Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-17 17:15:00
"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində sentyabr-oktyabr aylarında "Kod saatı" tədbirləri keçiriləcək.

AzEdu.az xəbər verir ki,"Kod saatı" tədbirləri sentyabrın 21-də Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə, sentyabrın 28-də Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə, oktyabrın 5-də isə Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçiriləcək. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirlərdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər.

"Kod saatı" çərçivəsində iştirakçılar oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir.

"Kod saatı" hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər  arasında  populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə  cəlb etmək,  həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır. “Kod saatı” hərəkatında iştirak ödənişsizdir.

Qeyd edək ki, "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı"  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir.

2019-2020-ci tədris ilində Bakıda 23, Sumqayıtda 10, Mingəçevirdə 7, Şamaxıda 5, Gəncədə də 5 məktəbin “Rəqəmsal bacarıqlar” layihəsinə cəlbi nəzərdə tutulur. Beləliklə, layihə yeni tədris ilində təxminən 120 məktəb üzrə 70 000 şagirdi əhatə edəcək.