Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 11:45:30
“Azərbaycanda tibbə hazırlaşmaq üçün maddi imkanım olmadı, ona görə də...” - MÜSAHİBƏ

AzEdu.az-ın  “UniverMAYAK” rubrikası  çərçivəsində növbəti müsahibimiz Qazaxıstan Tibb Universitetində təhsil alan Elvin Kərimovdur.

-Elvin bəy,  ilk təhsilinizi harda almısınız?

- Mən Ağdaş rayonunda anadan olmuşam. Orta təhsilimi  orada almışam. 2012-ci ildə Mingəçevir Dövlət Universitetinə qəbul oldum. 2016-cı ildə  Sənayenin təşkili və idarə olunması ixtisası üzrə bakalavr pilləsini bitirdim. 2017-ci ildə isə Təhsil Nazirliyinin elanına əsasən Əhməd Yasəvi Universitetinə qeydiyyatdan keçdim. Sonra  imtahanı uğurla verdim və qrand qazanaraq Qazaxıstan Tibb Universitetinə  qəbul oldum. Hazırda II kurs tələbəsiyəm.

- Bu, dövlət proqramı idi? İmtahan hansı şəkildə həyata keçirildi?

- Bu proqram Təhsil Nazirliyinin saytında elan olunmuşdu. Ordan qeydiyyatdan keçdim. İmtahan  ingilis dili, riyaziyyat və məntiqdən oldu. 50 sual idi və ən az 40-nı doğru cavablandırmaq lazım idi. Mən isə 42-ni cavablandırdım.

- İlk təhsiliniz başqa sahə üzrə almısınız. Bəs sonrakı mərhələdə tibbi seçməyinizə səbəb nə oldu? Çətinliklər oldumu?

  • Sadəcə, həvəsim olduğu üçün ikinci təhsili bu sahədə almaq istədim.

- Tibbə marağınız necə yarandı?

-  Əslində, tibb sahəsinə marağım uşaqlıqdan var. Amma nədənsə ölkəmizdə bu sahədə təhsil ala bilmədim. Buna bir neçə şərt imkan vermədi. Bunlardan birincisi  o zamanlar hazırlaşmaq üçün  maddi vəziyyətin çətinliyi idi.

- Bəs tibb təhsili üçün niyə bu sahədə yaxşı tanınan Türkiyəni yox, məhz Qazaxıstanı seçdiniz?

- Buranı seçmək səbəbim, “Əhməd Yasəvi”nin iki dövlətin birgə və beynəlxalq səviyyəli universiteti olmasıdır. Əslində, bura Türkiyənin təhsil sistemi inteqrasiya etmiş kimi görünür. Niyəsini soruşsanız, demək istəyərəm ki,  yeni Türkiyə təhsil sistemini bu universitetdə görmək mümkündür; dərslərdən tutmuş imtahanların gedişinə qədər...

- Orada təhsil xərcləri necədir və nəyə görə müəyyən olunur?

  • Universitet ödənişsizdir. Tələbədən heç bir halda ödəniş tələb olunmur. Buranı fərqləndirən bəlkə də ən başlıca səbəb budur. Məncə, çoxlarının ağlından ödənişsiz universitet keçməz. Yəni hamı dövlət hesabına oxuyur.

- Təqaüd tələbəni qane edirmi?

- Təhsilə bağlı xərclər yoxdur. Sadəcə, tələbənin öz xərcləri var. Bura başqa yerlərə nisbətən ucuzdur. Hazırlıq sinfində tələbəyə 100 dollar məbləğində təqaüd verilir. Yataqxana pulu birillik (110 manat) alındığı üçün tələbəyə başqa aylarda çox da yük düşmür. Amma yemək xərclərini tələbə özü qarşılayır. Buna da verilən təqaüd bəs edir. Gündəlik yemək talonu günorta və axşam bizim pulla 4 manat təşkil edir.

- Hazırlıq sinfi qeyd etdiniz... Bu mərhələdə nələr öyrədilir, tələbələr necə hazırlaşdırılır?

- Hazırlıq mərhələsində dillər öyrədilir. Qazax, türk, rus və ingilis dilləri...

- Hazırlıq sinfi ödənişlidirmi və  universitetə tabedir?

- Bəli. Hazırlıq mərhələsi universitetə tabedir. İldə 6 imtahan olur: 4 blok və 2 əsas imtahan. Bunların nəticəsinə uyğun olaraq sizə üç ixtisas seçməyə icazə verilir.  Sıra ilə istəyinizə uyğun ixtisasları yazırsınız. Konkurs olur. Balınıza əsasən, qəbul olduğunuz ixtisas müəyyən olunur.

-Xarici tələbələr çoxdur və bu tələbələrə münasibət necədir?

- Tələbələrin çoxu xarici, yəni bütün türk dünyasından gələnlərdir. Bura müstəqil və müstəqil olmayan türk xalqları daxildir.

- Azərbaycanda tibb təhsilini necə qiymətləndirirsiniz?

- Azərbaycanda tibb təhsilini yaxşı qiymətləndirirəm.  Fikrimcə, tibb təhsilinin bir universitetdə cəmlənməsi rəqabəti aradan qaldırır.

-Təhsilinizi bundan sonra hansı ölkə universitetdə davam etdirmək istəyirsiniz?

- Təhsilimi Almaniyada davam etdirmək istəyirəm . Çünki ordakı təhsilə yiyələnib, daha çox uğur qazanacağıma ümid edirəm.

- Qazaxıstandakı  təhsildən razısınızmı?

-Təbii ki, buradakı təhsildən razıyam. Türkiyəli müəllimlər burada gözəl sistem yaradıblar.

- Oxuduğunuz universitetin tibbə verdiyi hansı töhfələr var?

- Hər ay tibb sahəsinə aid qəzet və jurnallar çap olunur. Universitet klinikası isə ödənişsiz fəaliyyət göstərir.

- Klinika hamı üçün ödənişsizdir?

- Təbii ki, müəyyən qaydalar  çərçivəsində ödənişsizdir. Məsələn, stomatologiya bölməsi ödənişsiz deyil. Məsələn, ay ərzində kvotalar ola bilər. Bundan başqa rentgen, qan analizi, həkim məsləhətləri və başqa xidmətlər pulsuzdur. Tələbələr üçün isə bütün xidmətlər ödənişsizdir.

- Tibbin hansı sahəsi daha çox inkişaf edib?

- Tibbin bütün sahələri üzrə ixtisaslar var. Amma terapevtlik daha yaxşı inkişaf edib.

- Qazaxıstanda tibb təhsili  Avropa və Amerika ilə nə dərəcədə ayaqlaşır?

- Ayaqlaşmaq deyəndə ki, bilirik bu  elə də inandırıcı deyil.  Amma maddi texniki bazaya baxdıqda onlardan heç də geri qalmır. Bəlkə də oradakı bəzi universitetlərin maddi texniki bazasından artıqdır.

- Universitetinizdə tanınmış həkimlərdən kimlər dərs deyir?

- Özbəkistan və Qazaxıstanın öndə gedən həkimləri dərs deyir. Bilirik ki, Özbəkistan tibb üzrə Asiyanın gözüdür.

- Ordakı tibb təhsil sistemini Azərbaycanla eyni səviyyədədirmi?

- Tam eyni olmasa da, eynilik təşkil edir.

- Bəs, nə kimi çatışmazlıqları var? 

- Çatışmaz cəhət deməzdim,  amma bəzi müəllimlər tələbələrin müstəqil fikirlərini dinləməkdən bir az qaçırlar.

- Təhsilinizi tibbin hansı sahəsi üzrə davam edəcəksiniz?

  • Kardioloq sahəsi üzrə davam etmək istəyirəm .

- Bəs, karyeranızı harada qurmaq  istəyirsiniz?

- Türkiyədə rezidenturaya daxil olub, karyerama orada davam etmək istəyirəm.

- Azərbaycan tibb təhsilində nələr tətbiq olunmalıdır, bizdə hansı sahələr daha zəifdir?

 -Məncə, Azərbaycan tibb sahəsində hazırda elektron xidmətlər  azdır. Pasiyentlər haqqında informasiyanı bir mənbədən almağa kömək edən vahid sistem yaradılmalıdır.