Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 09:11:00
Duala bənzər peşə təhsili və təlimi barədə valideynlərə məlumat verilib

Qəbələ Dövlət Peşə Təhsil və İsmayıllı Peşə Tədris Mərkəzlərində üzüm və şərab ustası, mehmanxana inzibatçısı, iaşə xidmətləri üzrə mütəxəssis, turizm təşkilatçısı, aqroservis mütəxəssisi ixtisaslarına yeni qəbul olunan tələbələr və onların valideynləri ilə görüş keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, görüşdə valideynlərə “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində tətbiq edilən duala bənzər peşə təhsili və təlimi, istehsalat təcrübəsinin təqvimi, təcrübənin təşkili prosesi və müddəti barədə məlumat verilib. Duala bənzər peşə təhsili və təlimi yanaşmasının ənənəvi yanaşma ilə müqayisədə üstünlükləri diqqətə çatdırılıb. Tələbələrin istehsalat təcrübəsində fəal iştirakını dəstəkləmələri və təşviq etmələri üçün valideynlərə müraciət edilib.

Tədbirin sonunda valideynləri təcrübə prosesi ilə əyani tanış etmək məqsədilə “Aspi Agro” MMC, “İsmayıllı Şərab-2” MMC, “Aqroservis” MMC, “Qafqaz Tufandağ” və “Qafqaz Resort” otellərinə tanışlıq turu təşkil olunub.

Xatırladaq ki, “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.