Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-16 14:10:00
LDU-da yeni tələbə yataqxanası və tədris  korpusları istifadəyə verildi - FOTOLAR  

Təhsil nazirinin müavini Firudin Qurbanov Lənkəran Dövlət Universitetinin yeni tələbə yataqxanasının və tədris  korpuslarının açılışında iştirak edib.

AzEdu.az xəbər verir ki,  tədbir iştirakçıları açılış mərasimindən əvvəl Lənkəran şəhərinin mərkəzində ümummlili lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edib, önünə təzə-tər çiçəklər düzüblər.

Lənkəranın Şıxəkəran kəndində inşa olunmuş yeni tədris binasının açılışından sonra rəsmilər Lənkəran Dövlət Universitetində (LDU) tələbə yataqxanasının  və 2 yeni tədris binasının açılış mərasiminə qatılıblar.

Rayon rəsmilərinin, universitetin professor-müəllim-tələbə heyətinin, rayon ictimaiyyətinin nümayəndələrinin, valideynlərin iştirak etdiyi açılış mərasimini  LDU-nun rektoru vəzifəsini icra edən  professor Natiq İbrahimov açaraq  iştirakçıları cari tədris ilinin başlanması, “Bilik Günü”, yeni tədris korpuslarının və tələbə yataqxanasının istifadəyə verilməsi münasibəti ilə təbrik edib.

Universitet rəsmisi 2 yeni tədris binasının və 160 yerlik tələbə yataqxanasının istifadəyə verilməsini LDU-nun həyatında əlamətdar hadisə kimi dəyərləndirərək bildirib ki, bu, tədrisin keyfiyyətinin yüksəlməsinə, kadr hazırlığına müsbət təsir göstərəcək, digər regionlardan gələn tələbələrin mənzil probleminin həllinə yardımçı olacaq.

Natiq İbrahimov qeyd edib ki, yeni tədris binalarının istifadəyə verilməsi fakültələrin ayrıca tədris korpusları ilə təmin olunmasına şərait yaradıb. Universitet rəsmisi I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını deyib, LDU-da son illərdə aparılan çox istiqamətli işlərdən söz açıb, müəllimlər üçün xidməti evlərin inşa olunmasını, turizm tədris bazasının yaradılmasını,yeni modern laboratoriyaların alınmasını, 2 tədris korpusunun və tələbə yataqxanasının istifadəyə verilməsini ölkədə təhsilə göstərilən qayğının əməli nəticəsi adlandırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında  “Bilik Günü” və tələbə yataqxanası, yeni tədris korpuslarının açılışı münasibətilə universitetin professor-müəllim heyyətini, tələbələri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb,bildirib ki, Azərbaycanda təhsil sahəsi daim dövlətin diqqətindədir, ölkə başçısı cənab İlham Əliyev təhsilə  inkişafın prioritet  istiqaməti kimi qayğısını əsirgəmir. Son 15 il ərzində 3200 yeni məktəb binasının inşa olunması, ali təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, təhsilə maliyyə dəstəyinin gücləndirilməsi bu qayğının bariz nümunəsidir.

F.Qurbanov universitetdə tələbə yataqxanasının istifadəyə verilməsini yüksək dəyərləndirərək, bunun tələbələrin  mənzil-məşət şəraitinin yaxşılaşdıracağına müsbət təsir göstəcəyin deyib. 48 tələbə yataqxanasından 27-də qaçqınların məskunlaşması, 13-nün təmirsiz olması səbəbindən hazırda ölkə üzrə cəmi 8 tələbə yataqxanası fəaliyyət göstərir ki, bu da narahatlıq doğurmaya bilməz. Ona görə də tikilən hər yeni yataqxana binası bu istiqamətdə atılan  mühüm addımdır.Yeni tədris korpuslarının inşa olunmasının müəllimlərin iş, tələbələrin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən F.Qurbanov ölkədə təhsilin inkişafı istiqamətində aparılan işlər barədə də ətraflı danışıb.

Lənkəran Şəhər icra Hakimiyyətinin başçısı Taleh Qaraşov,   Lənkəran Dövlət Universitetinə yüksək balla  qəbul olunmuş tələbə Leyla Məmmədli, valideyn Qədim Abbasov çıxış edərək tələbə və müəllimləri yeni dərs ilinin başlanması, tələbə yataqxanası və yeni tədris korpuslarının açılışı münasibətilə  təbrik ediblər.

Qeyd edək ki,  bu ilki qəbulda respublika üzrə ən gənc tələbə -Miryusif Feyzullazadə  LDU-nun turizm və otelçilk ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

Tədbirdə  ən gənc və ən  yüksək bal toplamış tələbələrə planşetlər hədiyyə olunub.

Daha sonra rəmzi qırmızı lent kəsilib. Təhsil Nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar tələbə yataqxanasında və yeni tədris korpuslarında yaradılmış şəraitlə  tanış olublar. Açılış mərasimlərindən sonra F.Qurbanov Lənkəran Dövlət Universitetinin professor-müəllim kollektivi ilə dəyirmi stol arxasında görüş keçirib. Diskuyssiya şəraitində keçən görüşdə təhsillə bağlı məsələlər müzakirə edilib.

Məlumat üçün deyək  ki, 160 yerlik tələbə yataqxanasında tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb, otaqlar zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub. Yataqxanada idman zalı, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq. Yataqxana binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Tədris korpusları da müasir tədris avadanlıqları, laboratoriyalarla təmin olunub, informatika kabinetləri, kitabxana, oxu və idman zalları yaradılıb.

Xatırladaq ki, hazırda LDU-da 31 ixtisas üzrə 3875 bakalavr və magistr təhsil alır. 2019-2020-ci  tədris ilində  Lənkəran Dövlət Universitetinə   1200-ə qədər bakalavr və 67 magistr qəbul olunub.