Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-03 15:38:00
Direktor namizədlərə ən çox verilən sual: Müəllim yalnız bu halda işdən çıxarıla bilər

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı əmək qanunvericiliyi ilə bağlı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Müəllim hansı əsas olduqda işdən çıxarıla, əmək müqaviləsi ləğv edilə bilər?

Cavab:

Qanunvericiliyə əsasən, direktor müəllimin əmək müqaviləsini yalnız aşağıdakı əsaslarla ləğv edilə bilər:

-Müəssisə ləğv edildikdə;

-İşçilərin sayı və ya ştatları ixtisar edildikdə;

-Peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə müəllimin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan müvafiq qərar qəbul etdikdə;

-Müəllim özünün əmək funksiyasını və ya öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda;

-Müəllim çalışmanın yaş həddinə çatdıqda.

Əmək vəzifələrini kobud şəkildə pozulması dedikdə isə bunlar nəzərdə tutulur:

-Müəllimin öz xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

-Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, iş yerində sərxoş vəziyyətdə olması;

-Əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;

-Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

-Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

İş vaxtı inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları