Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-20 20:06:00
Qadınların liderliyi üzrə yay məktəbi

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Qadınların liderliyi üzrə yay məktəbi” layihəsinin iştirakçıları ilə görüş keçirilib.

AzEdu.az  xəbər verir ki, görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri-layihə rəhbəri Məleykə Əlizadə və komitə əməkdaşları iştirak ediblər.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi və “Counterpart International” təşkilatlarının maliyyə dəstəyi ilə ənənəvi olaraq həyata keçirilən bu layihənin əsas məqsədi gənc qızların müəyyən ixtisas üzrə təhsil aldıqdan sonra müxtəlif sahələrdə iştirakçılığının artırılmasına ictimai vəkillik etməkdir.

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri-layihə rəhbəri Məleykə Əlizadə layihə ilə bağlı ətraflı məlumat verərək bildirib ki, layihənin əsas hədəf qrupları Bakı, Gəncə, İmişli, Ağdam, Kəlbəcər, Göygöl, Goranboy, Mingəçevir və Şəmkir rayonlarından olan gənc qızlardır. Layihənin birinci mərhələsi Göygöl rayonunun Toğana kəndində 1-10 sentyabr 2019-cu il tarixlərində reallaşdırılıb, onlara gender bərabərliyi, liderlik keyfiyyətləri, idarəetmə bacarıqları, marketinq və digər mövzular üzrə təlimlər keçirilib və bu sahələrdə tanınmış xanımlarla görüşlər təşkil edilib. Layihənin ikinci mərhələsində isə layihə iştirakçılarının müxtəlif qurumların rəhbərləri ilə görüşü nəzərdə tutulub. Bu görüşlərdən biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova siyasətdə və idarəetmədə qadınların rolundan, onların cəmiyyətin inkişafına verdikləri töhfələrdən bəhs edib. O qeyd edib ki, Azərbaycan qadınları bir çox ölkələrdən daha əvvəl siyasi hüquqlara nail olub: “XXI əsr Azərbaycan qadınının qarşısında bir sıra vəzifələr qoyur. Bu missiya nədən ibarətdir? Biz informasiya və innovativ texnologiyalar dövründə yaşayırıq. Biz necə etməliyik ki, qadın dünyadakı inkişafa uyğunlaşa və rəqabətə davam gətirə bilsin? Bunun üçün nə lazımdır? Əlbəttə ki, qadın, ilk növbədə, təhsilli, professional olmalıdır ki, əmək bazarında rəqabətə dayanıqlı olsun”.

Qeyd edilib ki, Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu, həm bizim zəngin ənənələrlə, həm də həyata keçirilən dövlət qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Prezident İlham Əliyevin və Birinci vitse–prezident Mehriban Əliyevanın diqqətini görürlər. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Biz birlikdə qadınlara kömək etməliyik ki, onlar öz güclərinə inansınlar. Qadınların qərar qəbuletmədəki təmsilçiliyi adekvat olaraq icra və biznes strukturlarında, maarifçilik və təhsil, ədəbiyyat və incəsənət, idman sahələrində də özünü göstərir. Qadınlarımız elmin, texnikanın müxtəlif istiqamətlərində akademik sferada da fəaliyyət göstərirlər. Bu dinamika davamlı surətdə artmaqdadır.

Görüş müzakirələrlə davam edib.