Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-20 09:00:00
Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbində peşə təmayüllü sinif yaradılıb

Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində yeni dərs ilində ölkəmizin 20 ümumi təhsil müəssisəsində, o cümlədən Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbində peşə təmayüllü sinif yaradılıb.

AzEdu.az-ın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsil alanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.

Təhsil alanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Məktəbin direktoru Namiq Ağayev bildirib ki, Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihəyə əsasən məktəbimizdə bir sinifdə layihənin icrasına başlanılıb. Bu sinifdə 20 şagird 2 qrupda 2 ixtisasdan olan kənd təsərrüfatı və turizm peşələrinə yiyələnəcək. Onlar məktəbi bitirdikdən sonra artıq seçdikləri müxtəlif sənət üzrə istehsal sahələrində bacarıqlı peşə ustası kimi işləyə biləcəklər.

Peşə təmayüllü siniflərin qrup rəhbərləri Təhsil Nazirliyində müsahibədən keçərək onlar üçün təlimlər təşkil edilib. Masallı şəhər 4 nömrəli Digah kənd tam orta məktəbində bu sinfə qrup rəhbəri, məktəbin müəllimi Təranə Əliyeva təyin olunub.

Peşə təmayüllü sinfə, həmçinin Ərkivan qəsəbə, Bambaşı və Öncəqala kənd tam orta məktəblərin şagirdləri də qəbul olunublar.

Dərslər Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı və modul spesifikasiyası üzrə təhsil alanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilib.