XƏBƏRLƏR

25.09.2019 15:28
NASA infraqırmızı WFIRST teleskopunu Günəş şüalarından qoruyacaq koronoqraf hazırlayıb

Amerika mühəndisləri yüksək həssaslıq dərəcəsi olan optik infraqırmızı WFIRST teleskopunu Günəş şüalarından və digər ulduzlardan qoruyacaq koronoqraf hazırlayıblar. ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) reaktiv əməliyyatlar laboratoriyasından bildiriblər ki, bu qurğu astronomlara uzaq qalaktikalarda yerləşən planetlərin ilk təfsilatlı fotoşəkillərini əldə etməyə imkan verəcək.

AzEdu.az NASA-nın saytına istinadla xəbər verir ki, layihənin elmi rəhbəri Ceffri Kruk deyib: “Bu koronoqraf nə vaxtsa kosmosa göndərilən ən mürəkkəb astronomiya aləti olacaq. WFIRST teleskopu digər ulduzların və nəhəng qaz planetlərinin ilk spektrlərini və təsvirlərini əldə edəcək və astronomiya aləminə bunun mümkün olduğunu göstərəcək. Gələcəkdə kosmosa göndəriləcək teleskoplar kiçik daş planetləri də aşkar edə biləcək və ola bilər ki, onlarda su və həyat əlamətləri tapacaqlar”.

Genişbucaqlı İnfraqırmızı Tədqiqat Teleskopu - WFIRST (Wide Field Infrared Survey Telescope) NASA-nın altıncı böyük müşahidə aparatıdır və gələcəkdə məşhur “Hubble”in üç missiyasını əvəz edəcək. Agentliyin planına görə, onun inşası bu il başlanmalı idi, lakin layihənin statusunun müəyyən edilməməsi səbəbindən bu proses təxirə salınıb. ABŞ hökuməti büdcəsi 3,2 milyard dollar olan layihəyə ayrılacaq vəsaiti azaltmağa çalışıb, hətta “Artemis” adlı Ay missiyası ilə əlaqədar onu ləğv etmək istəyib. Amma alimlərin, habelə senator və konqresmenlərin ciddi etirazı səbəbindən onu qoruyub saxlamaq mümkün olub. Sentyabrın əvvəlində isə NASA teleskopun inşasına dair planın ilkin variantını təsdiq edib. Yaxın aylarda layihənin tammiqyaslı reallaşdırılmasına başlanacaq.

İlin gənc müəllimi-Müraciət formu