məktəb liseydə isə vaxt çatdırmaq olmurdu.

Bəzi valideynlər isə deyir ki, övladım anadangəlmə istedadlıdır. Halbuki buraxılış imtahanlarında 3 fəndən də “2” alıb. Onun liseydə növbəti ikiillik təhsili yaxşı nəticə vəd etmir. Başa salırıq ki, icbari təhsil IX sinifdə yekunlaşır, övladınız hər hansı peşə üzrə ixtisaslaşa bilər. Başa düşən valideyn övladını götürüb gedir”.

Şöbə müdiri xatırladıb ki, məktəb seçimi etmək valideynə məxsusdur. Amma qanunla məktəblər ərazilərə görə fəaliyyət göstərməlidirlər:

“Qanunla və mehribanlıqla, hərə öz ərazisində olan məktəbdə təhsil almalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları