Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-17 12:30:00
Valideynlər üçün SOS siqnalı: “Məktəbdə bunlara mütləq qadağa qoyulsun!”  

Yeni dərs ilinin başlanması birincilərin rejim dəyişməsinə səbəb olub. Gündəlik qidalanma, yuxu, istirahət rejimlərinin dəyişməsi əksər şagirdin məktəbə uyğunlaşmaqda çətinlik çəkməsi ilə nəticələnib.

Bəs, övladının məktəblə asanlıqla dostlaşması üçün valideyn hansı məqamlara diqqət etməlidir?

“Özümüzü aldatmayaq”

Mövzu ilə bağlı AzEdu.az-a danışan pediatr Günay Rəsulova bildirib ki, məktəbə yeni başlayan uşaqların sevinməklə yanaşı, məyus olmamaları üçün, il ərzində zehni yüklənməmələrinə çalışmaq lazımdır:

“Məktəbə yeni başlayan uşağı əlavə bir neçə fənn hazırlığına, özfəaliyyət kurslarına göndərməyin onu yormaq və oxumaqdan, təhsildən iyrəndirməkdən başqa nəticəsi olmayacaq. Yorğun halda dərsdən çıxıb kursa gedən uşağın beyni heç bir informasiyanı qəbul edə bilmir. Valideynlərə məsləhət görürəm ki, özümüzü aldatmayaq.

Psixoloqların məsləhətinə görə, uşaq dərsdən əlavə, yalnız bir fəaliyyət növü ilə məşğul ola bilər. O da, həvəsi varsa”.

Zərərli qida almaq üçün övladına pul verən valideynlər

Pediatr zehni qabiliyyət üçün məktəblərin havalandırma sistemini də əsas gətirib:

“Məktəb sinif otaqlarının havası mümkün qədər tez-tez dəyişilməlidir. Eşitdiyimə görə, I sinfə 42-45 şagird qəbul edən məktəblər var. Bu, birmənalı olaraq yanlışdır. Bu formada zehni fəaliyyət uşağı mütləq  yoracaq.

Məktəblilərin qidalanması da başqa bir dərddir. Valideynin övladına məktəbdən zərərli qidalar alıb yeməsi üçün pul verməsinin qətiyyən əleyhinəyəm. Çünki paket qidalar həm zəhərlənmə riski yaradır, həm də uşağın sağlamlığına ziyan verir. Şəkərli, yüksək konservant aromaziator, dadlandırıcılar qatılmış qidalar azyaşlının sağlamlığı üçün risk faktorudur”.

“Məktəblərdə zəhərli “peraşkilərin” bişirilməsinə qadağa qoyulsun”

O, qidalanma çantasının vacibliyinə diqqət çəkib:

“Analar övladlarına qidalanma çantası hazırlamalı, səhər yeməyini yemədən məktəbə göndərməməlidirlər. Qeyri sağlam qidalanma yaddaşı zəiflədir. Birinci və ya yuxarı sinif şagirdi olmasından asılı olmayaraq, mütləq qidalanma çantası olmalıdır. Dərs arası yemək üçün qidalar mütləq evdən qoyulmalıdır. Uşağın sağlamlığı üçün risk daşımayan, faydalı qidalara üstünlük verilməlidir. Qida çantasında içkilərdən yalnız suyun olması düzgündür.

Bundan əlavə, məktəb bufetlərində satılan, 10 dəfə yanmış yağda bişirilən, iyi məktəbi bürüyən zəhərli “peraşkilərin” bişirilməsinə qadağa qoyulsa, yaxşı olar. Məktəblərdə zərərli konservant içkilər, kolbasa və çörək, şəkərli, şokoladlı qidaların satışına qadağa qoyulmalıdır. Az da olsa, kiminsə biznesini deyil, öz gələcəyimizi düşünək. Sağlıq hər şeydən əsasdır”.

Pediatr onu da qeyd edib ki,  şagirdin ən geci 22:30-da yatması məsəhətdir. Yuxu rejiminə mütləq diqqət yetirilməlidir.

Çünki bu rejimin pozulması azyaşlının yaddaşına, immunitetinə də təsir göstərir.

Qeyd edək ki, yeni tədris ilindən ölkənin ümumi təhsil müəssisələrinin I sinfində 164 234 şagird təhsil alacaq.  

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları