Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 16:20:00
Müəllimlərin maaşı göstərdikləri nəticələrə görə fərqlənsin - Yeni təklif

Ekspert: "Bu sistemdə, ola bilər ki, 5 il stajı olan müəllim 30 il stajı olan müəllimdən çox maaş alsın"

Qardaş və qonşu Türkiyədə müəllimlik peşəsi ilə bağlı yeni qanunun qəbuluna hazırlaşırlar. Qanun qəbul ediləcəyi təqdirdə, ölkədəki məktəblər yerləşdiyi əraziyə və göstərdiyi nəticələrə görə 3 kateqoriyaya (A,B,C) ayrılacaq. Məktəb rəhbərliyinin və müəllimlərin əməkhaqları da bu kateqoriyaya görə fərqlənəcək.

Bu xəbər ölkəmiz üçün hər zaman aktual və müzakirələrə səbəb olan bir məsələni – müəllimlərin aylıq məvaciblərinin az olması məsələsini yenidən gündəmə gətirdi. Düzdür, son bir neçə ildə müəllimlərin əməkhaqlarında artımlar olub, həmçinin sentyabrın 1-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Ancaq əfsuslar olsun ki, maaşlar artıqca ərzaq və qeyr-ərzaq məhsullarının qiyməti də artır. Nəticədə müəllim öz bilik və bacarığını şagirdlərə daha yaxşı şəkildə çatdırmaq əvəzinə, evdəki soyuducunu doldurmaq barədə düşünür.

Necə etmək, hansı üsuldan yararlanmaq olar ki, müəllim aldığı məvacibi bir aya necə çatdıracağını yox, tədris etdiyi fənni şagirdlərə tam mənimsətdirmək barədə düşünsün? Sualımıza ekspertlərlə AYNA tutmağa çalışmışıq. 

Image result for İqtisadçı-ekspert Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, bu barədə hələ 4-5 il öncə Türkiyədə yeni qəbul olunacaq qərara oxşar təkliflə çıxış edib: “Təklifin mahiyyəti belə idi ki, həm məktəblər, həm də müəllimlər göstərdikləri performansa görə fərqli maliyyə və maaş sistemi ilə əhatə olunsunlar. Məsələn, buraxılış imtahanlarının və tələbə qəbulunun nəticələrindən asılı olaraq məktəblərin reytinqi tərtib edilsin, 1 şagird hesabı ilə təsdiq olunmuş baza təhsil xərcləri təsdiq olunsun və həmin reytinqdən asılı olaraq baza xərclərinə artırıcı əmsallar tətbiq edilsin. Eyni zamanda, bir məktəbin daxilində müəllimlərin fəaliyyətinin nəticələrini ölçən qiymətləndirmə sistemi hazırlansın. Məktəblər topladığı bala, müəllimlər isə həm çalışdıqları məktəblərin balına, həm də öz fərdi performanslarına uyğun differensial əməkhaqqı ala bilsinlər”.

Ekspertin dediyinə görə, bu sistemdə, ola bilər ki, 5 il stajı olan müəllim 30 il stajı olan müəllimdən çox maaş alsın: “Yəni ideyanı bu şəkildə vermişdik, amma meyarlar və sistemi geniş araşdırma qrupu işləyib hazırlamalıdır. Anlayıram ki, indiki qapalı, şəffaf olmayan, peşəkar kadrların defisitindən əziyyət çəkən bir təhsil sistemi üçün belə mürəkkəb islahat mümkünsüz görünür. Amma bütün maraqlı tərəflərin qatıldığı, peşəkar mütəxəssis ordusunun cəlb edildiyi, açıq və şəffaf təhsil idarəetməsi olduğu şəraitdə, bu, çox asan məsələdir. Necə ki,Vurğun Əyyub 1992-də mümkünsüz görünəni mümkün etmişdi”.

Təhsil eksperti Nadir İsrafilov isə bildirib ki, Sovet dönəmindən bəri bizim ölkəmizdə də dərəcələr üzrə ödəniş tətbiq olunub: “Ali kateqoriyalı, birinci kateqoriyalı, ikinci kateqoriyalı müəllim dərəcələrinə müvafiq olaraq fərqli əməkhaqqı alıblar. 15 iyun 1999-cu il tarixdə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda müəllim əməyinin stimullaşdırılması, əməkhaqqına diferensial yanaşma tətbiq edilməsi məqsədilə pedaqoji işçilərin attestasiyasının keçirilməsi nəzərdə tutulurdu. Sonralar attestasiya müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə əvəz olundu”.

Image result for Nadir İsrafilov

“Prezidentin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mövcud vəziyyət təhlil olunarkən qeyd olundu ki, “peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim amilinə təsir edən amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir”. Bütün bunlar nəzərə alınaraq Strategiyada “Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin - müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8–2 dəfəyədək artırılması” vəzifələri qarşıya qoyuldu”, - deyə N.İsrafilov qeyd edib.

Təhsil eksperti onu da əlavə edib ki, müəllimlərin öz işinə daha məsuliyyətlə yanaşmasına şərait yaratmaq məqsədilə 2014-cü il sentyabrın 15-dən "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilib: “Müəllim peşəsinə marağı artırmaq üçün Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilindən başlayaraq "Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur”.

“Müəllim əməyinin stimullasdırılması, əmək haqqına differensial yanaşma istiqamətində müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Ötən müddətdə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Onların dərs yükü norması 1,5 dəfə, əməkhaqları 2 dəfə artırılıb. Təhsil sistemində əməkhaqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezidentin sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə – 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda, ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra maaşı 1000 manatdan çox təşkil edir. Əlbəttə, müəllimlərin əməkhaqqının daha yüksək olması arzuolunandır. Bir həqiqəti də qəbul etməliyik ki, dövlət büdcəsində sosial xərclərin artımı müqabilində müəllimlərin əməkhaqqının artırılması da diqqət mərkəzində saxlanılır”, - deyə müsahibimiz vurğulayıb.

Sonda bir neçə ölkədə müəllimlərin aylıq məvacibləri barədə məlumat təqdim etmək yerinə düşər. ABŞ-da müəllimlərin əməkhaqqı, orta hesabla 4-5 min dollar təşkil edir. Fransada təcrübəçi müəllimə 26 saat dərs yükünün qarşılığında 1100 dollar, 30 illik müəllimə isə 2500 dollar maaş verilir. Avstraliyada 1-ci dərəcəli müəllim aylıq ortalama 2500 dollar, Almaniyada isə orta hesabla 3,5 min avro əməkhaqqı alır. Böyük Britaniyada aparıcı müəllimlərin maaşı 5000 dollar təşkil edir.(Ayna.az)