Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-18 12:40:00
“Müəllim maaş alır, ona hədiyyə vermək doğru deyil” – “Gül kimi” problem  

Bu günlərdə sosial şəbəkələrdə müəllimə verilən gül dəstəsinin zibil qutusuna atılması ilə bağlı fotoşəkil yayılıb. Bu  cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

İnsanlara həyatı öyrədən sənət sahibinin belə  addım atması isə bir çox şəxslərin qəzəbinə səbəb olub.

Gözəllik, səmimiyyət və saflıq rəmzi sayılan gül dəstələri kobudcasına zibil qutularına atılır. Bəs görəsən, özəl günlərdə müəllimləri hansı vasitələrlə sevindirmək, ümumiyyətlə, bunu etmək lazımdırdı?

Hədiyyəni təkcə neqativ məqsədli bir meyar kimi qəbul edə bilmərik. O bir şagird sevgisinin, diqqətinin  göstəricisidir.

Sosial Tədqiqatlar Mərkəzinin tədqiqatçı sosioloqu Əfqan Vəliyev  AzEdu.az-a açıqlamasında müəllimlərə veriləcək ən gözəl hədiyyənin kitab olduğunu bildirib.  Bundan əlavə ölkə və bölgələrimizin tarixini əks etdirən əsərləri də hədiyyə kimi təqdim etmək olar. Milli dəyərlərimizi  canlandıran suvenirləri də vermək mümkündür.

Qələm hədiyyəsi də olduqca unikaldır. Çünki müəllimlərin ən çox istifadə etdiyi əşya qələmdir.

Gülün hədiyyə olaraq verilməsi israf əlamətidir. Müəllim güldən istifadə edə bilməyəcəyi üçün bu itki sayılacaq. Buna görə də müəllimə kitab və qələm hədiyyə etmək olduqca effektlidir. Çünki bu vasitələrdən müəllimlər gündəlik istifadə edirlər.

Kitab hədiyyəsi müəllimin inkişafına və onun dünyagörüşünün artmasına kömək edəcək. Hədiyyə olunan kitabları oxuduqdan sonra müəllim onu məktəb kitabxanasına qoyub, ictimai əhəmiyyətini artıra, ölkədə kitaba olan sevgini inkişaf etdirə, insanlarda kitaboxuma mədəniyyətini yarada bilər. Bu, həm şagirdin, həm də müəllimin sosial-psixoloji inkişafına kömək edə bilər. Bu yolla müəllimində şagirdə olan münasibəti dəyişəcək”.

Sosial işçi Elmir Valeh isə müəllimlərə hədiyyələrin verilməsi ümumiyyətlə yolverilməz olduğunu deyir:

“Hədiyyələrin verilməsi ayrı-seçkiliyə gətirib çıxarır. Çünki sinifdə olan şagirdlərin hamısının hədiyyə almağa maddi imkanı olmur.

Müəllimlərin hədiyyə verməyən uşaqlara qarşı ünsiyyəti fərqli olur. Onları müəyyən dərəcədə sıxışdırır, həmin şagirdlərlə mənfi münasibətdə olurlar. Buna görə də hədiyyə verməyin qarşısı alınmalıdır .Buna görə də hədiyyə verməyin təbliğatını aparmaq olmaz. Müəllim özəl günlərdə işini yerinə yetirməli və  nəsə gözləməməlidi.

BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyası mövcuddur. Ölkəmiz bu konvensiyanı ratifikasiya edib. Burada qeyd olunub ki, ayrı-seçkilik yol verilməzdir. Bu Uşaqların Hüquqları Haqqında qanunda da öz əksini tapıb.

Sosial şəbəkələrdə uşaqların müəllimlərə gül verdiyini görürük. Bu tip nüanslarla valideynləri yükləmək olmaz.

Müəllim əməkhaqqı alırsa, onun müqabilində işini görməlidir. Bu onun işidir. Buna görə onu xüsusi qiymətləndirmək düzgün deyil”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları