Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 09:49:00
“Bu ixtisas qrupu üzrə on minə yaxın abituriyent və subbakalavr universitetlərə daxil ola bilməyib” - EKSPERT

“Təklif edirəm ki, 2020-2021 tədris ili üçün ali məktəblərə qəbul aparılan zamanadək II ixtisas qrupu üzrə plan yerləri azaldılsın və ya II ixtisas qrupunda yer alan regionşünaslıq, beynəlxalq münasibətlər, eləcə də dövlət və bələdiyyə idarəetməsi ixtisasları, III ixtisas qrupunun tərkibinə verilsin”

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil üzrə mütəxəssis Elçin Əfəndi şəxsi feysbuk hesabında paylaşıb. Onun sözlərinə görə, hazırda II ixtisas qrupuna maraq kəskin şəkildə azalıb:

“Bunun başlıca səbəbi II ixtisas qrupuna ümumi tarix fənninin əlavə edilməsidir. II qrupa hazırlaşan bir çox abituriyent, məhz bu səbəbdən III ixtisas qrupuna keçid edir. Nəticədə II ixtisas qrupu üzrə ayrılan plan yeri və bu qrupu seçən abituriyentlərin sayında kəskin şəkildə fərq yaranır. Təkcə 2019-2020 tədris ili üzrə ali məktəblərə qəbul zamanı II ixtisas qrupu üzrə 14.126 nəfər abituriyent ərizə verdiyi halda, III ixtisas qrupu üzrə 21.464 nəfər abituriyent ərizə verib. Amma II ixtisas qrupu üzrə 14.181 plan yeri ayrıldığı halda müsabiqədə 10.166 nəfər abituriyent iştirak edib. Bu zaman müsabiqəyə subbakalavrlar qoşulsa da, nəticədə bir o qədər dəyişiklik olmadı. Yenə də kifayət qədər boş qalan yer oldu”.

Elçin Əfəndi bildirib ki, III ixtisas qrupu üzrə 11.271 plan yeri ayrıldığı halda müsabiqəyə 17.465 nəfər abituriyent qoşulub:

“Müsabiqədə subbakalavrlar da iştirak etsə də, onlardan az sayda şəxs ali məktəbə qəbul olub. Təxminən 10.000 nəfərə yaxın abituriyent və subbakalavr məhz III ixtisas qrupu üzrə ali məktəbə daxil ola bilməyib. Bütün bunları nəzərə aldıqda II ixtisas qrupu barədə qeyd etdiyim fikirlər üzrə ciddi işlərin görülməsi zərurəti yaranır”.