Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-18 11:25:00
Başqa universitetlərə köçürülən tələbələr AzEdu.az-a danışdılar:” Bu çoxdankı arzum idi”  

Təhsil alanların ölkə daxilində və xaricdə yerləşən bir ali təhsil müəssisəsindən digərinə, eləcə də bir ixtisasdan digərinə köçürülməsi həyata keçirilir.

 Köçürülmə üçün müraciət edən və uğur qazanan kifayət qədər tələbə var.

Bəs, onları bu addımı atmağa nə sövq edir?

AzEdu.az transfer prosesində uğur qazanan tələbələrin köçürülməsi səbəblərini öyrənib.

Azərbaycan Kooperasiya Universitetinin keçmiş tələbəsi Könül Qasımova növbəti  tədris ilində  təhsilini Azərbaycan Texniki Universitetində davam etdirəcək . Dediyinə görə, bu proqrama məhz  dövlət universitetində təhsil almaq üçün qoşulub:

“Şəxsiyyətimi təsdiq edən sənəd vasitəsilə transfer.edu.az saytında qeydiyyatdan keçdim. Daha sonra şəxsi səhifəmə qəbul balıma uyğun  bir neçə universitet göndərildi. Nəhayət, kodlaşdırma etdim və nəticə müsbət oldu. Bundan əlavə, transfer üçün mənə akademik göstəricilər, ödənişli əsaslarla  oxuduğum üçün isə təhsil haqqı ödənişinin qəbzi lazım oldu”.

Köçürülmə qaydalarından danışan Könül xanım vurğulayıb ki, proses zamanı təhsil alana yalnız  bir universitet seçmək hüququ verilir. Seçilən universitetdən imtina cavabı gəldiyi təqdirdə başqa ali təhsil müəssisəsini seçmək mümkündür. Yalnız semestr imtahanları bitdikdən sonra yenidən seçimlərdə iştirak etmək mümkündür.

O, qeyd edib ki, Kooperasiya Universitetində yalnız bir il  ödənişli əsaslarla təhsil alıb. İkinci kursdan isə Azərbaycan Texniki Universitetində mühəndislik ixtisası üzrə ödənişli əsaslarla təhsil alır:

“Birinci kursda ixtisas fənləri keçirilmədiyi üçün transfer olunduqda  həmin kursu təkrar oxumağa ehtiyac qalmır. Təhsilə qaldığım kursdan davam edirəm”.

Dövlət və özəl universitetləri müqayisə edən K.Qasımlı əsas fərqi tələbkarlığın olmasında görür. Onun sözlərinə görə, dövlət universitetlərində oğlanlar  da daha çox oxumağa məcburdurlar.

Əhməd Hacılı  isə magistratura təhsilinin birinci ilini Azərbaycan Texniki Universitetində oxuyub. Növbəti tədris ilində isə UNEC-ə köçürülüb. O, köçürülmə səbəblərindən danışarkən dərs saatının ona uyğun olmadığını  bildirib:

Magistratura  səviyyəsində dövlət sifarişli təhsil almaq üçün Azərbaycan Texniki Universitetini seçmişdim. İnformasiya texnologiya mühəndisliyi  fakültəsinin magistrantıyam. Dərslər gecə növbəsi keçirilirdi. Sonradan məlumat verilmədən, tələbə rəyi öyrənilmədən səhər növbəsinə keçirildi. Bu, vaxt baxımından uyğun deyildi”.

O, qeyd edib ki, ixtisasını dəyişmədiyi üçün təhsilinə yenə də dövlət sifarişi əsasında və ikinci kursdan davam edəcək. Bəzi əlavə  fənlərdən yenidən imtahan vermə ehtimalının olduğunu da vurğulayıb.

Ə.Qasımlı köçürülmə qaydaları barədə ətraflı məlumat verib:

“Transfer olunmaq üçün şəxsi səhifəmə ixtisasımla bağlı yalnız  bir universitet göndərilmişdi. Lazım olan sənədləri - akademik göstəricilər, hərbi bilet və dövlət sifarişli təhsil aldığımı təsdiqləyən sənədləri təqdim etməklə iştirak etdim. Köçürülmə uğurlu oldu”.

Qəhrəman Qəhrəmanlı birinci kursda Gəncə Aqrar Universitetində təhsil alıb, növbəti tədris ilində isə Azərbaycan Memarlıq və İnşaat Universitetinə köçürülüb.

O, köçürülmə səbəblərindən danışarkən  Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almaq arzusunda olduğunu bildirib:

“ GAU-nu yalnız dövlət sifariş əsasında təhsil almaq üçün seçmişdim. Keçən il  Memarlıq İnşaat Universitetində ödənişli oxumaq üçün maddi imkanım yox idi. Lakin həmişə bu universitetə  böyük marağım var olub. Qohumlarım, yaxın dostlarım  AZMİU-da təhsil alıblar və orda qazanılan təhsildən razıdırlar.  Bu il imkanım olduğu üçün  belə qərara gəldim ki, bu fürsətdən istifadə edim”.

Q.Qəhrəmanlı tələbə qəbulu üzrə seçdiyi aqro mühəndislik ixtisasını sevmədiyini və buna görə universitetlə yanaşı, ixtisasını da dəyişdiyini qeyd edib:

 “Əvvəl dövlət sifarişi ilə təhsil alırdım, indi ixtisasımı dəyişdiyim üçün ödənişli əsaslarla oxuyuram. Hazırda mühəndis qurğularının və avadanlıqlarının tikintisi  fakültəsi üzrə təhsilimi ikinci kursdan davam etdirirəm”.

O bildirib ki, sosial şəbəkələrdə tələbə transferilə bağlı postlarla qarşılaşıb. İki il əvvəl bu proqramda iştirak edən dostu ilə məsləhətləşdikdən, lazımı qaydaları öyrəndikdən  sonra elektron qeydiyyatdan keçib və uğurlu olub.

Məlumat üçün qeyd edək ki, tələbələrin köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə elektron qaydada həyata keçirilir.

Ayşə Müseyib