Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-18 11:40:00
“Müəllim sinifdə rusca danışır, amma uşaq onu anlamır” – Valideynlərdən yanlış axın  

Son illər tətbiq olunan yeniliyə görə, I sinfə şagird qəbulu zamanı rus bölməsini seçənlər şifahi nitq bacarıqlarının yoxlanması üçün müsahibədən keçməlidirlər. Bu yeniliyin tətbiqi həmin bölməyə dil bilgisi olanların qəbulunu təmin etməklə yanaşı, burada şagird sıxlığının da müəyyən qədər qarşısını alıb.

Amma məktəbəhazırlıq qruplarına qəbul zamanı hələ də eyni ənənə müşahidə olunur. Rus bölməsinin hazırlıq qruplarına qəbulda müsahibənin tələb olunmaması valideynlərin bu bölməyə xüsusi axınına səbəb olub.

Bəs, bu kütləviliyin aradan qaldırılması üçün hansı metodlardan yararlanmaq olar?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulum şöbəsinin müdiri Laləzar Cəfərova bildirib ki, son zamanlar məktəblərdən gələn şikayətlər də elə bu mövzu ilə bağlı idi. Problemin kökünü isə belə izah edib:

“Valideyn övladını rus bölməsinə yazdırır. Amma heç özü də rusca bilmir. Ailəsində rusca kəlmə eşitməyən uşaqlara bağçada az da olsa, bu dili öyrədir və rus qruplarına qoyurlar. Bu, təlimin keyfiyyətinin aşağı düşməsi ilə yanaşı, müəllimlərin işini də çətinləşdirir. Bu baxımdan, artıq məktəbin I sinfinə rus bölməsi üzrə qəbul olunan uşaqlar xüsusi müsahibədən keçirlər. Bu, çox yaxşı haldır, belə də olmalıdır.

Təsəvvür edin, müəllim siniflə rusca danışır, bir neçə uşaq başa düşə bilmir. Təlim isə getdikcə müasir dövrün tələblərinə uyğun təşkil edilməlidir. Müəllim bilmir ki, dərsi izah etsin, ya uşağa hər hansı sözün rusca mənasını izah etsin. Elə bunları nəzərə alıb müsahibəni tətbiq etdilər”.

“Məktəbəhazırlıq qruplarının rus bölməsinə qəbul olunan uşaqlar üçün müsahibə təşkil edilməlidir”

O, hazırlıq qruplarının rus bölməsinə qəbulda müsahibənin olmamasını ciddi problem kimi görür. Səbəbini isə faktlarla əsaslandırır:

“Problemin kökünü elə burada axtarmaq lazımdır. Elektron formada məktəbəhazırlıq qruplarının rus bölməsinə  qəbul olunan uşaqlar üçün mütləq müsahibə təşkil edilməlidir. Uşaqların dil bilgisi yoxlansın, sonra rus bölməsinin hazırlıq qruplarında oxumağa layiq olub-olmadıqlarına qərar verilsin.

Düşünürəm ki, hazırlıq qruplarının rus bölməsinə qəbulda müsahibənin tətbiqi, bu bölmədəki şagird sıxlığını müəyyən qədər aradan qaldırar. Hazırda rus bölməsinə kütləvi axın var. Bəzən heç valideyn özü rusca danışa bilməsə də, övladını bu bölməyə qoyur. Bunun nədən irəli gəldiyini aydınlaşdıra bilmirəm.

Bu, müsahibəni imtahan səviyyəsində keçirib uşaqları qorxutmaq mənasına gəlmir. Sadəcə azyaşlılarla sadə söhbətlər aparılsın. Həm uşağın dil biliyi müəyyən edilsin, həm də o, imtahan xofu da yaşamasın. Bu müsahibənin tətbiqi mütləqdir. Yoxsa sabah məktəblərdə təhsilin səviyyəsi aşağı düşəcək”.

Rayon bağçalardan məktəblərin hazırlıq qruplarına kütləvi axın

O məktəbəhazırlıq qrupları ilə bağlı daha bir problemi gündəmə gətirib:

“Respublikada məktəbəhazırlıqla əhatə aşağı səviyyədə olduğuna görə, məktəblərdə hazırlıq yaradıldı. Valideynlər isə bunun mahiyyətini anlamırlar. Yaşı çatdıqda uşağı bağçadan çıxarıb məktəbdəki hazırlıq qruplarına qoyurlar. Başa düşmürlər ki, bağçanın məktəbəhazırlıq qruplarında da tədris dövlət tərəfindən təsdiq edilmiş standartlar əsasında, eyni vəsaitlərlə, eyni səviyyədə aparılır. Hər ikisində gündə 3 məşğələ, eyni dərslər keçirilir.

Rayonlarda bağçalardan məktəblərin hazırlıq qruplarına kütləvi axın var. Bəlkə də bu, bəzi məktəblərdə müəllimlərin uşaqların məktəbəqədər yaşını unutmaları, 5 yaşlılara birbaşa I sinif təlimini tətbiq etmələrindən irəli gəlir. Valideyn isə bunun mahiyyətini anlamırlar. Görür ki, hazırlığa gedən uşaq hüsnxətlə yazır, oxuyur. Buna görə də övladını bağçadan çıxarıb məktəbin hazırlıq qruplarına qoyur. Başa düşmür ki, hər yaşın öz yükü var. Uşağa bu yaşda nə versən, qavrayacaq. Amma müəyyən yaşdan sonra düşünmə qabiliyyəti zəifləyəcək, beynində durğunluq yaranacaq.

Bu, adından da göründüyü kimi məktəb təliminə hazırlıq mərhələsidir. Bu aşamada azyaşlı hərflərin çap formasını tanıyır, yazıb oxuya bilir, sözü hecalara bölür. Daha sonra sadə riyazi tapşırıqları yerinə yetirir, ətraf aləm haqqında fikirlərini deyir və s. Bunlar olmalıdır ki, uşaq məktəb təliminə uğurla hazırlaşsın.

Sadəcə bəzi bağçalarda həmin iş kifayət qədər yaxşı təşkil olunmur.  Valideyni övladının inkişaf səviyyəsi qane etmir. Buna görə də məktəblərdəki hazırlıq qruplarına müraciət edir”.

Qeyd edək ki, qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidirlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılar üçün noyabrın 16-dan 20-dək payız, yanvarın 27-dən 31-dək qış və mayın 1-dən 5-dək əlavə tətil nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları