Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-16 17:50:00
Övladlarından da həyəcanlı olan valideynlər- “Kaş ki, məktəbli formasını biz hazırlayardıq” -FOTOLAR  

Bilik günü məktəb həyatına qədəm basan birincilər səbirsizliklə, sevinc və həyəcanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılayacaqları bir gündür.

Bu gündə birincilərlə yanaşı, valideynlərdə də xoş əhval-ruhiyyə, həyəcan doğurur.

AzEdu.az  övladını birinci sinfə gətirən valideynlərin təəssüratlarını öyrənib:

Valideyn Valeh Məlikəliyev bilik günü sevincini  ikinci dəfə yaşadığını, ona görə də çox həyəcanlı olmadığını bildirib:  

“Özüm bu məktəbin məzunuyam.  Sevinirəm ki,  uşaqlarım  burada oxuyacaqlar.  Məktəbin şəraitindən, təşkilatçılığından razıyam. Bütün müəllimləri tanıyıram.  Övladıma dərs keçəcək ibtidai sinif müəllimini də özüm müəyyənləşdirmişəm.  Sinifdə şagirdlərin sayı çox olsa da, dərsi çatdırmasında, yəqin ki,  problem olmayacaq”.

O, qızının bu günü çox səbrsizliklə gözlədiyini deyir:

“Məktəbə günlər qalmış tez-tez məktəbli formasını geyinib bizə, evə gələn qonaqlara sevinclə göstərirdi.  Artıq məktəbə hazır vəziyyətdədir. Məktəbəqədər hazırlığa getməyib, amma bağçada hazırlıq keçib, oxumağı yazmağı bilir”. 

Günlərin üstündən xətt çəkmək sevincini daha da artırırdı. Biləndə ki, artıq üç gün qalıb çox sevindi.

Səmədova Zəkiyyə   ilk övladını məktəbə gətirdiyi üçün oğlu qədər həyəcanlı olduğunu bildirib:

“Məktəbə gəlməyi  sevinclə gözləyirdi. Özünə təqvim  tərtib etmişdi. Son bir həftə qalmış günləri sayırdı”.

O, həmçinin sinifdə şagird sayının çox olmasından narahatdır.  Bu barədə məktəb rəhbərliyi ilə maraqlandığını, siniflərin sayının məhdud olduğunu, sonralar tədbirlər görüləcəyi haqqında məlumat verildiyini bildirdi.

Valideyn olaraq evdə üç uşağımın dərslərinə köməklik etməkdə çətinlik çəkirəm.  Müəllim necə bacarsın?

Əbdül Axundov artıq üç ildir ki, uşaqları ilə  bərabər bilik günün qeyd etdiyini, ona görə həyəcanlı olmadığını bildirib:

“Sadəcə, son uşağımı da məktəbə gətirdiyim üçün sevincliyəm. Birinci qızımı ilk dəfə məktəbə gətirəndə  bizdən ayrıla bilmirdi. Onu sinifdə  qoyub qayıdanda ağlayırdı ki, məni də aparın.  Amma indi sonbeşik qızım bacıları burdadır deyə özünü narahat hiss etmir. O, məktəbəqədər hazırlığa gedib, artıq məktəblə, müəllimlə sinifdəki uşaqların çoxu ilə tanışdır. Sadəcə bu gün ona əyləncəli gəlir”. 

Ə.Axundov da sinifdə şagird sayından, məktəbli formalarının keyfiyyətindən narazı olduğunu qeyd etdi.

O, hesab edir ki, şagird sıxlığı dərsin keyfiyyətinə də mənfi təsir göstərir:

“Müəllimin dərsi tam çatdıra biləcəyindən əmin deyiləm. Bu mümkünsüz görünür. Məktəbdə öyrənilən mövzulara evdə nəzarət edilməsə, ümumiyyətlə, şagird heç nə qazana bilməz.

 Məktəbli formalarından keyfiyyət baxımından  razı deyiləm. Sintetik parçadan tikilib. Bu sağlamlıq cəhətdən ziyanlıdır. Uşaqların dərisi nəfəs almır, allergiya baş verə bilər. Məktəbli formasını tikdirməyi valideynlərə həvalə etsəydilər, daha yaxşı olardı”.

Bizim məktəb illərimizdə  olduğu kimi qara ətək,  ağ köynək daha səliqəli görünürdü.

Valideyn Nərgiz Məmmədova bu gün qız övladını məktəbə gətirməyin sevincini yaşayır. O, övladından daha həyəcanlı olduğunu bildirib:

“Məktəb mühitinə öyrəşdiyi üçün başqa uşaqlar kimi ağlamadı. Çox tez alışdı.  Bu məktəbə gələnə qədər müxtəlif bağçalara, kurslara gedib. Ona görə ona yeni b mühitdə  olmaq  qeyri-adi gəlmir.  Övladım rus bölməsində təhsil alacaq. Müəllimi ilə də bu gün tanış oldum.Təhsilin yaxşı olacağına inanıram”.

 Lakin N.Məmmədova  “Bilik günü” tədbirini bəyənmədiyini,  çox qarışıqlıq olduğunu qeyd etdi. O hesab edir ki,  məktəbli forması da estetik cəhətdən xoş görünmür.  

 

Ayşə Müseyib