XƏBƏRLƏR

20.09.2019 12:00
“Bazar iqtisadiyyatı tələblərinə uyğun mütəxəssis hazırlanmalıdır” - REKTOR

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə-iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda çıxış edib.

AzEdu.az xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında əmək bazarının tələblərini açıqlayıb:

“…Müstəqillik əldə etdikdən sonra uzun müddət ərzində yaşadığımız dövrün fərqli özəlliyi kimi, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi qabartdıq. Yəqin ki, bu doğrudur. Həm də o doğrudur ki, bu, demək olar ki, bütün postsovet ölkələrində baş verdi. Bu istiqamətdə müzakirələr, tədqiqatlar hələ də davam edir. Ancaq həqiqət həm də ondadır ki, bu zaman “maddi” iqtisadiyyatdan “bilik” iqtisadiyyatına, həm də rəqəmsal iqtisadiyyata keçid və bununla əlaqədar əmək bazarında baş vermiş dəyişikliklər, tələb olunan kompetensiyaların öyrənilməsi və formalaşdırılması diqqətdən kənarda qaldı. Etiraf edək ki, bu yeni çağırış ali təhsil tərəfindən qəbul edilməmiş qaldı. Başqa sözlə, ali təhsil müəssisələri müasir mütəxəssislərə olan yeni tələblərə qeyri-həssas qaldılar. Məhz bunun nəticəsində təhsil prosesində formalaşmış vərdişlərlə iş yerində tələb olunan vərdişlər arasında uyğunluq yaratmaq mümkün olmadı və bir sıra hallarda bu uyğunsuzluq hətta artdı. Rəqəmsal iqtisadiyyat təhsil qarşısında ciddi cağırışlar yaratmaqla yeni yanaşmaları zəruri edir".

Rektor bildirib ki, Rəqəmsallaşma əmək bazarını, təhsili köklü surətdə dəyişir.

“Rəqəmsallaşma həm də iqtisadiyyat elminin əsas paradiqması ətrafında ciddi müzakirələri qaçılmaz edir. Belə ki, iqtisadiyyat elmi məhdud resursların artan tələbi ödəmək üçün səmərəli istifadəni özündə ehtiva etdiyi halda, rəqəmsal iqtisadiyyatda resursların məhdudluğu haqqında danışmaq artıq ciddi qəbul edilmir. Çünki rəqəmsal iqtisadiyyatda resurslar doğrudan da məhdud deyil. Rəqəmsal iqtisadiyyat miqyas effektinin də aktuallığını itirir.

Rəqəmsallaşma prosesinin əsas amilləri yüksəkixtisaslı mütəxəssislərlə yanaşı, müvafiq iş yerlərinin mövcud olmasıdır. Bu, təhsil və rəqəmsal iqtisadiyyatın birgə fəaliyyətini tələb edir, bunu qaçılmaz edir.

Rəqəmsal iqtisadiyyat həm də təkrarlanan əməliyyatları yerinə yetirən peşələrə tələbin azalmasını, texnologiyaların sürətlə dəyişməsilə əlaqədar peşələrin həyat tsiklinin qısalmasını, mütəxəssisin çevikliyinin və adaptivliyinin artmasını şərtləndirir. Eləcə də, yumşaq vərdişlərə, yəni sosial və emosional intellektə malik olmağı, son nəticədə insanı texnikadan fərqləndirən bacarıqlara və “rəqəmsal çevikliyə”, yəni nəticəni yaxşılaşdırmaq məqsədilə yeni texnologiyaları tətbiq etmək bacarığı və istəyi olan mütəxəsisslərə tələbi artırır.

 

Ə.Muradovun sözlərinə görə, rəqəmsal iqtisadiyyat ayrı-ayrı ixtisasları deyil, kompetensiyaları ön plana çıxarır.

“Rəqəmsal iqtisadiyyatın təsirinə dair iki rəqəm. McKinsey hesablamalarına görə, iş yerlərinin avtomatlaşması hesabına dünya ÜDM-i 2030-cu ilə qədər 9 trilyon dollar arta bilər. 2030-cu ilə qədər dünya işçi qüvvəsinin təqribən 14 faizi öz peşəsini dəyişmək məcburiyyətində qalacaq.

Bütün bunlar ali təhsilimizi ciddi çağırışlarla üz-üzə qoyur.

Nə etməli?

Rəqəmsal iqtisadiyyat üçün yüksəkixtisaslı mütəxəsisslər hazırlamaq üçün ən vacib istiqamətlər üzrə öyrədən proqramların tətbiqi üzrə işlərə başlamaq lazımdır. Birgə tədris proqramlarının həyata keçirilməsi vacibdir.

Yeni ixtisaslar ölkəyə gətirilməlidir. Bu gün, əmək bazarında ən çox çatışmayan kompetensiyalar kommunikasiya və əməkdaşlıq, tənqidi və kreativ təfəkkür, eləcə də özünü inkişafa və təhsilə, özünütənzimləmə vərdişlərinə orientasiyadır. Yeni ixtisaslar və kompetensiyalar bu istiqamətdə universitetlərin səlahiyyət və sərbəstliyinin artırılmasını tələb edir.

Rəqəmsal iqtisadiyyatın yaratdığı digər ciddi bir çağırış budur: milli ali təhsil sistemi mütəxəssis hazırlığında milli əmək bazarının tələblərini əsas tutmalıdır, yoxsa beynəlxalq əmək bazarının tələblərini? Düşünürük ki, milli əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı vəzifəsi beynəlxalq əmək bazarı üçün rəqabətqabilliyətli mütəxəssis hazırlığı vəzifəsilə ziddiyət təşkil edir. Bu ziddiyyət milli əmək bazarının keyfiyyət tələblərilə beynəlxalq əmək bazarının keyfiyyət tələbləri arasında olan ciddi uyğunsuzluqdan qaynaqlanır. Bu baxımdan milli ali təhsil sistemi əmək bazarının tələblərindən daha çox, bazar iqtisadiyyatı tələblərinə uyğun müvafiq kompetensiyalara malik mütəxəssis hazırlamalıdır”.

İlin gənc müəllimi-Müraciət formu