Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-25 10:00:00
“Vurğunu Misir Mərdanovla bərabər Türkiyəyə göndərdim və...” –Firudin Cəlilovdan maraqlı xatirələr

 

Azərbaycanda ilk dəfə test üsulu ilə qəbul imtahanını Vurğun Əyyub keçirib.

Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq təhsili naziri, professor  Firudin Cəlilov Vurğun Əyyubla bağlı xatirələrini yada salarkən söyləyib.

O, Vurğun Əyyubun ölümünü onun üçün olduqca üzücü olduğunu qeyd edib.

“Bu xəbəri eşitdiyim andan özümə gələ bilmirəm. Mən Vurğun  Əyyubu 1985-ci ildən tanıyıram. 30 ildən çoxdur ki,  onunla ünsiyyətimiz var idi. O zamanlar Vurğun Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyirdi. Çox prinsipial gənc idi. Həmin dövrdə bizimlə Milli Azadlıq Hərəkatında iştirak edirdi. Çox fəal idi. Mitinqlərdə də onunla bərabər iştirak edirdim.

1991-ci ildən parlamentdə komissiya sədri təyin edildim. Təhsil haqqında qanun layihəsini hazırlamağa başladıq. Bu müddətdə Vurğun bizə yaxından kömək edirdi.

Mən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını(TQDk) yaratdım; o zaman baş nazirin müavini idim. Elçibəyin razılığı ilə Vurğun oranın ilk sədri təyin edildi. O, TQDK-nın sədri kimi fəaliyyətini çox məsuliyyətlə yerinə yetirirdi. Bəzi  insanlar Vurğunun mənim əlimlə bu vəzifəyə gətirildiyini iddia edirdilər. Amma onu  işinə prinsipial yanaşdığına görə vəzifəyə təyin etmişdim. Vurğunu Misir Mərdanovla bərabər Türkiyəyə göndərdim. Onlar orada test üsulunu ətraflı şəkildə öyrəndilər və qayıtdıqdan sonra isə ölkəmizdə bu tip imtahanlar keçirilməyə başlandı. Vurğunu TQDK-ya rəhbər təyin etdikdən sonra mən  oradan arxayın olub digər işlərimlə məşğul oldum. Bütün bunları deməkdə məqsədim odur ki, Azərbaycanda ilk dəfə test üsulu ilə qəbul imtahanını Vurğun keçirib. Onun bu işdə böyük rolu olub. Nə kömək lazım olubsa, mən onu etmişəm və o,  mənim ümidlərimi doğruldub. Biz test üsuluna keçdik və xalq həqiqətən də bunun yaxşı olduğunu anladı. Bu ədalətli bir üsul idi. Mən Vurğundan çox razı idim. O, mənim ideyalarımın gerçəkləşməsində bir nömrəli rol oynadı. O, bir ziyalı kimi xalqa necə yardım etmək lazım olduğunu bilirdi. Belə insanlara xalqın çox ehtiyacı var. Bir daha Vurğuna Allahdan rəhmət diləyirəm”.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub ötən gün vəfat edib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları