Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-17 12:43:00
Tanınmış mativator yazardan tələbələrə hava-su kimi vacib 19 tövsiyə - Mütləq yararlanın

AzEdu.az biznes mentor, işgüzar inkişaf yazarı Nadir Adilmanın  birinci kursa qəbul edilən tələbələrə hava-su kimi vacib olan 19 tövsiyəsini təqdim edir:

Nadir Adilman özünün şəxsi sosial media hesabında tələbələri özünəməxsus formada təbrik edərək, işgüzar həyatla bağlı tövsiyələrini də əsirgəməyib:

“Əziz dostlar artıq sizə tələbə demək olar.

Mən də öz növbəmdə gənclər üçün işgüzar inkişaf kitabları yazan bir müəllif və eyni zamanda biznes mentor olaraq tələbə adını qazanan hər kəsi təbrik edirəm. Ənənəyə sadiq qalmayıb sizi təbrik etməsəydim, özümü bağışlaya bilməzdim. Odur ki, hər zaman olduğu kimi özüməməxsus tərzdə sizləri təbrik edirəm!

Əziz birinci kurs tələbələri, əziz dostlar! Mən də sizin kimi bir zamanlar tələbə olmuşam. Birinci kursda oxuyanda həyat mənə sonsuz, ucu-bucağı olmayan bir yol kimi görünürdü. Hətta üzücü tələbəlik illərindən tez canımı qurtarıb real həyata bir addım tez başlamaq istəyirdim. Hüquq fakültəsində oxuyanda, digər tələbələr kimi mənə də elə gəlirdi ki, hər kəs bizimlə işləmək üçün  qapılarını taybatay açıb, bizim universiteti bitirməyimizi səbirsizliklə gözləyir. Beləliklə, dördüncü kursu başa vurduq, sonra magistratura, aspirantura, elmi fəaliyyət və sair. Nəhayət, çoxlu səhvlər və bir o qədər də düzlər edərək, indiki mərhələyə gəlib çata bildik. Ona görə də, əziz dostum, sənə ünvanladığım 19 mesajımı səmimi təbrik mesajları kimi qəbul etməyini xahiş edirəm.

1.Könüllü ol - Elə bu gündən, bax bu andan Könüllü olmaq üçün Könüllü fəaliyyət təşkil edən qurumlara müraciət et. Bu müraciətlər həm elektron, həm də şifahi olur. İnternet axtarış sistemlərində Könüllü təsisatları barədə məlumatlar kifayət qədərdir. Niyə məhz könüllü? Cavab verim: İlk kursdan 4 fərqli təsisatda könüllü kimi fəaliyyətə başlasan, daxili seminarlarla birgə toplam olaraq, il ərzində 15-dən çox sertifikat əldə edəcəksən. Karyeranın növbəti mərhələlərində, xaricdə magistratura təhsili, beynəlxalq təqaüd proqramalarında qalib olmaq, eyni zamanda peşə fəaliyyəti, karyera pillələrində bu sertifikatlar sənin hazırlıqlı bir gənc olduğunu isbat edən sənədlər olacaq. Bundan önəmlisi isə, könüllü olduğun məkanlarda, sənin baxışlarını və maraqlarını bölüşən yüzlərlə həmyaşıdla tanış olacaqsan. Stressin idarə edilməsi, vaxtın bölüşdürülməsi, ünsiyyət bacarıqları, liderlik, natiqlik bacarıqları, bir sözlə yüzlərlə istiqamət üzrə təlimləri elə könüllü işləyə - işləyə praktik olaraq qazanacaqsan. Ən önəmlisi isə, karyeranda ilk addımlarını atacağın könüllülük fəaliyyəti Qanunla təşviq edilən fəaliyyət növüdür.

2.Biznes biliklərini artır – Əminəm ki, sosial şəbəkələrdən istifadə edən bir gəncsən. Sosial şəbəkələrdəki bəyəndiyin səhifələr, malik olduğun əlaqələr sənin işgüzar inkişafında mühüm rol oynayacaq. Həştəq sistemləri ilə biznes və biznes yönümlü səhifələri tap, onları bəyən ki, intensiv olaraq bu qurumlar tərəfindən keçirilən ödənişsiz biznes seminarları barədə məlumata  malik olmaqla bərabər bu seminarlarda ödənişsiz əsaslarla iştirak şansı qazanasan. Özünə hörmət edən, Korporativ Sosial Məsuliyyət hissi yüksək olan şirkətlər davamlı olaraq gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə gənclər üçün seminarlar, konfranslar, təlimlər keçirir. Sən  də bu təlimlərin ödənişsiz əsaslı iştirakçısı ola bilərsən. Dayanma, bax elə bu gündən bu cür səhifələri axtar, bəyən və məlumatlı ol. Niyə məhz biznes səhifələri? Bu mənim subyektiv mülahizəmdir ki, çayxanada dünya siyasətini, BMT-nin İraq və yaxud da Əfqanıstan siyasətini müzakirə edib, davamlı narahat olmaqdansa və yaxud da hər hansı tanımadığın bir ölkədə baş verən ədalətsizliyə “BMT hələ də göz yumur” deyib depressiv vəziyyətə düşməkdənsə, öz işgüzar inkişafın üzərində işlə, işgüzar inkişafına biganə qalma. Və beləliklə, ölkənə, dövlətinə layiqli bir gənc kimi formalaş ki, gələcəkdə ölkən barədə narahat ola biləcəyin məsələlərdə hər zaman dövlətinin yanında ola biləsən.  Gələcəyin ən böyük biznesmenlərindən biri də sən olub, dövlətinə və vətəninə faydalı ola bilərsən. Bunun üçün isə elə bu gündən bu sahədə biliklərini artırmalısan.

3.Stajçı ol - Bu gün Korporativ Sosial Məsuliyyət hissi olan, ictimai məsuliyyət hissi olan və öz dəyərlərinə hörmət edən şirkətlər, stajçı olmaq üçün çoxlu elanlar verirlər. Bu şirkətlərin bir neçəsini sənin üçün qeyd edərdim, amma sənə bir zəhmət, bu cür şirkətləri internet üzərindən özün axtar. Hətta bu cür şirkətlər tələbələrə nəinki xüsusi bir iş şəraiti yaratmaqla kifayətlənir, hətta tələbələrə təqaüd də verirlər. Sənə bir zəhmət, dostum, bu şirkətləri sosial şəbəkələrdə və digər internet resurslarında axtarmaqla işgüzar inkişafın üçün önəmli olan yeni cığırlar kəşf et. Bu şirkətlərin xəbər lentlərini sosial şəbəkələrdən izlə və mütləq inkişafının işgüzar ölçülə bilən olması üçün bu şirkətlərdə stajçı kimi işə başla.

4.İşlə - Dostum, könüllü olduqdan, eyni zamanda biznes kurslarda iştirak etdikdən sonra sənin çoxlu məlumatların, bacarıqların formalaşacaq. Çox sağlam münasibətlərə malik olacaqsan. Aylıq alacağın maliyyə vəsaiti önəmli deyil. Çalış ki, elə bu mərhələlərdən sonra sağlam və milli maraqlara sadiq, qanunamüvafiq formada fəaliyyət göstərən nüfuzlu şirkətlərdə işlə. Ən aşağı işlərdən başla. Hətta məsləhət görərdim ki, idarə edilən işlərdə işlə. İdarə edilməyi öyrənməsən, gələcəkdə idarə etməyi öyrənə bilməyəcəksən. Unutma idarə edilə bilməyənlər, heç zaman idarə edə bilmirlər. Gələcəkdə öz biznesini idarə etmək üçün həm idarə olunmağı, həm də idarəetməyi bacarmalısan. Ən yaxşı biznes idarəçiləri də məhz bir zamanlar ən kiçik işlərdən başlayıb idarə edilə bilən şəxslər arasından çıxır. Bunu unutma. İşlədiyin məkanların sənə daha çox maliyyə ödədiyinə deyil, daha çox bilik, bacarıq verdiyinə dəyər ver. Ən kiçik və aylıq məvacibi az olan işlərdə çalışmaqdan utanma. Ən kiçik işlərdən başla. İddian yüksək ola bilər, bu normaldır. Amma əmək bazarının aktiv bir iştirakçısına çevrildikdən sonra əmin olacaqsan ki, işəgötürənlə işçinin maraqları üst-üstə düşməyə bilər. Sənə tapşırılan işləri vicdanla et. Hətta ayaqyolunu təmizləməyi sənə tapşırsalar, bunu ən yaxşı sən et. Çünki əmək və məşğulluq təkcə bilik,  bacarıq və vərdişlər deyil, bu həm də xarakteri formalaşdırır. Peşəkar davranış dəmir intizam yaradır.

5.Sürücülük kurslarına yazıl – Sürücülük kurslarına yazılmamışdan öncə, ən yaxın kitab mağazalarından birinə baş çək. Bu mağazalarda sürücülük kurslarında təhsil, sürücülük kurslarında imtahanlar və bu qəbildən olan çoxlu kitablar var. Mütləq bu kitablardan fərqli xarakterli 3 kitab al. Yol hərəkəti qaydaları , o cümlədən, sürücülük vəsiqəsi əldə etmək üçün tələb edilən bütün nəzəri bilikləri öyrən. Sosial şəbəkələrdə sürücülük kursları təşkil edən akkreditasiyalı şirkətlərin sosial şəbəkə hesablarını bəyən. Mütləq bu şirkətlərlə əlaqə saxla, zəng et, get görüş, məsləhət al. Bu cür işlər ki, pulsuzdur. Hər şeyi təhlil etdikdən sonra isə, bəyəndiyin praktik sürücülük kurslarının birində dərslər al. Bir müddət vərdişlərin yarandıqdan sonra isə, sürücülük kurslarına dərhal yazıl, oxuduğun kitablara, əldə etdiyin təcrübəyə uyğun olaraq imtahan verib sürücülük vəsiqəsi al. Yaşı sürücülük vəsiqəsi almağa çatmayan tələbələr üçün qarşıda uzun bir il var. Bu bir ildə sürücülüklə bağlı hətta ensiklopedik biliklərə malik olmaq olar.

6.Mentorla işlə -Müasir və keçmiş həyatda məsləhət verən adamlar hər zaman olmuşdur. Bugünkü müasir dövrümüzdə də bu adamlar kifayət qədərdir. Şərt deyil ki, bu adamlar öz həyatlarını sənə həsr etsinlər, sabah axşamı səninlə oturub-dursunlar. Bu adamlarla kiçik bir münasibət, işgüzar inkişafınla bağlı kiçik bir məsləhət almağın, onların təşkil etdikləri kurslarda, təlimlərdə iştirak etmək belə sənin işgüzar ölçünün yüksəlişi üçün mühüm rol oynayacaq. Gəl sənə bu istiqamətdə də bir ipucu verim. Amma digərlərini özün taparsan. Mötəbər tədbirlərdə tanış olduğun şəxslər sırasında özün üçün mentorlar müəyyənləşdir, onlardan  işgüzar inkişafında sənə kömək etmələrini xahiş et. Yol göstərmələrini istə. Həftədə bir dəfə bu şəxsləri ziyarət et, məsləhətlər al. Amma təbii ki, insanları çərlədəcək səviyyəyə gətirib çatdırma. Bir həftəlik suallarını, istiqamətlərini müəyyən edib, bu cür mentorların heç bir ödənişsiz və təmənnasız dəstəkləri ilə sən uzaq məsafələrə məqsədlənmiş hədəflərini daha da qısa edəcəksən. Həyat təkcə istifadəçilərdən deyil, həm də dəstəkçilərdən ibarətdir. Səni tanımadan, qohum, həmyerli və yaxud eyni regiondan olmadan da kömək etmək istəyən yüzlərlə, minlərlə müxtəlif regionlarımızı təmsil edən həmvətənimiz və dəyərli vətəndaşlarımız var. Yetər ki, sən özün bu şəxsləri zaman-zaman kəşf edəsən.

7.4 illik tələbəlik dövrü üçün planlarını qur – 4 illik planlarını qur, yay tətilində harada olacağını və işgüzar inkişafında yay tətilinin rolunu indidən dəyərləndir. Hesab edirəm ki, yay tətilində beynəlxalq proqramlar çərçivəsində, çox kiçik bir ödənişlə və yaxud da ödənişsiz, ixtisasın üzrə xaricdə keçirilən yay məktəblərində iştirak etmək kimi bir haqqın var. Bu haqqa çatmaq üçün isə, məsləhətləş, soruş, sosial şəbəkələr və internet resursları üzərindən axtarış apar. Sən könüllü olaraq işləsən aldığın sertifikatlar sənin rəqabətə davamlı bir mütəxəssis kimi formalaşmağına və seçilənlərdən olmağına zəmin yaradacaq. Belə olduqda isə bu sənin xərclərə ciddi qənaətinlə nəticələnəcək. Ya bu kurslardan böyük endirim əldə edəcəksən və yaxud da, ödənişdən sosial fəaliyyətinə görə azad olunacaqsan. Gözəl təhsil almaqla bərabər, işgüzar və fərdi inkişafın məqsədi ilə təhsildən sonrakı vaxt üçün planların olsun. Bu planları kompüterdə və ya kağızda qələmlə də yaza bilərsən. Aldığın təhsillə yanaşı nələr sənin inkişafında rol oynaya bilər, bu işləri öz planlarına daxil et. Məsələn, bu planlara könüllü olmaq adi ola bilər. Xarici dilləri öyrənmək, işgüzar və fərdi inkişaf kurslarında iştirak etmək, ixtisasın üzrə qurumlarda stajor olmaq və sair çoxlu işlər yazmaq olar.

8.Təhsilə davamlı bax - Azərbaycan dövlətinin tərəfdar çıxdığı təhsil proqramları ilə elə indidən, 1-ci kursdan maraqlan. Çünki tələblərə baxanda səninlə bağlı çoxlu tələblərin olduğunu görəcəksən. Bu tələblərə cavab vermək üçün isə sənin cəmisi 4 ilin var. Çünki sən magistratura təhsilini xaricdə almaq istəyirsən. Bir çox dövlətlər Azərbaycan dövləti ilə birgə magistr təhsili üzrə təqaüd proqramlarını dəstəkləyir. Məsələn, Çin, Çexiya, Almaniya, Yaponiya, Cənubi Koreya. Zəhmət çək, siyahının davamını özün böyüt ki, 4 il sonra aviakassadan hansı ölkəyə bilet sifariş edəcəyini indidən dəqiq biləsən.

9.Romantik və duyğusal olma – Dostum, qarşıda işgüzar inkişafın üçün 4 ilin var. Bu 4 ili sevgi, romantikaya həsr etmə. Vaxt olacaq, sonra sevərsən. Buna kifayət qədər vaxtın olacaq. Fikrimcə, işgüzar inkişaf planlarında duyğusallıq və sevgi planlarını magistratura mərhələsindən sonraya saxlamağın məsləhətdir. Onsuz da qocalanda kifayət qədər duyğusal və sayğısal hisslərə təbii olaraq malik olacaqsan. İndidən isə özünə qarşı tənqidi və aqressiv ol. O mənada aqressiv ki, intizamsızlıq etmə, işgüzar inkişafına biganə qalma. Çünki o zamanadək insanları tanımaq və sairə sahələrdə də kifayət qədər təcrübən artacaq. Heç kəsdən heç nə gözləmə, heç kəs səni gözləmir. Hər kəsin öz planaları və öz qayğıları var. Özün özünü inkişaf etdir. Heç kəsdən də sənə kömək etmədiyi üçün incimə. Unutma, dostum, heç kəsin sənə borcu yoxdur. Hətta insan yarandığı gündən belə dünyanın xilaskarlarına özünü borclu saymayıb. Özün böyü. Özünlə böyü.

10.Sosial tədbirlərdə aktiv iştirak et -Ölkəmizdə dövlət qurumları da daxil olmaqla bir çox Qeyri-Hökumət Təşkilatları müxtəlif sosial tədbirlər həyata keçirir. Mən demirəm ki, bütün həyatını bu sosial tədbirlərə həsr et, bu heç də düzgün olmazdı. Amma daxilində mərhəmət balansının yaranması, sosial məsuliyyətinin artması sahəsində çəkinmədən bu cür layihələrdə mütləq iştirak et. Bu tədbirlər səni vaxtından öncə böyütsə də, sənin həmişə cavan qalmağına stimul olacaq.

11.Xeyriyyə işlərində iştirak et -Yəqin, sən də mənimlə razılaşarsan ki, xeyriyyəçilik  təkcə milyonçuların işi deyil. Xeyriyyə aksiyalarında iştirak hər kəsin vicdan məsələsidir. Xüsusən də dövlət marağı tələb edəndə. Məsələn: ordumuzun güclənməsini sən də mənim qədər istəyirsən. O zaman istənilən Azərbaycan Beynəlxalq Bank filialına yaxınlaşmaqla Silahlı Qüvvələrə yardım Fonduna hər ay bir neçə manat ödəniş edə bilərsən. Yaxud da istənilən ödəmə aparatlarında menyunu ikinci və ya növbəti menyuya vərəqləsən, orada bir neçə xeyriyyə cəmiyyətinin ödəmə nişanını görəcəksən. Hər ay 1 azn məbləğində iştirak etsən, bu sənin işgüzar inkişaf ölçündə xüsusi yerə sahib mərhəmət hisslərini yaradacaqdır. Sən umanlardan yox, edənlərdən olacaqsan. Yəni hətta köməyə ehtiyacın olsa belə, sən kömək edə-edə ummaq kimi bir problemdən azad olacaqsan. Umanlardan deyil, umanlara dəstək verənlərdən olacaqsan. Tələbə təqaüdündən, evdən göndərilən vəsaitdən mütləq bu cür aksiyalarda iştirak et. Sənə ödəniş və qəbz də veriləcək. Bu qəbz təkcə ödənişini təsdiq edən bir sənəd deyil, bu qəbz eyni zamanda sənin ummaq kimi bir azardan qurtulmağını təsdiq edən, dərsə verilən bir dəyərdir. Hər bir dərsin isə ödənişi olur, dostum.

12.Ölkə daxili turlarda iştirak et - Ölkə daxili turlarla bağlı kifayət qədər sosial şəbəkə hesabları, saytlar var. Təbii ki, bu turların da əksəriyyəti ödənişlidir. Yenə deyirəm, dostum, həyatda qazandığın hər bir ölçünün dəyəri ödənilməlidir. Xüsusən, bu sənin biznes və işgüzar inkişafın üçün önəmlidirsə. Öncə turların mötəbərliyinə əmin ol. Kimlərlə və haraya yol yoldaşı olacağına bax. Təhlükəsizliyini  təmin etmək üçün bütün vasitələrdən istifadə et. Bu turlar sənə işgüzar inkişafına laqeyd qalmayan çox böyük və yeni bir çevrə verəcək. Səninlə yaxın məntiqdə düşünən çoxlu yoldaşlarla tanış olacaqsan. Telefon kitabçanda, sosial hesablarında yeni, sağlam münasibətli dostlarının sayı artacaq. Eyni zamanda, kiçik də olsa çox maraqlı macəralar və adrenalin yaşayacaqsan. Təlimçilərin dili ilə desək, stress menecmenti öyrənəcəksən, kommunikasiya menecmentini bir arada praktiki olaraq keçəcəksən. Çünki yeni tanış olduğun 15-20 nəfərlə tanışlıq, kommunikasiya praktiki baş verəcəkdir. Buyur,  yeni 15 adam tanıyırsan, kommunikasiya menecementi üzrə kursu real keç. Eyni zamanda, stresli məqamlar da ola bilər. Məsələn, haykinq etdikdə, aşırım aşdıqda əsəblərin bir qədər tarıma çəkilə bilər. Buyur, döz, dostum. Stress yaşadan məqamları daxildə dəf etməyi və buna dözməyi bacar.

13.Asudə vaxtını dəyərləndir - Asudə vaxt, öldürülmək üçün olan vaxt deyil. Asudə vaxt da işgüzar inkişaf ölçüsünə təsir edən mühüm amildir. Gəl asudə vaxtını səmərəli keçirəcəyin məkanları nəzərdən keçirək. Bəlkə də ən çox şikayətləndiyin səbəblərdən də biri asudə vaxtını səmərəli keçirə bilməməyindir. Hər dəfə bu məsələyə görə deyinirsən, cavanam, gün görmədik deyirsən. Amma gəl öncə müəyyən edək, baxaq ki, asudə vaxtda hansı günü görmək istəyirsən. Bu gün sənin işgüzar inkişaf ölçündə hansı xüsusi rola malikdir. Təsadüfən bu bütün gününün oxumaqla keçməsi mənasına gəlmir, əlbəttə ki. Amma onu da unutmaq olmaz ki, sənə fayda verməyən məşğuliyyətlər boşa zaman sərfindən başqa bir şey deyildir. 4 il sənə uzun zaman kimi görünsə də, bir göz qırpımında keçib gedəcək. Sən 4 ilin sonunda nə əldə edəcəksən, nə etmək istəyirsən,  4il bitdi, bəs sonra? Bax bu suala cavabı, həm də asudə vaxtlarında tapacaqsan.

14.İntizamlı ol – Fizikidağınıqlıq, zehni dağınıqlığa səbəb olur. İntizamlı, sistemli bir həyatın olsun, intizamlı bir gündəliyə malik olsan, özünü hər gün daha da irəlidə hiss edəcəksən. İntizam sənin üçün mühüm rol oynayan ən birinci məsələ olsa, həyatın bütünlüklə asanlaşar. Qrafiklə, sistemlə, bütün dərinlikləri ilə düşünülərək qurulmuş hər bir iş öz mükəmməlliyi ilə həmişə sözünü deyir. Bəzi məsləhətləri xırdalıq kimi görə bilərsən, amma inan ki, addımladığın yolda bu məsləhətlərdən hər biri sənə çox böyük faydalar verəcək. Müasir telefonunda vaxtın planlaması üzrə proqramlar var, öz intizamnı hər zaman planlaşdırılmış ciddi qrafiklərə əməl etməklə qur. İntizamlı olub, işgüzar inkişafına biganə qalamayacaqsansa, bu sənin mükafatın olacaq, yox intizamsızlıq edib, 4 ildə papağı günə verəcəksənsə, o zaman heç bir işgüzar inkişafdan danışmağa dəyməz. Ən yaxşı halda dost-tanış, hər kəs səfərbər olub sənə iş axtaracaq. Amma intizamlı olsan, özün öz işgüzar inkişafını öz intizam sistemində tənzimləyəcəksən.

15.Doğru, dürüst və sədaqətli ol – Dəyərlərinə, dövlətinə, vətəninə, ailənə və çevrənə qarşı hər zaman dürüst ol. Bu dürüstlük səni nəinki bir şəxsiyyət kimi formalaşdıracaq, hətta səni təkrarsız və xarizmatik bir gəncə çevirəcək. Bu xüsusiyyətlərə malik insanları ən böyük xəzinələr belə satın ala bilməz. Şəxsiyyətli olmaq səni getdiyin hər yerdə ucaldar. Bütün bu dəyərləri sən uşaqlıqdan ailə mühitində görüb öyrənirsən. Böyüyüb yad təsirlərlə qarşılaşanda öyrəndiyin dəyərləri itirməsən, deməli, həyatın çətinliklərində əyilmədən irəliləyə bilərsən. Düşünmə ki, hər şey çox rahat alınacaq, əlini atdığın hər işdə uğur qazanacaqsan.

16.Uğursuzluqdan qorxma – Həyatdır. Həyatda gördüyün hər kəs, ağ at belində uğurlara nail olmayıb. Bu gün uğurlu hesab etdiyin hər kəsin həyatda yüzlərlə və minlərlə uğursuzluqları olub. Sənin də uğursuzluqların, məğlubiyyətlərin olacaq, amma mühüm olan hər dəfə yenidən başlamaq cəsarəti göstərmək lazımdır. İstər təhsil sahəsində, istər işgüzar inkişafda qarşılaşdığın hər bir uğursuzluq, sənin üçün yenidən başlamaq üçün gözəl bir şansdır. Əsas odur ki, bu dərslərdən vaxtında və gözəl bir nəticə çıxarasan. Getdiyin yolda rastına gələ biləcək xoşbəxtlik, sevinc, kədər, peşmanlıqlar, məyusluqlar, nailiyyətlər səndən öncəki nəsillərə də tanış xüsusiyyətlərdir. Məhz elə bu səbəbdən problemlərlə qarşılaşdıqda bu problemlərin eksklüziv ünvanının sən olduğunu düşünmə. Axı sən özün-özünü idarə edən, normal bir adamsan. Təbii ki, sənə ipli kuklalar kimi idarə olunmağı tövsiyə etmirəm, amma idarə olunmaqla, nəsihət qəbul etməyi heç vaxt qarışdırma.Universitet həyatına başladığın gündən bəri ailə büdcəsinin planlamasında uğursuz xərclərdən, ailəni və özünü ciddi maliyyə problemlərinə sala biləcək kreditlərdən, əsassız borclanmalardan qaç. Lazımsız xərclərdən qaçmağa çalış, bu vərdişə bəri başdan yiyələnsən, gələcək həyatın daha rahat keçəcək. Bu dediklərimi də simicliklə qarışdırmasan sevinərəm. Təbii, bütün problemlərini ailən və ailə üzvlərinlə bölüş. Ataların və anaların bu problemlərdən çıxış yolu üzrə mütləq və mütləq bir çıxış yolu reseptləri vardır.

17.Lazımsız kitablar oxuma– Karyeran, işgüzar inkişafın və peşəkar kimi formalaşmağında rolu olmayan kitabları əsla oxuma. İxtisasın, böyümək istədiyin istiqamət üzrə kitablar oxu. Bu sahə üzrə işgüzar inkişaf kitablarını da mütləq oxu. Təbii ki, bu iki elementi birləşdirdikdən sonra bu sahədə filmlərə baxmağı da unutma. Bir sözlə, səni böyüdəcək informasiyalarla beynini və qəlbini qidalandır. Nobel alan yazıçıları oxu. Milli yazarlarımızı da oxu. Kitab mağazalarına hər həftə baş çək, kitab almasan da, müasir trendlər barədə məlumatın olsun. Əgər kitab almağa maddi imkanın çatmasa, bu da problem deyil, kitabxanalar və elektron resurslar sənin sərəncamındadır. Sadəcə, yetər ki, bunlardan istifadə üçün niyyətin olsun.

18.Şəhidlər xiyabanını və Fəxri Xiyabanı mütəmadi ziyarət et – Dostum, dünya əbədi deyil, bu sözü, bəlkə də, tanıdığın hər kəsin dilindən eşitmisən. Amma yaşadığımız dünyada bizlərin hər birimizin qəlbində əbədi yaşar insanlar var. Bu insanlar qəhrəmanlarımız, dövlət xadimlərimizdir. Ölkəmizin inkişafında öz imzası ilə iz buraxmış şəxslərdir. Bu əbədi olmayan dünyanın, əbədiyaşar şəxsiyyətlərinin ruhuna hörmət əlaməti olaraq ,Şəhidlər xiyabanımızı və Fəxri xiyabanı mütləq ziyarət et. Əbədi olan nədir sualını məhz bu xiyabanlarda özünə sual et.

19.Qənaət et və yay tətilini Xarici Universitetlərin yay məktəblərində keçir – Hər gün xərclərinə 10 qəpik də olsa qənaət et. Yay tətilində kəndə, rayona, doğmaların yanına getmək, dincəlmək çox yaxşı işdir. Amma yay tətilini işgüzar inkişafın üçün səmərəli keçir. Ölkəmizdə və xaricdə tələbələrin yay tətillərini səmərəli və işgüzar inkişaf yönümlü təşkil edən onlarla şirkətlər və sosial layihələr var. Onlar çox ucuz qiymətə bu səfərləri təşkil edirlər. Sənə bir zəhmət, internetdə bu sahə üzrə axtarışlar apar. Amma mütləq bu sahədə təcrübəli dostların, mentor və müəllimlərinlə məsləhətləş. Çünki kurslar sağlam işgüzar inkişafyönümlü olmalıdır. Çünki avantürist və populist kurslar nəinki karyerana zərbə vurar, həm də qənaətlə qəpik -qəpik yığdığın vəsaitinin israfına səbəb olar.

Hər birinizə böyük hörmətlə, 

Nadir Adilman

Hüquq üzrə fəlsəfə doktoru, Dosent

Biznes mentor, işgüzar inkişaf yazarı