Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-18 15:13:46
“Müəllimin repetitorluq etməməsi üçün orta aylıq maaşının bu qədər olması lazımdır”  - TƏHLİL  

“Son illər müəllimlərin maaşlarında artım göstərilsə də, bu, onların ehtiyaclarını tamamilə ödəyəcək səviyyədə deyil. Müəllimlərin sosial vəziyyətinin yaxşı olması, onların yüksək maaş alması təhsilin  keyfiyyəti məsələsidir. Bu, təkcə sosial məsələ deyil”.

Bu sözləri AzEdu.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə,   hazırda bəzi müəllimlər yüksək əmək haqqı alsalar da, maaş ortalaması baxımından  dünya ölkələrindən geridəyik:

“Hətta MDB məkanında da müəllimlərin orta  aylıq əməkhaqqı səviyyəsi üzrə ilk sıralarda deyilik. Rusiya, Gürcüstan, Belarusiya, Qazaxıstanda müəllimlərin orta maaşının hesablanma  qaydaları daha optimaldır. Avropa ölkələri isə bu məsələdə xeyli qabaqdadır. Müəllimlərin yüksək maaş alması təhsilin keyfiyyətinə birbaşa təsir edir. Çünki müəllim əlavə qayğılardan azad olaraq, öz fikrini, düşüncələrini, fəaliyyətini pedaqoji istiqamətə yönləndirəcək”.

N.Cəfərli vurğulayıb ki, Azərbaycanda maaşların artırılması üçün kifayət qədər imkanlar var. Müəllimlərin orta aylıq əmək haqqı təqribən 700-800 manat olmalıdır ki, onların sosial vəziyyətinin yaxşılaşması təhsilin keyfiyyətinə müsbət təsir göstərsin.

İqtisadçı qeyd edir ki, maaşın aşağı olması müəllimi vadar edir ki, repetitor kimi fəaliyyət göstərsin:

“İndi Azərbaycanda müəllimlərin əksəriyyəti repetitorluqla məşğul olur. Amma bu fəaliyyət növünün nə qeydiyyatı, vergisi, nə də  bu sahədə irəliləyiş var. Bu da anlaşılandır. Müəllimlərin maaşı aşağı olduğuna görə bu sahədə nəzarət  mexanizmlərin  yaradılmasına ehtiyac qalmır. Maaşı yüksək olarsa, özündə əlavə güc, zaman tapa bilən müəllim  məktəbdəki fəaliyyətinə mane olmamaq şərti ilə lisenziyalaşdırılmış` qaydada vergi ödəyərək repetitorluqla məşğul ola bilər”.

 Onun sözlərinə görə maaşın hesablanmasının dərs yükündən asılılığı yaxşı hal deyil:

“Müəllimlər sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün dərs yükünün artırılmasında maraqlı olurlar. Bu isə keyfiyyətə  mənfi təsir edir. Maaşın hesablanmasının dərs yükündən birbaşa asılılığı aradan qaldırılmalıdır. Belə olduqda  əlavə yüklənməyə ehtiyac olmayacaq”.

“Maaş  yüksək olarsa,  müəllim hazırlıq məşğələlərinə sərf etdiyi gücü dərsdə tətbiq edəcək”

 Zaqatala rayonunda coğrafiya müəllimi işləyən Ehtiram Safquluyevin sözlərinə görə,    dərs yükü 15-18 saat olan müəllim aldığı maaş ilə ehtiyacını ödəyə bilər. Amma dərs yükü az olan müəllimlərdə bu barədə çətinliklər var.

 “Müəllimin repetitorluqdan əl çəkməsi, yaxud ikinci iş yeri barədə düşünməməsi üçün ona normal yaşayışını təmin edəcək maaş verilməlidir. Müəllim ortalama 1000 manat maaş alsa, onun ikinci bir fəaliyyətə ehtiyacı qalmaz”-  deyə E.Safquluyev əlavə edib.

Ayşə Müseyib