Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-17 09:27:00
Bilik günündə tavanı uçan məktəblə bağlı rəsmi açıqlama: “Xəsarət alan yoxdur, amma...”

 

Mediada Goranboy rayon Bolsulu kənd orta məktəbinin qəzalı vəziyyətdə olması, ilk dərs günündə problem yaşanması ilə bağlı məlumatlar yayılıb.

Məlumata görə, elə ilk dərs saatında II siniflərin dərs aldığı otağın tavanı uçub. Hadisə xəsarətsiz ötüşsə də, məktəbin qəzalı vəziyyətdə olması müzakirələrə səbəb olub.

AzEdu.az hadisəni dəqiqləşdirmək məqsədilə Goranboy Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. Şöbə müdirinin köməkçisi Teymur Həsənov yayılan məlumatı təsdiqləyib. Amma bildirib ki, hadisə dərs zamanı baş verməyib:

“Goranboy rayon Bolsulu tam orta məktəbi 3 korpusdan ibarətdir. Birinci korpusu bir əsr əvvəl, ikinci korpus 1967-ci ildə, üçüncü korpus isə 2004-cü ildə istifadəyə verilib. Hazırda məktəbin ikinci korpusu qəzalı vəziyyətdədir.

Bu gün səhər məlum olub ki, axşamdan yağan yağış nəticəsində sinif otağının tavanından bir hissə qoparaq yerə düşüb. Amma hadisə heç bir xəsarətə səbəb olmayıb. Çünki gecə vaxtı baş verib.

Həmin korpusun şagirdləri təhsillərini növbəli şəkildə digər korpuslarda davam etdirəcəklər”.

Teymur müəllimin sözlərinə görə, məktəbin birinci və ikinci korpuslarının tam yararsız olduğunu nəzərə alaraq, yeni binanın tikintisi üçün müraciət edilib:

“Düzdür, tavanın həmin hissəsini təmir ediblər, amma məktəb qəzalı vəziyyətdədir.

Təmiri ilə bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Dövlət proqramı ilə yeni məktəb binasının tikintisi nəzərdə tutulub. Tikilməsi planlaşdırılan digər məktəblər də var. Yəqin, proses mərhələli şəkildə həyata keçirilər”.

Qeyd edək ki, Boluslu kənd məktəbi Goranboy-Naftalan yolunun kənarında yerləşir. Məktəb 250 şagird üçün nəzərdə tutulub.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları