XƏBƏRLƏR

16.09.2019 15:49
Bu il nə qədər gəncimiz xaricdə təhsil alacaq? - Ən çox gedilən ölkələr  

Sentyabrın 16-sı Azərbaycanda yeni tədris ilinin ilk dərs günüdür.

Xatırladaq ki, 2019-2020-ci tədris ilində orta məktəblərdə 1 525 016 şagird təhsil alacaq.

Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird oxuyacaq.  Ölkənin ümumi təhsil müəssisələrinin I sinfində 164 234 şagird təhsil alacaq.

Maraqlıdır, bəs xaricdə təhsil şirkətləri bu gün nə qədər tələbəni xaricdə təhsil üçün yola salıb?

AzEdu.az bununla bağlı xaricdə təhsil şirkətlərinin rəhbərləri ilə əlaqə saxlayıb:

“Global Learning  Center” (GLC)  təhsil şirkətinin direktoru Pərviz İsmayıllı bildirib ki, bu gün xaricdə təhsil üçün bizə müraciət edən 100 tələbəmizin ilk dərs günüdür: 

“Tələbələrimiz daha çox Türkiyənin dövlət universitetlərində təhsil almaq üçün müraciət ediblər.

Bu il tələbələr daha çox tibb, mühəndislik, kənd təsərrüfatı sahələri üzrə təhsil almağa üstünlük veriblər.

Təhsil şirkəti olaraq  bizə müraciət edən tələbələrin yalnız qəbul prosesini həyata keçirmirik.  Hətta tələbələrimizin  sağlamlıq sığortası, miqrasiya, xidməti, yataqxana və evlə  təmin olunması da şirkətimiz tərəfindən qarşılanır”.

“UCSAS”  xaricdə təhsil şirkətinin rəhbəri Həsən Əliyevin sözlərinə görə, öncəki illərdə olduğu kimi bu il də xaricdə təhsil üçün daha çox oğlanlar müraciət edib:

“Şirkətimizə müraciət edən 73 tələbənin bu gün ilk dərs günüdür. Bu il  gənclərimiz daha çox Türkiyədə təhsil almağı hədəfləyib. Həmçinin, Polşa, Almaniya, Litva, ABŞ-da təhsil alan tələbələrimiz də kifayət qədərdir. Xaricdə təhsil almağı hədəfləyən gənclər daha çox humanitar ixtisaslara üstünlük verirlər. Öncəki illərdə olduğu kimi bu ildə xaricdə təhsil üçün daha çox oğlanlar müraciət edib.

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev də  təəssüf hissiylə bildirib ki, bu il də xaricdə təhsil üçün daha çox oğlanlar müraciət edib:

“Study in Turkey” olaraq bizə müraciət edən 480 tələbəni  Türkiyədə təhsil alması üçün göndərmişik. Xaricdə bakalavr səviyyəsi üzrə təhsil almaq istəyənlər daha çox tibb, diş həkimliyi, turizm, mühəndislik sahələrində oxumağı hədəfləyirlər. Təəssüf ki, öncəki illərdə olduğu kimi bu il də xaricdə təhsil üçün müraciət edənlər daha çox oğlanlardır”.  

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu