Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-26 09:46:00
Bağça açmaq üçün vacib olan hüquqi proseduralar –Lisenziya necə alınmalı? –Qısa yol

 

 Ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti üçün müəyyən şərtlər nəzərdə tutulub. Bu şərtlərə əməl edilməməsi müəssisəyə lisenziya verilməməsi ilə nəticələnir.

 Lisenziya müvafiq qurumların müəssisənin fəaliyyətinə razılığını təsdiq edən sənəddir.

Bəs, məktəbəqədər təhsil müəssisəsi açmaq istəyənlər nə etməli, lisenziya ala bilmək üçün haradan başlamalıdırlar?

 AzEdu.az məktəbəqədər təhsil müəssisəsi açmaq istəyənlər üçün bələdçi rolunu oynayaraq uzun proseslərin qısa yolunu təqdim edir:

 Özəl uşaq bağçası açmaq üçün lisenziyanın verilməsi İqtisadiyyat Nazirliyinin səlahiyyətində olsa da, İcra Hakimiyyəti və Təhsil Nazirliyinin rəyi mütləqdir.

Haradan başlamalı?

Lisenziya almaq istəyənlər öncə “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidirlər. Müraciət zamanı müvafiq ərizə formasını doldurmalı və ərizəyə əlavə olunan sənədləri təqdim etməlidirlər. Ərizə və ona əlavə edilən sənədləri “ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən İqtisadiyyat Nazirliyinin əməkdaşları qəbul edir və qeydə alırlar.

Sənədlərdə çatışmazlıq yaranarsa, nə etməli?

Ərizədə və sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, İqtisadiyyat Nazirliyi 5 günə ərizəçiyə xəbərdarlıq edir. Ərizəçi həmin çatışmazlıqları ən geci 10 günə aradan qaldırmalıdır. Bu zaman lisenziyanın verilməsi ilə bağlı müddət dayandırılır və lisenziya verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddət bərpa olunur. Ərizəçi çatışmazlıqları 10 günə aradan qaldırmadıqda İqtisadiyyat Nazirliyi ərizənin baxılmamış saxlanılması haqqında akt qəbul edir və bu məlumatı 2 günə ərizəçiyə təqdim edir.

Ərizəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün təkrar ərizə ilə “ASAN xidmət” mərkəzi vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.

Sənədlərdə heç bir çatışmazlıq olmazsa, İqtisadiyyat Nazirliyi lisenziyanın verilməsi ilə bağlı rəy üçün Təhsil Nazirliyinə müraciət edir. 7 gün müddətində həmin müraciətə baxılaraq cavab verilir. Həmin müddət Təhsil Nazirliyinin əsaslandırılmış müraciəti ilə 20 günədək uzadıla bilər. Bu müddət ərzində rəy bildirilmədikdə müsbət rəy verilmiş hesab olunur.

Eyni zamanda İqtisadiyyat Nazirliyi lisenziya verilməsi ilə əlaqədar xüsusi hallarla bağlı ekspert cəlb edə bilər.

İqtisadiyyat Nazirliyi obyektin lisenziya almaq üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatlara uyğunluğunu qiymətləndirir. Nəticədən asılı olaraq, ən geci 10 günə lisenziya verir və ya lisenziya verilməsindən imtina haqqında akt qəbul edir.

Lisenziya ödənişi neçə günə edilməlidir?

Dövlət rüsumunun ödənilməsi tələb olunduqda bu barədə ərizəçiyə şifahi və ya məktub vasitəsi ilə məlumat verilir. Dövlət rüsumu İqtisadiyyat Nazirliyinin məlumatı alındığı tarixdən 5 günü ərzində ödənilməli, bunu təsdiq edən sənəd müvafiq “ASAN xidmət” mərkəzi vasitəsilə İqtisadiyyat Nazirliyinə təqdim olunmalıdır. Ödəniş barədə sənəd İqtisadiyyat Nazirliyinə təqdim edilmədikdə, lisenziya ləğv edilir və bu barədə 2 gün ərzində müraciətçiyə məlumat verilir.

Ödənişi təsdiqləyən sənəd təqdim olunduqda isə lisenziya 2 gündən gec olmayaraq müraciətçiyə təqdim edilir.

Nazirlik nə vaxt lisenziya verməkdən imtina edə bilər?

Azərbaycan qanunvericiliyinə görə, lisenziya olmadan bağçaların fəaliyyətə başlaması qadağandır.

Məktəbəqədər təhsil müəssisəsinə  lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilə bilər:

-Ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda;

-Ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları