XƏBƏRLƏR

20.09.2019 16:05
Diplom, yoxsa təcrübə?  

Təhsilinizi təsdiqləyən sənədiniz yoxdursa, bacarıqları qavramağa və motivasiyalı olmağa çalışın

İşəgötürənlərin namizədlərə qarşı ən əsas tələbi təhsili təsdiqləyən sənədin olmasıdır. Ekspertlərin fikrincə, təhsilli, xüsusilə də ali təhsilli şəxslər yeni texnologiyaları daha asan öyrənirlər. Yəni ali məktəbdə əldə edilmiş biliklərdən ibarət bir çərçivə mövcuddur, iş yerində aşılanan bacarıqları da üstünə gələndə tələb olunan mütəxəssisi yetişdirmək olar. Bəs diplom olmasa necə? Ötən sayımızdakı yazımızda qeyd etmişdik: Qərbin texnoloji korporasiyaları işə götürülmə zamanı təhsil haqqında sənəd tələbini arxa plana keçirməyə başlayıblar, indi önə namizədin bacarıqları çıxır. Əgər işə düzəlmək istəyən şəxsin diplomu yoxdursa, bu çatışmazlığı bacarıqları tez qavrama və yüksək motivasiya kompensasiya edə bilər.

Əvəzolunmaz diplom

Rəhbər üçün ideal əməkdaş o şəxsdir ki, işlədiyi sferaya dair yüksək savadı və böyük iş təcrübəsi var. Ancaq həyatda asan başa gələn heç nə yoxdur: bu iki komponentin ideal ölçüdə bir araya gətirilməsi olduqca çətindir. Seçim qarşısında qalsaq nə edərik? Biliklər, yoxsa təcrübə? İşəgötürən üçün bu iki mühüm faktordan hansı önəmlidir? Təcrübə ilə biliklər əksər hallarda bir-birlərini harmonik şəkildə tamamlayır. Ancaq həyatda elə hallar olur ki, mütənasiblik gah bu, gah da digər tərəfə “əyilir”. Məsələn, ali məktəbi fərqlənmə diplomu ilə bitirən gəncin böyük savad arsenalı var. Ancaq təcrübə sıfır həddindədir. Qarşı tərəfdə isə uğurlu əməkdaş var, təcrübəsi kifayət qədərdir, karyera pilləkəni ilə yuxarıya addımlamaq istəyir, ancaq savadı yoxdur. Sual yenə də ortadadır: biliklər vacibdir, yoxsa praktika?

Çox güman ki, birmənalı cavabı tapmaq çətindir. Çünki yanaşmalar müxtəlifdir. Rusiyanın “Kontakt” telekommunikasiya agentliyinin “Executive Search&Managment Selection” departamentinin rəhbəri Anastasiya Ovşarenko da bu qənaətlə razıdır: “Həm işəgötürənlər, həm də HR agentliklər üçün namizədin iş təcrübəsi vacib amildir. Digər tərəfdən, onlar ilk görüşdəcə ali savadı olmayan namizədi siyahıdan “silirlər”. Hesab edirlər ki, ali savadı olmayan şəxslər sistemsiz olurlar və başladıqları işi bir sıra hallarda sona qədər çatdırmırlar. Ali təhsil isə insanlara sistemli düşünməyi və məsuliyyətli olmağı öyrədir. Düzdür, universitet bitirməmiş şəxs də məsuliyyətli və sistemli ola bilər. Ancaq bunun üçün o, müstəqil şəkildə xeyli ədəbiyyatı əxz etməlidir”.

Təcrübə tərəfdarı olan ekspertlərin bəziləri hesab edir ki, suala cavab 75%-in 25%-ə olan nisbətidir. Yəni 75% təcrübə, 25% savad. Hətta əgər namizəd yüksək səviyyəli savada malikdirsə, bu, hələ onun yaxşı kadr olacağına dəlalət etmir - müəssisədə konkret məsələnin həlli üçün o, bir professional olaraq görülmür. Şəxs nə qədər savadlı olur-olsun, iş yerində bu biliklərə yenidən nəzər salınır, modernləşdirilir, nələrsə əlavə edilir ki, yeni, keyfiyyətçə fərqli məsələlərin həllinin öhdəsindən gələ bilsin. “HeadHunter”in hesablamalarına görə, əksər hallarda təcrübə amili savadı üstələyir. Təqribən 60% bu fikirdədir ki, diplomu olmayan namizədlərə münasibətləri mənfi deyil, çünki savadı təsdiqləyən sənədin əhəmiyyəti o qədər də şişirdilməməlidir. 22%-in qənaətinə görə, zəngin təcrübəsi olan kəs yaxşı işçi və işinin professionalıdır. İş yerində “bişib”, qarşıya qoyulan məqsədi dərhal dərk edir və çevik addımlar atır.

Məsələnin digər tərəfi də var. “HeadHunter”in araşdırmasında belə bir fakt da ortaya çıxıb ki, respondentlərin 87%-i təcrübəyə üstünlük versə də, hər halda işə götürülmə zamanı diplomun olub-olmadığını nəzərdən keçirir. Yəni onun üçün belə demək mümkündürsə, “xoşbəxtlik formulu” zəngin təcrübəli və diplomlu əməkdaşdır. Bu mövqedə olan işəgötürənlər və HR agentliklər üçün diplom tək bilik göstərici yox, həm də ona malik şəxsin stabilliyinin sübutudur. Yəni diplomu olan şəxs məqsədyönlüdür, həyatda hər şeyi düz edir. Fərqlənmə diplomunun üstünlükləri lap çoxdur. Ona malik olan şəxsə ən mürəkkəb peşələr üzrə güvənmək olar. Çünki qırmızı diplomlu namizəd öz işində diletant olmadığını göstərir və peşəsində maksimal səylər nümayiş etdirir.

Bəlkə hər ikisi

Əgər düşünürsünüzsə ki, diplomun mövcudluğu ilə iş bitmiş sayılır, deməli, yanılırsınız. Yaxşı maliyyəçilər deyirlər: söhbət pulda deyil, pulun miqdarındadır. Eyni ilə: məsələ tək diplomda deyil, həm də hansı ali məktəbin diplomu olmasındadır.

Bir çox HR menecerlər, habelə şirkət rəhbərləri üçün diplomun olması yetərli deyil - onlar üçün bu sənədi hansı ali məktəbin verməsi də şərtdir. Qısası, imic məsələsi. Məsələn: mənim filan əməkdaşım ABŞ-ın filan ali məktəbinin məzunudur! Təbii ki, bu, imic xarakterli üstünlükdür, ancaq bu, həm də  diplomun sahibindən savadlı və bacarıqlı olanların qarşısında ciddi maneə də deyil.

Sadəcə olaraq, necə deyərlər, “əsas müharibə deyil, manevrlərdir”. Sənin tutaq ki, Londonda ingilis dilində maliyyəçi təhsili almağın Azərbaycanda uğurlu kadr olacağının təminatçısı deyil.

Düzdür, belə bir reallıq da var. Məsələn, Liverpul Universitetini bitirən məzunların son kursda dünyanın təqribən 100 ən qabaqcıl şirkətində işlə təmin olunacaqları bəllidir. Çünki bu universitetin iş aləmində nüfuzu çox yüksəkdir. Ancaq kadra gəldikdə, biz bilirik və tez-tez qeyd edirik ki, ön plana kommunikasiya bacarığı çıxır. Kollektivlə komanda halında işləmək, ünsiyyət qurma qabiliyyəti, konfliktlərə reaksiya və s. kimi amillər müasir həyatımızın başlıca tələbləridir. Nüfuzlu universitetdə oxumaq bütün bu keyfiyyətlərin təminatı anlamına gəlməməlidir.

İstənilən halda bilik və təcrübə hər bir insanın karyerasında vacib rol oynayır. Hər kəsin işlə təmin olunma halı fərqlidir. Əksər zamanlarda bu, işəgötürəndən asılıdır - biliyə üstünlük verəcək, ya təcrübəyə. Bəlkə hər ikisinə. Orta məktəbdə aşağı qiymət alıb, birtəhər ali məktəbə qəbul olunub, güc-bəla ilə təhsilini bitirib təşəbbüskar lider, yaradıcı insan, məqsəd və məramını dəqiq bilib ona doğru ardıcıl addımlar atan o qədər uğurlu şəxs var ki! Digər tərəfdən, Avropada 3 universitet bitirib diplomları sıralayan işçi də işində özünü yaxşı tərəfdən göstərməyə bilər, bunu bacarmaz. Belələri rəqabətədözümlü hesab olunmayacaqlar. Onların iki çıxış yolu var: ya həvəsdir bəsdir, oxumağı dayandır və işlə məşğul ol, ya da sənə işləməyi öyrədə bilən professionalların köməyinə müraciət et.

Alternativ əmək münasibətləri

Diplomun mövcudluğu yaxşı işə düzəlməyə tam təminat vermir. Çünki kitabdan oxunmuş və auditoriyalarda dinlənilmiş biliklər bir, işdə tələb olunan təcrübə isə başqa anlayışlardır. Getdikcə daha çox mütəxəssis gənclərə oxuya-oxuya işləməyi məsləhət görür. Kim özünün gələcəyini hansı ixtisasda görür, qoy oxuduğu müddətdə həm də işləyib təcrübə qazansın. Lap olsun məvacibsiz. Ali məktəbi bitirəndə sizi əl-əl gəzəcəklər. Bax, bu reallığın nəticəsidir ki, dünyanın əmək bazarında “frilanser” deyilən dövrün dominantlığı başlayır. Bu, nə deməkdir? Qısa müddətlə məhdudlaşan muzdlu əmək.

Diplomlu məzunu mütəxəssis hesab etmək olarmı? Güman ki, yox. İşəgötürənlərin və işədüzəldənlərin son illərdə mütəxəssis hazırlayan ali məktəblərdən şikayəti fonunda bu problem daha da qəliz görünür. Digər tərəfdən, elə bir reallıqda yaşayırıq ki, təhsil sürət etibarilə biznesə çata bilmir. Biznes çox çevikdir. Təhsil isə ləng. Tələbə ali məktəbdə xeyli savad əldə edir, məzun olarkən isə görür ki, oxuduqlarına heç bir ehtiyac yoxdur. Kitablar aktuallığını itirib, texnologiya köhnəlib. Sonra nə baş verir? İşəgötürənlərə işçi lazım olduğu üçün həmin məzunların yenidən ixtisaslaşmasına vəsait xərcləməli olurlar. Biznes üçün pul müqəddəs olduğundan belə bir sual meydana çıxır: diploma ehtiyac varmı?

Gənclərin ali məktəbdə aldıqları savad, sonra isə qazandıqları dərəcənin son məqsədi korporativ dünyanın yüksək eşelonlarında iş yeri əldə etməkdir. Əksəriyyət bu amala görə oxuyur. Götürək özümüzü: uşaqlarımızı təhsilə stimullaşdırarkən ilk olaraq nələri deyirik? Oxu ki, yaxşı işin olsun! İqtisadi analitik Diana Malkaxi isə bu qənaətdədir ki, giqonomika (qısamüddətli müqavilələr iqtisadiyyatı) şəraitində bu yanaşma özünü doğrultmur: “Problem bundadır ki, iş qabaqkı iş deyil. İş yerlərinin sayı artmır, mövcud olanlara isə etibar yoxdur. Şirkətlər əməkdaşlarına nə professional,  nə də maddi təminat verirlər”. Odur ki, həm şirkətlərin, həm də əməkdaşların əksəriyyəti daha çevik münasibətlər formasına əl atırlar - qısamüddətli müqaviləli işlərə. “McKinsey”in məlumatına görə, işlək əhalinin 20-30%-i müstəqil əməyə üstünlük verməyə başlayıb və bu göstərici getdikcə artır.

İndi tələbələrə məsləhət görülür ki, daha çox diqqəti düşüncənin inkişafı, bacarıqlar və alətlərə yönəltsinlər. Məhz bunlar müstəqil əmək dünyasında uğurun başlıca amilləridir.

Malkaxinin adət etdiyimiz əməyi axtarmağın mənasızlığını sübut edən səbəbləri var. Öyrəşdiyimiz 8 saatlıq iş rejimi getdikcə sıradan çıxır. Əvvəllər özəl sektor iş yerlərinin sayını il ərzində 2-3%-lə artırırdı. 2000-ci ildən etibarən bu dinamika azalmağa doğru gedir. 2008-ci ildə 1%-dən aşağı olub. İqtisadçılar Larri Kats və Alan Krüger hesablayıblar ki, son 10 ildə ABŞ-da məşğulluğun artımı sırf alternativ əmək münasibətlərinin hesabına olub.

Yeni iş yerlərinin yaranma sürətinin aşağı düşməsinin daha bir səbəbi budur ki, onların artım mexanizmində tıxac yaranıb. Yeni müəssisələrin yaranma sürəti tarixdə ən aşağı həddini yaşayır. Eyni zamanda, onların özləri də çox az iş yeri açırlar. Misal üçün, əvvəllər ABŞ-da yeni biznes ildə 3 milyon iş yeri açırdısa, indi bu göstərici 2 milyonun altındadır. Şirkətlər yeni iş yerləri açmaqdansa, işi iş yerindən ayırmağa başlayıblar. Bu nə deməkdir? Məsələn, jurnalistin işdə “oturacaq” yeri yoxdur. İş saatı da sabit deyil. İndi jurnalistlər frilanser-reportyorlara çevrilirlər. Marketinq üzrə direktorun işi sosial şəbəkələr üzrə mütəxəssisə, PR agentliyə və marketinq strategiyası üzrə məsləhətçiyə həvalə edilib. Onlar isə frilanserlərdir. Əvvəllər iş yerləri var idi, giqonomikada isə sadəcə iş var. Ona görə də tələbələrə əsas məsləhət bu ola bilər: iş yeri deyil, iş axtarın. İş yerləri azalır, iş isə çoxdur!(Azərbaycan Müəllimi)

Rüstəm QARAXANLI

 

 
 

İlin gənc müəllimi-Müraciət formu