Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-04 09:15:00
Müəllimlərin sertifikasiyası nə zaman keçiriləcək?-Proqnoz və təhlil  

 

“Əmək Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq”

Bu sözləri AzEdu.az-a açıqlamasında Nadir İsrafilov deyib. O bildirib ki, müəllimlərin sertifikasiyası ilə əlaqədar məsələnin gündəmdən düşməsi və həyata keçirilməməsinin səbəbləri barədə birmənalı fikir bildirmək düzgün mövqe olmazdı:

“Bu layihə birmənalı qarşılanmamışdı. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəylinin açıqlamasında isə bildirilirdi ki, dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyasının ləğvinin və sertifikasiyadan keçiriləcəyi hələ müzakirə mərhələsindədir: “Bunlar incə məsələlərdir. Ona görə də hələ müzakirə olunur. Parlament bununla bağlı qərar verəcək”.

N.İsrafilov vurğulayıb ki, müəllimlərin attestasiyası bir neçə dəfə planlaşdırılsa da, müəyyən səbəblərdən onu reallaşdırmaq mümkün olmayıb:

“Hələ 1999-cu ildə dövlət komissiyası tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında "rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımı diqqət yetirilməməsi” barədə müddəalar xüsusi olaraq vurğulanmış və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu. Belə ki, bununla əlaqədar, Nazirlər Kabineti "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə" 23 may, 2001-ci il tarixli, 97 №-li qərar da vermişdi. Nazirliyin 21 oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu. “Proqram”da attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun proseduralar tələb olunduğundan reallaşması mümkün olmadı”.

Ekspert qeyd edib ki, məhz buna görə “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik Qiymətləndirmə ilə əvəz olundu. Məsələ ondadır ki, Diaqnostik qiymətləndirmə də  hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı:

“Hələ ki, son rəsmi məlumatlar ondan ibarətdir ki, nazirlikdə müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişiklərin edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib. Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olarsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq: “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” hazırlanma mərhələsindədir. Qaydalar təsdiq edildikdən sonra qeyd olunan proses barədə ətraflı məlumat veriləcək”.

“İstənilən halda, Sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir. Bununla belə ədalət naminə razılaşmalıyıq ki, Sertifikasiyanın optimal variantını işləyib hazırlamaq, işlək mexanizmlərini müəyyənləşdirmək, 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirmək düşündüyümüz qədər də asan məsələ deyil. Sertifikasiya olsun, attestasiya olsun – gec olsun, güc olsun...”- deyə təhsil eksperti N. İsrafilov əlavə edib.

Ayşə Müseyib