XƏBƏRLƏR

27.09.2019 17:29
Alimlər dünyada yeni geoxronoloji epoxanın başlandığını hesab edirlər

Dünyada hələ heç bir canlı növü Yer kürəsini insan qədər massiv və geri dönülməz şəkildə dəyişdirməyib. İnsanın ətraf mühitə təsirinin əlamətlərini hətta min illər sonra da Yer kürəsinin torpaq süxurlarında görmək mümkün olacaq.

AzEdu.az xəbər verir ki, beynəlxalq ekspertlərdən ibarət alimlər qrupu yaxın dövrdə formal olaraq Yer kürəsində yeni geoloji dövrün elan olunmasını təklif edəcək. Alimlərin fikrincə, təxminən 11 min 700 il bundan əvvəl başlamış, Dördüncü dövrün bir hissəsi olan və hazırkı mülayim dövr ilə müəyyən edilən Holosen geoloji epoxası artıq başa çatıb. Alimlər insan təsiri nəticəsində formalaşan yeni geoxronoloji dövrə Antropozen adı veriblər.

İsveçrənin gündəlik “Neue Zürcher Zeitung” qəzeti həmin ekspertlər qrupuna daxil olan tanınmış paleontoloq Raynholf Laynfelder ilə müsahibə dərc edib. Alim bildirib ki, yeni geoxronoloji dövr hipotezi əsrimizin əvvəlində görkəmli holland meteoroloqu, Nobel mükafatçısı Paul Krutzen (ozon dəliklərinin yaranmasının fiziki və kimyəvi əsaslarına dair araşdırmalar müəllifi kimi tanınır) tərəfindən irəli sürülüb. 2009-cu ildə Dünya Geoloqlar Cəmiyyətinin Stratiqrafiya Komissiyası həqiqətən də Yer kürəsində geoloji cəhətdən dövr dəyişikliyinin baş verdiyinə dair bu hipotezin araşdırılması üzrə işçi qrupu yaradıb.

Alim bildirib ki, 11 min 700 il əvvəl Buzlaşma dövrünə aid təbəqənin əriməsi ilə Holosen dövrü başladı və Yer kürəsində sabit iqlimin təşəkkül tapması insanların həm geniş ərazilərə yayılmasına, həm də qədim mədəniyyətlərin inkişafına şərait yaratdı. Səkkiz min il ərzində dünyada orta illik temperaturun cəmi bir dərəcə fərqlə davam etməsi insan övladına oturaq həyata keçməyə, əkinçilik və heyvandarlıqla məşğul olmağa münbit şərait yaratdı.

R.Laynfelder, həmçinin qeyd edib ki, artıq Yer kürəsində geoloji olaraq fərqli bir mənzərə ilə üz-üzəyik. Belə ki, 400 milyon il ərzində mavi planetin təkində yığılan karbon oksidlərinin (kömür, neft, təbii qaz və s.) əhəmiyyətli bir hissəsi son iki əsrdə insanlar tərəfindən istismar olunub və istehlak zamanı yaranan zərərli qazlar atmosferə buraxılıb. Havaya buraxılan antropogen azot və karbon oksidlərinin miqdarı təbii mənbələrin buraxdığı qazların miqdarını dəfələrlə üstələyir. Atmosferdə karbon oksidləri və metan qazının konsentrasiyası nəticəsində okean və dənizlərdə suyun səviyyəsi qalxır, okeanlarda turşuluğun miqdarı yüksəlir, hava və suyun temperaturu artır. Əgər bəşəriyyət günü bu gün fossil enerji mənbələrindən istifadəni dayandırsa belə, atmosferdəki zərərli qaz kütləsinin çoxluğu nəticəsində iqlim dəyişikliyi prosesləri yenə də davam edəcək. Yalnız uzun bir müddətdən sonra zərərli qazların atmosferdə miqdarı azala bilər və məhz buna görə də alternativ enerji mənbələrindən istifadəyə ciddi şəkildə diqqət ayrılmalıdır.

Alimin sözlərinə görə, bəşər övladının Yer kürəsinə mənfi təsirləri təkcə atmosferə buraxılan zərərli qazlarla bitmir. İnsan, həmçinin mavi planeti fiziki olaraq dəyişikliklərə məruz qoyub. Daimi buzdan azad quru sahəsinin 77 faizi daha toxunulmamış təbii ərazilər sayılmır, insan bütöv dağları yarır, landşaftda çay yataqları salır, süni su hövzələri və anbarlar yaradır, tikinti iqtisadiyyatı, kənd təsərrüfatı və mədən sənayesi torpaqda eroziya proseslərini sürətləndirir. Hazırda quruda və suda biomüxtəliflik böyük təhlükə altındadır, minlərlə bitki və heyvan növü insanın birbaşa təsiri ilə yox olub, bir çox ərazilərdə ev heyvanlarının qeyri-proporsional səviyyədə artımı vəhşi təbiəti məhvə sürükləyir, eləcə də əraziyə yad bitki və heyvanların müxtəlif qitələrə insan tərəfindən yayılması yerli növlərin yaşayış arealını məhdudlaşdırır.

R.Laynfelder qeyd edib ki, Yer kürəsində yeni geoxronoloji dövrün başlanma nöqtəsini dəqiq müəyyənləşdirmək çətindir, lakin İkinci Dünya müharibəsindən sonra Yer səthində və təkində gedən sürətlənmiş proseslər artıq dövr dəyişikliyinin baş verdiyinə dəlalət edir. Cəmi iki nəsli əhatə edən dövr ərzində dünya iqtisadiyyatı sürətlə inkişaf edib, enerji dövriyyəsi artıb və zərərli qazların havaya buraxılması partlayış səviyyəsinə çatıb. 1950-ci ildə dünyada ildə 1,5 milyon ton plastik material istehsal olunurdusa, bu rəqəm hazırda 325 milyon tona çatıb. Qədim Roma dövründən bəşəriyyətə məlum olan tikinti materialı betonun tam yarısı 1995-ci ildən sonra istehsal olunub. Dünyada alüminium istehsalının 98 faizi isə 1950-ci ildən sonraya düşür.

Müsahibənin sonunda qeyd edilib ki, yaxın müddətdə Stratiqrafiya üzrə Beynəlxalq Komissiyanın işçi qrupu yekun təklifini təqdim edəcək. Geologiya Elmləri üzər Beynəlxalq İttifaqın toplantısında isə Yer kürəsində Holosen dövrünün başa çatması və Antropozen dövrünün başlaması barədə qərar müzakirə aparılacaq, qərar veriləcək. Yer tarixində indiyədək canlıların kütləvi şəkildə məhvinə dair elmə beş hadisə məlumdur və onların hamısı təbii mənşəli (meteorit düşməsi, vulkan püskürməsi və s.) proseslər olub, lakin artıq içində olduğumuz, çoxlarının hələ də dərk etmədiyi altıncı proses isə antropogen, yəni insan mənşəlidir. Alimin sözlərinə görə, elmi cəhətdən yeni dövrün isbat olunması dünya ictimaiyyəti üçün də bir siqnal, dünyanı xilas etməyə tələsmək üçün bir çağırışdır. Antropozen dövrünün yeni müharibələr, dünyanı bölüşdürmə uğrunda savaşlar və təbii fəlakətlərə aparacağı və ya davamlılıq, təbii resursları qorumaqla gələcəyi olan cəmiyyətin qurulduğu dövrə çevriləcəyi son olaraq insanın öz əlindədir. (Azərtac)

İlin gənc müəllimi-Müraciət formu