Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-02 16:12:00
Valideynlərin yersiz qovğası – Müəllimləri bir-birinə qarşı qoyan ayrıseçkilik – Ciddi problem  

Yeni tədris ilinin başlanması kiçik görünən bir sıra dərin problemləri də aktuallaşdırıb.

 Çox söylənən məqamlardan biri isə ibtidai sinif müəllimlərinin valideynlər arasında yayılan reklamı ilə bağlıdır. Bu, bir müəllimə şöhrət, uğurlu karyera gətirsə də həmkarlarının reputasiyasına ciddi zərbə vurur.

Bəs, valideynlərin özləri də bilmədən apardıqları bu kampaniyanın daha hansı fəsadları var?

Ümumiyyətlə, bu halın qarşısını hansı tədbirlərlə almaq mümkündür?

“Müəllimlərin də az günahları yoxdur”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli bildirib ki, bu hal əsasən, şəhər məktəblərində müşahidə edilir. Rayon ümumtəhsil müəssisələrində belə faktlar çox təkrarlanmır:

“Şəhər məktəblərində sinifdə 35- 40 şagird olur. Problem budur ki, belə siniflərdə şagirddən ayda bir dəfə belə olsun, nə isə soruşulmur, müəllim vaxt çatdırıb onunla işləyə bilmir. Fəal şagirdlər öyrənir, digərləri isə kölgədə qalırlar.

Xatırladım ki, burada müəllimlərin az günahı yoxdur. Çünki diaqnostik qiymətləndirmə hər kəsin bilik dərəcəsini aşkarlayıb.

Amma müəllimlər üzərlərində işləmirlər. Bu da valideynin haqlı narazılığına səbəb olur. Düşünür ki, həmin müəllim övladıma heç nə öyrədə bilməyəcək. Halbuki, diaqnostik qiymətləndirmə nəticəsindən asılı olmayaraq, istənilən kadr üzərində çalışsa, hər şeyə nail olar. Valideynlərə də sübut edər ki, diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərsə də, üzərində işləyib, güclüdür”.

“Müəllimlər arasında münasibətin pisləşməsinə səbəb olur”

Direktorun sözlərinə görə, bu tendensiyanın törətdiyi fəsadlar çoxdur. Hər şeydən öncə, belə “kampaniyalar” məktəb rəhbərlərinin işini çətinləşdirir:

“Direktor dərsin bölünməsi, sinfin kompektləşməsində çətinlik yaşayır. Valideynlərin bu reklamları həm də müəllimlər arasında münasibətin pisləşməsinə səbəb olur.

Hətta bəzi valideynlər övladlarının 6 yaşı tamam  olmasına baxmayaraq, onu məktəbə gətirmir. Məktəbə 1 il gec qoyurlar ki, builki müəllimin qrupuna düşməsin, gələn il reklam olunan müəllimin sinfində oxuya bilsin”.

-Bəs, valideynlərin məşhurlaşdırdığı müəllimlər həqiqətənmi savadlı kadr olurlar?

“Düzü, reklam olunanların 80 %-i savadlı kadrlardır. Cəmi 20 %-i ucuz reklamın nəticəsi ola bilər. Çünki insanlar bir müəllimi məhz nəticəni gördüklərinə görə seçirlər. Nəticəsi olmayan müəllimin yanına heç kim getmir. Ümumiyyətlə, insanlar reklamı hədsiz şişirdilən şeyin ardınca bircə dəfə gedirlər. Keyfiyyətsiz olduğunu gördükdə ondan qaçırlar. Amma reklamla yanaşı nəticəni də görəndə valideynlər haqlı olaraq o istiqamətə yönəlirlər”.

“Attestasiya tezləşsin, işimizi bilək”

Nemət müəllim düşünür ki, bu problemin yalnız bir çıxış yolu var. O da attestasiyadır...

“İstərdim, attestasiya tezləşsin, biz də işimizi bilək. Savadlı kadrları başımıza yığıb işləyək. Diaqnostik qiymətləndirmədən 6 -8 bal toplayan müəllimlərlə işləmək olmur. Belə müəllimlərə sinif yalnız şagird çox olanda verilir. Əksər vaxtlarda onlara yalnız təsviri incəsənət, musiqi kimi yığma dərslər çatır.

Attestasiya olmayınca belə reklamlardan doğan problemlərin qarşısını almaq mümkün deyil. Bu olmasa, həm idarəçilikdə, həm şagird bölgüsü, həm də valideyn–müəllim münasibətlərində problem yaranacaq”.

“Bütün müəllimlər yaxşı olsalar, belə kampaniyalara ehtiyac olmaz”

Təhsil eksperti Məlahət Mürşüdlü isə müəllimlərin yaxşı və ya pis olması istiqamətində aparılan reklamı normal hesab edir. Onun fikrincə, bu halın qarşısını inzibati qaydada almaq yolverilməzdir:

“Bir müəllim haqqında kampaniya aparmaq, onun haqqında xoş söz söyləmək valideynin haqqıdır. Sadəcə, bütün müəllimlər üzərlərində çalışmalıdırlar ki, bu kampaniyaya rəvac verilməsin. Hər müəllimin nəticəsi yüksək olmalıdır. Bütün müəllimlər öz fəaliyyətlərində dönüş yaratmalı, daha yaxşı olmağa çalışmalıdırlar. Bütün müəllimlər yaxşı olsalar, belə kampaniyalara ehtiyac olmaz”.

Ekspert repetitorluq sisteminə bu kimi halların da təsir göstərdiyini bildirib:

“Bir müəllimin sinfinə  normadan artıq şagird yığılır. O, bu cür sinifdə çalışa bilmir. Bundan əlavə, çox şagirdin olduğu sinifdə nəticə ürəkaçan olmur və əlavə məşğələlərə ehtiyac yaranır. Valideyn məcbur olub əlavə məşğələ üçün də xərc çəkir. Təbii ki, hər kəsin buna imkanı çatmır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları