Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-16 13:55:00
Qarabağ Universiteti Bərdədə açılacaq - Millət vəkili   

Bərdədə Qarabağ  Dövlət Universitetinin yaradılması ideyası bir neçə dəfə Milli Məclisdə təklif olaraq səsləndirilsə də, sonradan bu məsələyə toxunulmayıb.

Görəsən, Qarabağ Dövlət Universitetinin yaradılmasının əhəmiyyəti nə ola bilər?

Qarabağ Dövlət Universitetinin yaradılması ilə paytaxtdakı sıxlığı aradan qaldırmaq mümkündürmü?

AzEdu.az xəbər verir ki, Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov  mövzu ilə bağlı Modern.az-a deyib ki, ali təhsil müəssisəsi üçün ən mühüm strateji ünvanlardan biri Qarabağ bölgəsidir:

“Bu bölgədə həmişə müxtəlif məktəblər olub. Sovet dövründə  Şuşada texnikum fəaliyyət göstərib.  Bu gün isə Qarabağ bölgəsi işğal altındadır. Bərdədə Qarabağ Universitetinin yaradılması ideyasını ancaq alqışlamaq olar. Hesab edirəm ki, bu, əsaslandırılmış mövqedir.  Bərdə həmişə  mərkəz funksiyasını daşıyıb.  İqtisadi və mədəni cəhətdən insanları birləşdirir. Bərdə bu gün də 100 mindən çox əhalisi olan rayondur. Ətraf rayonlarda Bərdənin əhalisi qədər məcburi köçkün məskunlaşıb. Hesab edirəm ki, universitetin orda açılması daha məqsədəuyğun olar”.

Elman Məmmədov qeyd edib ki, Qarabağ Universitetinin Bərdədə yaradılması  gələcəkdə paytaxtdakı sıxlığı da aradan qaldıra bilər:

“Ümumilikdə, bütün təhsil ocaqlarının paytaxtda yerləşməsi paytaxtın  yükünün çoxalmasına səbəb olur. Qarabağ bölgəsində yaşayan tələbənin Bakıya gəlməkdənsə, Bərdədə təhsil alması daha yaxşıdır. Qarabağ ətrafında qonşu rayonlar var ki, orada yaşayan ailə övladının Bakıda deyil, Bərdədə təhsil almasını istəyər. Bəziləri elə başa düşür ki, Qarabağ Dövlət Universitetinin yaradılması ancaq Qarabağla bağlı olacaq. Elə deyil. Sadəcə, universitetə  Qarabağın adı verilir. Universitetdə müxtəlif fənlərin tədris olunması nəzərdə tutulur".