Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-03 17:22:00
 “İlin gənc müəllimi” 2019 müsabiqəsinin qalibləri mükafatlandırıldı -FOTOLAR

Oktyarın 3-də Azərbaycan Respublikasının Milli Məclisində Milli Məclisin Gənclər və İdman Komitəsi, Azedu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilən “İlin gənc müəllimi” 2019 müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, gənc müəllimləri əhatə edən müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverici faydalı işlər görən ən yaxşı müəllimləri üzə çıxarmaq və gənc müəllimlərin cəmiyyətə faydalı fəaliyyətlərini qiymətləndirərək onları daha da həvəsləndirməkdir.

Müsabiqə böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.

Mükafatlandırma mərasimində Təhsil nazirinin müşaviri  Elnur Məmmədov, BŞTİ-nin  İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Milli Məclisin deputatları, ekspertlər, media nümayəndələri və müsabiqənin ilk onluğunu bölüşən müəllimlər iştirak ediblər.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev tədbiri giriş nitqi ilə açıq elan edib.

Komitə sədri bildirib ki, bu gün ölkəmizdə gənclər siyasəti istiqamətində görülən işlər bir çox sahələrdə öz effektiv nəticəsini göstərməkdədir. Bu mənada təhsil sahəsini xüsusi qeyd etmək lazımdır. O, müsabiqənin orta ümumtəhsil müəssisələrində çalışan gənclərin məhsuldar fəaliyyətinə güzgü tutduğunu, bu cür layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.

Çıxış edən Parlament Jurnalistlər Birliyinin sədri, Azedu.az təhsil portalının direktoru Elşad Eyvazlı müsabiqənin nəticələri ilə yanaşı, təhsil sahəsində görülən işlər və nailiyyətlərdən söz açaraq gənc müəllimlərə yeni tədris ilində uğurlar arzulayıb. 

Təhsil nazirinin müşaviri  Elnur Məmmədov isə çıxışında gənclərin son illərdə könüllü şəkildə müəllimlik peşəsinə axın etdiyini və bunun təhsilimizə modern ruh və ovqatın gətirdiyini xüsusi qeyd edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov paytaxtda fəaliyyət göstərən gənc müəllimlərlə ucqarlardakı həmkarları arasında qarşılıqlı fikir mübadiləsi, ortaq pedaqoji iş və layihələrin təhsilə verə biləcəyi töhfələrə toxunub.

Gənclər və idman komitəsinin üzvləri - Sevinc Hüseynova, Elşən Musayev, Cavid Osmanov, eləcə də sədr müavini Şahin İsmayılov çıxışlarında Azərbaycan təhsilinin son illərdəki inkişafı, ölkə başçısının təhsil sahəsinin inkişafı ilə bağlı verdiyi sərəncamlardan bəhs ediblər. Onlar müsabiqədə ən güclü onluqda yer alan müəllimlərin aktivlik göstəricilərini, onları qalib edən meyarları sadalamaqla bu kimi göstəricilərin təhsilin müasir inkişaf meyillərinə bariz nümunə olduğunu bildiriblər.

Tədbirdə çıxış edən digər qonaqlar da müəllimlik peşəsinin keyfiyyətlərindən danışaraq, gənc müəllimlərə fəaliyyətlərində uğur diləyiblər.

Sonda “İlin gənc müəllimi” müsabiqəsində I yerin qalibi fizika müəllimi Elçin Abbasov, II yerin qalibi ibtidai sinif müəllimi Şahid Muradlı, III yerin qalibi ingilis dili müəllimi Elvin Bəkirov və digərləri pul mükafatı, təltifnamə və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, “İlin gənc müəllimi” müsabiqəsi ikinci ildir ki, həyata keçirilir. Cari ildə təşkil edilən müsabiqə 23 aprel – 8 sentyabr tarixlərini əhatə edib. Ümumilikdə 3 mərhələdə keçirilən müsabiqədə müvafiq mərhələlər üzrə əvvəlcə 50, sonra 10 gənc müəllim mübarizə apararaq I,II və III yerlərin qalibi müəyyən edilib. Final mərhələsində Azedu.az-ın sorğu panelində yerləşdirilən elektron səsvermədə 504.385 nəfər iştirak edib.